dünyasını dəyişən azyaşlı
08 oktyabr 2021 21:20 (UTC +04:00)

dünyasını dəyişən azyaşlı

Əməliyyatdan sonra ölən körpənin HƏKİMİ DANIŞDI: "Əlimizdən gələni etdik, ancaq..."

Ürək əməliyyatından sonra ölən körpənin həkimi ananın onun barəsində səsləndirdiyi iddialara cavab verib. 

''Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi''nin rəhbəri Elnur Həsənov Lent.az-a açıqlamasında bildirib ki, körpənin atası bir neçə dəfə əməliyyatla bağlı ona müraciət edib: “Onlara izah etmişdim ki, əməliyyat risklidir və bundan bir neçə dəfə imtina etmişdim. Uşaqla bağlı onu da deyim ki, körpə ana bətnində olanda bilinib ki, ürəyində qüsur var və daun sindromludur. 

Onlar bizə ilk dəfə müraciət edəndə bildirdim ki, körpə təxminən 3 aylıq olanda əməliyyat olunmalı idi və artıq gecdir. Atası çox adekvat insandır. Bunların hamısını nəzərə alaraq mənə bildirdi ki, əlimizdən gələni edək. Bunlar sənədləri imzaladılar. Dəfələrlə və dönə-dönə dedim ki, uşaq ölə bilər. Düzdür, şans çox az olsa da var idi. Mən demişdim ki, əməliyyatdan uğurlu çıxsa, hər şey yaxşı olsa uşaq gəzəcək”. 

Həkim onu da qeyd edib ki, uşağın ağciyərində əvvəlcədən problem olub: “Ağciyər artireyasında yüksək hipertenziya var idi. Onun problemi olmasaydı, başqa xəstəxanada ağciyərindən müalicə almazdı. Bunların hamısı sənədlərdə var. 

Əməliyyatla bağlı bildirim ki, hər şey çox normal keçmişdi. Dinamika yaxşı idi və süni nəfəs aparatından da ayırmışdıq. Mən hər gün deyirdim ki, biraz dözək yaxşılaşacaq. Sonradan isə uşaqda problemlər olmağa başladı və yenidən onu aparata qoşduq. Amma ciyərinə maye yığıldı və bu ürək çatışmazlığının göstəricisi idi. Biz yenidən müalicəyə başladıq. Atasına da dedim ki, uşağın vəziyyəti pisləşir. Sona qədər əlimizdən gələni etdik, ancaq buna baxmayaraq körpə dünyasını dəyişdi”.

***

Saat 19:01

Azərbaycanda 1 yaş 9 aylıq uşaq əməliyyatdan sonra ölüb.

Bu barədə Lent.az-a körpənin anası Nuranə Cəfərova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə ürək qüsurlu dünyaya gəlib:

“Elmi dillə desək, "Fallo Tetradası" diaqnozu qoyulmuşdu. Dünyaya gələn gündən həkimlər çox az müddətdə yaşayacağını bildirirdilər. Ölkədə bir çox tanınmış ürək cərrahları (Rəşad Mahmudov, Kamran Musayev, Vəli Behbudov və s.) əməliyyatdan imtina edirdilər, səbəb kimi əməliyyatdan sağ çıxmaq şansının olmaması idi. 

Ürək qüsurlu olduğundan Raul inkişafdan da qalmışdı, yeriyə bilmirdi. Lakin ayaqları çox aktiv idi. Əməliyyatdan sonra yerimək şansı da yüksək idi.

Sonra ''Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi''nin rəhbəri Elnur Həsənov əməliyyatı edə biləcəyini bizə bildirdi. Elnur doktor sentyabrın 15-də səhər 8-də övladımı biz görmədən tez-tələsik əməliyyat otağına saldı. Əməliyyatdan əvvəl övladımı görmək istədiyimi bildirdikdə, əməliyyatdan imtina edəcəyini dedi və mən də əməliyyatı üçün övladımı görməkdən imtina etdim. Əməliyyat, dediyinə görə, uğurla başa çatdı. Bir gecə təhlükəsi var, əgər bu gecəni atlatsa, hər şey əla olacaqdı. Lakin gecə uşaq kliniki ölüm keçirib və təcili təkrar əməliyyata alınıb. Bütün bu olanlardan biz səhəri gün xəbər tutduq, iradımızı bildirdik. Həkim hər şeyin yaxşı olduğunu qətiyyətlə bildirərək bizi sakitləşdirdi”.

