Donor az, orqana ehtiyacı olan çox - ARAŞDIRMA
23 may 2025 14:31 (UTC +04:00)

Donor az, orqana ehtiyacı olan çox - ARAŞDIRMA

Lent.az APA-nın araşdırmasını təqdim edir:

 

Transplantasiya sahəsində mövcud problemlər

Sirr deyil ki, orqan transplantasiyası sahəsində hələ də çatışmazlıqlar, vətəndaşları narazı salan məqamlar mövcuddur. Transplantasiya əməliyyatlarının kifayət qədər bahalı olması, sağlığında orqanlarını bağışlamaqla bağlı müraciət edənlərin sayının azlığı, insanların çoxunun yaxınlarının vəfatından sonra orqanlarını bağışlamağa icazə verməməsi və s. kimi hallar bu prosesin inkişafını ləngidir.

Azərbaycanda aparılan uğurlu transplantasiya əməliyyatları

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, cərrah-transplantoloq Mircəlal Kazımi APA-ya deyib ki, yuxarıda qeyd olunan hallarla bərabər, Azərbaycanda transplantasiya sahəsində ciddi irəliləyiş var: “12 dekabr 2008-ci il tarixində Azərbaycanda ilk dəfə uğurla canlıdan qaraciyər transplantasiyası icra olunub. 2011-ci ildə də böyrək transplantasiyası uğurlu şəkildə icra edilib. O gündən bəri 1500-ə yaxın insan üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub. Bu əməliyyatlar içərisində müxtəlif yaş qrupunda olan 7 aylıq körpədən tutmuş, yaşlı insanlara qədər orqan köçürmə etdirən xəstələrimiz var. Qaraciyər transplantasiyası etdirən ən kiçik yaş qrupuna aid olan xəstə 7 aylıq körpədir. Böyrək transplantasiyası isə 4 yaşlı uşaq üzərində icra olunub. Bu xəstələrin hamısı ölümə tərk edilmiş insanlar idi. Amma əməliyyatdan sonra sağlamlıqlarına qovuşdular”.

Transplantasiya haqqında yeni qanunvericilik bazası

2020-ci ildə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yeni Qanun qəbul edilib. Prezident İlham Əliyevin Fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib. Qanuna əsasən canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürmək mümkündür.

Bu qanun çərçivəsində orqan donorluğu və transplantasiya sahəsində hüquqi baza təkmilləşdirilib, donor banklarının yaradılması, maarifləndirmə işləri və tibbi infrastrukturun inkişafı istiqamətində addımlar atılıb.

Donor az, orqana ehtiyacı olan xəstə çox...

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, bu yöndə hüquqi tələblər çərçivəsində bir insanın belə həyatının xilas edilməsini mütləq təmin etmək lazımdır: “Bu, bir tərəfdən konkret şəxslərin sağlamlığı üçün müəyyənləşmiş tədbirlər olsa da, digər tərəfdən son dərəcə həssasdır. Birinci növbədə donorlar azdır, amma Azərbaycanda orqana ehtiyacı olan xəstələr çoxdur. Məsələn, ABŞ-da bununla bağlı açıq sorğular və nəticələri var. ABŞ-da əksər şəxslər qəfil, qəza və digər şəkildə ölərsə, bu halda orqanlarının transplantasiya məqsədilə istifadəsinə qanunvericilik imkan verir. Bizim ölkəmizdə bu mövzuda bir sıra çağırışlar olub, xüsusilə də gənc şəxslərin ölümündən sonra bu cür addımların atılmasının zəruriliyi vurğulanıb. Ancaq açıq demək lazımdır ki, Şərq kültürü cəmiyyətə təsir edir. Bizim kimi ölkələrdə ailə üzvlərinin hər hansı şəraitdə orqanlarını bağışlamasına, hətta öləndə belə yaxınının orqanlarına, bədəninə toxunulmasına qarşı çıxılır. Azərbaycanda bu proses bir az latent getməkdədir. Azərbaycanda şəxslər özü könüllü olaraq, öləndən sonra orqanlarını bağışlaya bilir. Bu xeyriyyə kampaniyası, maliyyə yardımı deyil ki, insanlar səfərbər olsunlar. Burada daha başqa mexanizmləri tətbiq etmək lazımdır ki, mental, kültür ənənələri əhatə olunsun və insanlar ehtiyac naminə öz orqanlarını bağışlasın”.



Deputat əlavə edib ki, digər tərəfdən, transplantasiya əməliyyatları kifayət qədər bahalıdır və orqana ehtiyacı olan şəxslərin çoxu bu əməliyyatları öz hesabına edə bilmir: “Buna görə də orqana ehtiyacı olan və illərlə növbə gözləyən xəstələr var. Dəfələrlə bu cür əməliyyatların hamısının icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində qarşılanması məsələsi qaldırılır”.

Qeyd edək ki, qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub. Şəxs ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər. Orqan donorluğu sahəsində Avropa ölkələri isə müxtəlif modellər tətbiq edir və bu sahədə dünya üzrə qabaqcıl təcrübəyə malikdirlər.

Avropa təcrübəsində donorluq modelləri

Avropa ölkələrində orqan donorluğu əsasən iki sistemdən birinə əsaslanır:

- Opt-in (aktiv razılıq): Bu sistemdə şəxsin ölümündən sonra orqanlarının istifadə olunması üçün onun həyatdaykən könüllü şəkildə qeydiyyatdan keçməsi və razılığını bildirməsi tələb olunur. Bu model Almaniya, İrlandiya və Litvada tətbiq olunur.

- Opt-out (təxmini razılıq): Bu sistemə əsasən, əgər şəxs sağlığında orqan donorluğuna qarşı olduğunu bildirməyibsə, onun ölümündən sonra orqanları avtomatik olaraq istifadə oluna bilər. İspaniya, Fransa, Avstriya və Belçika kimi ölkələrdə bu model qüvvədədir və daha yüksək donorluq göstəriciləri ilə nəticələnir. Azərbaycanda orqan donorluğu opt-in, yəni aktiv razılıq prinsipi əsasında həyata keçirilir. Başqa sözlə, şəxs sağlığında donorluq üçün razılıq verməyibsə, ölümündən sonra yalnız ailə üzvlərinin razılığı ilə transplantasiya həyata keçirilir. Ancaq bir çox hallarda ölən şəxslərin yaxınlarının icazə verməməsi başqa birinin ölümünə səbəb olur.

Statistik göstəricilər və real vəziyyət

2024-cü ilin əvvəlinə olan statistikaya görə, İspaniyada hər bir milyon nəfərə təxminən 46 orqan donoru düşür. Bu göstərici dünyada ən yüksək səviyyə hesab olunur. Hər il minlərlə insan bu sistem sayəsində həyata qayıdır.

Koordinasiya Mərkəzinin mövqeyi və ilkin nəticələr

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi Azərbaycanda hər 1000 nəfərə neçə orqan donoru düşdüyü ilə bağlı suala statistika baxımından cavab verməyi düzgün hesab etmir: “Çünki sağlığında donor olmağı bəyan edən hər adamın ölümündən sonra donor olmaq ehtimalı çox azdır. Belə ki, Azərbaycanda indiyə qədər 200-ə yaxın insan sağlığında orqanlarını bağışlamaqla bağlı müraciət edib”.

Koordinasiya Mərkəzindən o da bildirilib ki, yuxarıda adıçəkilən Qanunun müvafiq müddəalarında meyit donordan orqan götürülməsi təsbit edilib: “Çətinliklər “beyin ölümü” diaqnozu qoyulmuş mərhumların yaxınlarının onun orqanlarını donor orqan gözləyən xəstələrə köçürülməsinə icazə verməməsindən ibarətdir. Amma ilk nəticələrimiz var. Artıq 3 meyit donordan orqanların götürülməsi və xəstələrə transplantasiyası baş tutub”.

Növbədə olan xəstələr və təminat çərçivəsi

İndiyədək ölkədə transplantasiya əməliyyatı üçün növbədə olanların sayına dair rəsmi statistikanın aparılıb-aparılmamasına gəldikdə, Koordinasiya Mərkəzi bununla bağlı konkret statistika açıqlamayıb: “Ölkədə transplantasiya əməliyyatı üçün növbədə olanların sayına dair statistik məlumatlarımız daim yenilənir, əksəriyyət böyrək və sümük iliyi transplantasiyasını gözləyir”.

Məlum olduğu kimi, məhdud sayda orqan transplantasiyası ilə bağlı əməliyyatlar icbari tibbi sığorta çərçivəsində qarşılanır. Bəs, bu sayın artırılması mümkündürmü? Koordinasiya Mərkəzi bu sayın artırılması üçün təkliflərlə çıxış etməyib: “Hər il icbari tibbi sığorta 150 böyrək və 100 qaraciyər transplantasiyasını qarşılayır. Hələ ki bu rəqəmlər kifayət edir”.

Koordinasiya Mərkəzi ölən şəxsin orqanının yararlı olduğu təqdirdə, icazəsiz transplantasiya etməklə bağlı qanuna dəyişiklik edilib-edilməməsinin mümkünlüyünə də münasibət bildirib:

“Dünyada elə ölkələr var ki, uzun illər orqan transplantasiyalarını opt-in prinsipi əsasında həyata keçirdikdən sonra opt-out prinsipinə keçiblər. Bizim ölkədə hazırda insanların ölümündən sonra orqanlarının transplantasiyası yalnız onların sağlığında verdiyi icazəsi əsasında mümkündür”.

İcbari tibbi sığorta ilə əhatə olunan əməliyyatlar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qeyd edilib ki, İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları qarşılanır: “Sözügedən əməliyyatlar üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub. Ötən il ərzində 76 qaraciyər, 7 sümük iliyi, 82 böyrək köçürülməsi əməliyyatları icbari tibbi sığorta hesabına icra olunub”.

Donor razılığı və ailə icazəsi məsələsi

Mircəlal Kazımi diqqətə çatdırıb ki, insanların çoxu yaxınları dünyasını dəyişdikdən sonra orqanlarını bağışlamağa icazə vermir və ya insanlar öz sağlığında ölümündən sonra donor olmaq üçün müraciət etmirlər.

Qanunvericiliyə dəyişiklik təklifləri və etik müzakirələr

Parlamentin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov şəxsin beyin ölümündən sonra orqanlarının yaxınlarının icazəsi olmadan götürülməsi ilə bağlı qanunvericiliyə dəyişikliyi mümkün hesab edir: “Hazırkı qanun “razılıq əsaslı sistem” prinsipinə əsaslanır. Şəxsin və ya yaxın qohumunun razılığı ilə. Bunun əksi olan “etiraz əsaslı sistem” isə bəzi ölkələrdə tətbiq olunur. Bu məsələ cəmiyyətin etik, dini və hüquqi həssaslıqları nəzərə alınaraq müzakirəyə açıqdır. Gələcəkdə geniş ictimai və elmi müzakirələr nəticəsində qanunvericiliyə dəyişiklik edilməsi mümkündür”.

Mircəlal Kazımi isə şəxsin orqanlarının ölümündən sonra yaxınlarının icazəsi olmadan götürülməsini doğru saymır: “Biz Avropanı mədəniyyəti yüksək cəmiyyət kimi qəbul etsək də, elə Avropa ölkələri var ki, onlarda da opt-in (razılıq əsasında) sistemi tətbiq edilir. MDB məkanında meyit dövlətə məxsusdur, beyin ölümü olduqdan sonra heç kimdən icazə almadan orqanlar götürülə bilir. Amma Azərbaycanda qəbul edilən qanun daha humanist qanundur, insanın özünə seçim hüququ verir. Yəni hər bir vətəndaş öz seçimini özü edir. İnsan sağlığında orqanlarını bağışladığını bəyan etmiş olsa, onun ölümündən sonra ailəsindən icazə alınmır. Sadəcə ailəsinə vəfat edən yaxının orqanlarını bağışladığı bildirilir. Əgər bunu bəyan etməyibsə, ailəsinin razılığı ilə orqanları götürülə bilər. Mənə görə bu doğru yanaşmadır, daha humanistdir və insan hüquqlarına zidd deyil”.

Alternativ donor mənbələri və orqan çatışmazlığı

Digər ölkələrdəki kimi, Azərbaycanda da orqan çatışmazlığından əziyyət çəkənlərin sayı artan xətlə davam edir. Mircəlal Kazımi vurğulayıb ki, xəstələrin sayı çox, donorların sayı azdır: “Alternativ donor hovuzuna ehtiyacımız var. Bu, meyitlərdən alınan orqanlar vasitəsilə həyata keçirilən orqan transplantasiyasıdır. Bu sahədə təbii ki, çatışmazlıqlar var. Bu çatışmazlıqların başlıcası orqan çatışmazlığıdır”.

Dövlət Statistika Komitəsinin 2024-cü ildə insan orqan və toxumalarının transplantasiyasına dair məlumat


Maliyyələşmə, icbari sığorta və dövlət dəstəyi

Rəşad Mahmudov dövlət hesabına həyata keçirilən transplantasiya əməliyyatlarının sayının artırılması üçün həm maliyyələşmə mexanizmlərinin genişləndirilməsinin, həm də donor bazasının inkişaf etdirilməsinin planlaşdırıldığını vurğulayıb. Aidiyyəti qurumlarla birgə bu sahədə mərhələli addımlar atılır.

Zahid Oruc da hesab edir ki, ilk olaraq, orqan transplantasiyası əməliyyatlarını icbari tibbi sığorta çərçivəsində genişləndirmək, bu əməliyyatlar üçün büdcədən maliyyə əsaslarını gücləndirmək lazımdır: “Dəfələrlə parlament üzvü kimi orqan transplantasiyasına ehtiyacı olanların müraciətlərinə qulaq asmışam. Valideyn, ya yaxın qohum müraciət edir və bildirir ki, orqana ehtiyacı olan övladına, yaxud qohumuna orqanlarını vermək istəyirlər”.


Bölgələrdən Bakıya müraciətlərin doğurduğu problemlər

Bu sahədə problemlərdən biri də bölgələrdə yaşayan şəxslərin Bakıda orqan transplantasiyası əməliyyatı etdirməsi zamanı yaranan sənəd problemləridir.

Deputat bölgələrdə yaşayan şəxslərin orqan transplantasiyası üçün Bakıya gəlməklə bağlı yaşadığı problemlərə də aydınlıq gətirib: “Bu əməliyyatlar yalnız ixtisaslaşmış tibbi müəssisələrdə həyata keçirilir və çox az sayda həkimlər bunu edə bilir. Bölgələrdə harada orqan transplantasiyası əməliyyatları həyata keçirmək mümkündürsə, şərait varsa, bu yöndə addımlar atılmalıdır. Çünki bu əməliyyatlar olduqca bahalıdır, rayondan gələn adamların da burada əməliyyatdan əlavə qalmaq, nəqliyyat xərcləri artır. Digər tərəfdən, orqan transplantasiyası əməliyyatlarının kiçik bir hissəsi dövlət tərəfindən qarşılanır, bununla bağlı büdcədən vəsaitlər ayrılır ki, bu kifayət qədər böyük rəqəmdir. Amma bu əməliyyatların hamısının dövlət hesabına edilməsinə tələbat var, bizə belə insanlar müraciət edirlər. Xüsusilə də böyrək çatışmazlığı ilə bağlı müraciət edənlər çoxdur, dializ aparatlarına qoşulan şəxslərin sayı çoxdur, bu o deməkdir ki, elə bu qədər də böyrək çatışmazlığından əziyyət çəkən şəxslər var”.

Elektron sistem və regional infrastruktur təşəbbüsləri

Rəşad Mahmudov bölgələrdə yaşayan və orqan transplantasiyası üçün Bakıya üz tutan insanların problemlərinin həlli üçün atıla biləcək addımlara aydınlıq gətirib: “Hazırda sənəd dövriyyəsi əsasən kağız daşıyıcılar üzərindən həyata keçirilir ki, bu da bölgələrdə olan vətəndaşlar üçün əlavə çətinliklər yaradır. Bu problemi aradan qaldırmaq üçün vahid elektron müraciət və koordinasiya sisteminin tətbiqinin daha da genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, regional səviyyədə də müəyyən ilkin koordinasiya mərkəzlərinin yaradılması planlaşdırılır”.

Kadr, infrastruktur və təcrübə çatışmazlıqları

Deputat onu da qeyd edib ki, hazırda transplantasiya əməliyyatlarını həyata keçirən ixtisaslaşmış mərkəzlər və həkimlər mövcuddur: “Lakin ehtiyacla müqayisədə, bu resurslar kifayət qədər deyil. Bu sahədə kadr hazırlığı, beynəlxalq təcrübə mübadiləsi və infrastrukturun gücləndirilməsi istiqamətində işlər davam etdirilir”.

Donor Bankı: nəzərdə tutulan, lakin hələ həyata keçməyən təşəbbüs

Qanunvericilikdə Donor Bankının yaradılması nəzərdə tutulsa da, bu, hələ baş verməyib.

Azərbaycanda orqan transplantasiyalarını həyata keçirən kifayət qədər həkim-transplantoloqların olduğunu diqqətə çatdıran Koordinasiya Mərkəzindən Azərbaycanda Donor Bankının yaradılmamasına da aydınlıq gətirilib. Koordinasiya Mərkəzi hesab edir ki, bunun üçün ilk növbədə ölümündən sonra orqanlarını bağışlayan insanların sayı çox olmalıdır.

Rəşad Mahmudov nəzərə çatdırıb ki, Donor Bankının yaradılması üçün qanunvericilikdə bu struktura dair hüquqi baza formalaşdırılıb: “Mərkəzləşdirilmiş donor qeydiyyat sistemi yaradılıb və informasiya bazası inteqrasiya edilib. Bu addım həm donor tapılması müddətini sürətləndirəcək, həm də uyğunluq kriteriyalarını dəqiq və şəffaf şəkildə təmin edəcək”.

Xarici orqan mübadiləsi və Türktransplant təşəbbüsü

Qanunvericilikdə nəzərdə tutulsa da, hələ də tam həyata keçməyən müddəalardan biri də xaricdən Azərbaycana orqan gətirilməsi ilə bağlıdır. Belə ki, qanunvericilikdə xaricdən Azərbaycana orqan gətirilməsinin şərtləri müəyyən edilib.

Koordinasiya Mərkəzindən bildirilib ki, xaricdən Azərbaycana hələ ki Amerikadan gözün buynuz qişası gətirilir: “Keçən il Şuşada Türk dövlətləri arasında orqan mübadiləsini nəzərdə tutan Türktransplant Niyyət Protokolu imzalanıb. Bu orqan mübadiləsi həyata keçərsə, Türktransplanta daxil olan ölkələr üçün böyük uğur ola bilər”.

Beynəlxalq əməkdaşlıq və logistika problemləri

Rəşad Mahmudov Azərbaycana xaricdən orqan gətirilməsində yaşanan çətinliklərə də toxunub: “Hazırda bu proses məhdud şəkildə və xüsusi hallar əsasında mümkündür. Əsas çətinliklər donor orqanlarının uyğunluğunun təmin edilməsi, logistik infrastrukturun formalaşmaması və hüquqi prosedurların tam aydın olmamasıdır. Bu sahədə beynəlxalq əməkdaşlıqların və protokolların inkişaf etdirilməsi əsas prioritetlərdəndir”.

Onlayn müraciətlər və həyat qurtaran imkanlar

İnsanlar onlayn şəkildə oqdtm.gov.org saytından anonim formada orqan bağışlanması üçün müraciət edə bilərlər. Bu minvalla bir insan dünyasını dəyişdikdə 10-12 insanın həyatını xilas edə bilər...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47