Sosial şəbəkələrdə xaricdə xəstəxanada beyin ölümü diaqnozu qoyulmasına rəğmən əllərini, qolların hərəkət etdirən şəxsin videoları paylaşılıb. Həmin kadrlara “beyin ölümü diaqnozu deyilən məhfum yoxdur”, “beyin ölümü olsa da, orqan donorluğu anında ağrı hiss edilir”, “orqan donorluğu zamanı gözdən yaş axır”, kimi rəylər yazılıb.
Bu isə orqan donoru olmaq istəyən şəxslərdə dönüb, arxaya baxmaq, bu barədə yenidən düşünmək hissləri formalaşdırıb.
Bəs görəsən, beyin ölümü zamanı insanın sinir sistemi işləyirmi? O ağrı və kəsikləri hiss edə bilirmi?
Lent.az-ın araşdırmasına əsasən, beyin ölümü, insanın böyük beyni, beyincik və beyin kötüyünün bütün funksiyalarının tam və geridönməz şəkildə dayanması:
Beyin ölümü ilə koma vəziyyəti eyni deyil. Beyin ölümü keçirmiş insanlarda ağrı hissi, şüur, reflekslər sıradan çıxır. Onlar yalnız süni ventilyasiya cihazı ilə nəfəs ala bilirlər. Bu isə təəssüf ki, insanın yenidən həyata qayıdacağı anlamına gəlmir.
Bəs beyin ölümü keçirən insan orqan donoru olarsa, ağrı hiss edərmi?
Beyin ölümü keçirən insanlar ağrı hiss etmirlər. Çünki ağrı hissini formalaşdıran sinir mərkəzləri ölüm anında fəaliyyətsiz vəziyyətdə olur, şüur itir.
Orqan nəqli zamanı gözdən yaş axması nə ilə bağlıdır?
Ölüm anında fizioloji reaksiyalar müşahidə oluna bilər, lakin bunlar refleks deyil, orqanların qorunması üçün verilən dərmanlara bağlı reaksiyalardır.
Azərbaycanda insanın beyin ölümü keçirdiyi necə müəyyən olunur?
Bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında verilir. Həkim briqadası müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən ( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur.
Beyin ölümü faktının təyin edilməsi ölümün baş vermə tarixi, saatı, ölümün necə təyin olunduğu ( hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokolu donor orqanının alındığı tibb müəssissəsində 15(on beş) il saxlanmalıdır.
Beyin ölümü bəzi hallarda faciə sayılsa da, eyni zamanda donorluq yolu ilə bir neçə insanın həyatını xilas etməyə imkan verir. Bir insanın qaraciyəri, ürəyi, böyrəkləri, hətta göz buynuz qişası belə başqa xəstələrə köçürülə bilər.