Düşmən təxribata əl atdı: 6 erməni hərbçisi tutuldu, 18-i qaçdı  - YENİ AÇIQLAMA
27 may 2021 11:42 (UTC +04:00)

Düşmən təxribata əl atdı: 6 erməni hərbçisi tutuldu, 18-i qaçdı - YENİ AÇIQLAMA

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər. 

Təxribat törətməyə cəhd edən erməni diversantları

***

saat 08:42

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu zərərsizləşdirilərək saxlanılıb.

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

# 11289
avatar

Oxşar yazılar