N.Cəfərova qeyd edib ki, hər gün bir dəfə səhər saat 8-də bir dəqiqə uşağı görmək imkanları olub:

“Raul süni nəfəs aparatında idi. Dedikləri bu idi ki, göstəricilər normaldır, yaxşılaşdırmaq üçün süni nəfəs aparatına bağlamışıq. Günlər beləcə davam elədi, uşaq reanimasiyada yatılı halda orta ağır vəziyyətdə yaşamaqla mübarizə aparırdı. Artıq 2 həftə tamamlandı. Raul həmin iki həftədə üç gün gözü açıq oldu (süni nəfəs aparatından ayırmışdılar) və heç bir reaksiya vermirdi. Halbuki çox aktiv uşaq idi. Həkim bizə uşağa xüsusi keyidici iynələrin vurulduğunu bildirdi. Hərəkət edərsə, yarasını əzə biləcəyini söylədi. Çox narahat idik, lakin həkim yaxşı olduğunu və yaxın günlərdə palataya köçürəcəyini bildirdi. 

Həkim 14-cü gün (şənbə günü) bildirdi ki, həftənin 1-ci günü Raul palataya yerləşdiriləcək. Biz də bazar günü hazırlıqlar görüb, növbəti günə sevinclə hazırlaşırdıq. Qeyd edim ki, bazar günü görüş olmurdu. 1-ci gün xəstəxanaya getdikdə bildirdilər ki, uşağın vəziyyəti pisləşib, təkrar süni nəfəs aparatına bağlanıb, səbəb olaraq ağciyərinə su yığıldığı deyildi. Reanimasiya otağına keçdim, Raulun gözlərini bintlə bağlayıb təkrar aparatlara qoşmuşdular. Raul çox şişmişdi. Həkimə haqlı olaraq iradımı bildirdikdə, "imkan ver, müalicə aparırıq, uşağın ciyərləri ürəkdən gələn yeni damarı qəbul etmədi, ciyərlərinə su yığılıb, suyu çəkirik, yaxşı olacaq", - dedi”.

Körpənin anası əlavə edib ki, əməliyyatdan sonra 17-ci gün səhər saatlarında şöbədə işləyən digər həkim anasına yaxınlaşaraq uşağın can verdiyini, göstəricilərin aşağı düşdüyünü, bir neçə saata öləcəyini bildirib:

“Təkrar Elnur doktorun qəbuluna getdik, bizə "siz buna hazır olmalı idiniz", "mən sizə riskli olduğunu bildirmişdim" kimi özünü müdafiə edən sözlər deməyə başladı. Baxmayaraq ki, bizə uşağın yaxşı olacağını vəd etmişdi. Yenə də müalicə etdiyini bildirərək bizə səs-küy salmamağımızı bildirdi. Günorta saat ikinin yarısı həkimə zəng etdik, bizə uşağın yarım saata öləcəyini bildirdi və artıq xəstəxanada deyildi həkim. Adətən, xəstə ölürsə, doktor aradan çıxır, sonra ailəyə məlumat verilir. Biz uşağımızı son dəfə görmək üçün reanimasiya otağına keçmək istədiyimizi bildirdik. Daha əvvəl razı olmadılar, sonra dava saldıqda buraxdılar. İçəri keçdikdə şok keçirdik. Uşaq tanınmaz halda, həddindən artıq şişmiş və gözləri şişib sarıqdan çölə çıxmışdı, taxta kimi, bədəni buz bağlamışdı. Raul çoxdan vəfat etmişdi. Bizi "ölməyib" deyib aldadırmışlar. Yoldaşım səs-küy saldıqdan sonra Raulu süni nəfəs aparatından ayırdılar. Raul səhər tezdən vəfat edibmiş. Bizə isə "yaşayır, ölməyib" deyirdilər. Raulun ciyərləri xəstə deyildi, ölüm səbəbi kimi ciyərlərini dedilər. 

Mənim balama nə oldu, necə öldü? Hələ də məntiqli cavab tapa bilmirəm. Biz o xəstəxanada olduğumuz 17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi. Sanki xəstə uşaqların üstündə sınaq aparırdı. Uşaq üçün yeməklər aldırmışdılar. Vəfatından sonra yeməkləri də qaytarmışdılar. Baxırıq ki, yeməklər heç açılmayıb. Bəs, bu 17 gündə uşağa nə veriblər? Bəlkə də heç nə verilməyib. Mənim uşağım bütün xəstəliklərə qalib gəlmişdi, əgər ona reanimasiyada yaxşı baxılsaydı, ölməzdi. Danışmaqda məqsədim odur ki, bir də kimsə övladını o həkimin, cəlladın əlinə verməsin”.

Mövzu ilə bağlı ''Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi''nin rəhbəri Elnur Həsənovla əlaqə saxladıq. O, Lent.az-a açıqlamasında iddiaları qəbul etməyib:

“Nuranə Cəfərovanın yazdıqları həqiqəti əks etdirmir. Bu dəqiqə başqa yerdəyəm və danışa bilmirəm. Hadisə ilə bağlı ətraflı məlumat almaq üçün mərkəzimizə yaxınlaşa bilərsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29898
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar