Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydaları ilə bağlıdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Lent.az-a bildirilib ki,Əmək Məcəlləsinin 134-cü maddəsində əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası aşağıdakı kimi təyin edilib:
1. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;
4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin #normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.
6. Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər".