şəhid Ruhin Xəlilov
18 yanvar 2021 20:15 (UTC +04:00)

şəhid Ruhin Xəlilov

“Düşmən bu dəfə onu ürəyindən nişan alır...” – Şəhid kapitan necə tarixə düşdü?

 

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid Ruhin Xəlilova həsr olunub.

 

Xəlilov Ruhin Müzəffər oğlu. 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. Xırdalan qəsəbəsində 1 saylı orta məktəbin məzunu olub. Bakı Asiya Universitetinin hüquq fakültəsini bitirib. Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı olub. İkinci Qarabağ müharibəsi başlayan gün könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib.

Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İkinci fəxri xiyabanda dəfn edilib.

Ruhin Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən “Fəxri Ədliyyə İşçisi” adı verilib.

Ruhin

İkinci Qarabağ müharibəsinin ən qaynar dönəmlərində onun qəhrəmanlığı, keçdiyi şərəfli ömür yolu ilə tanış olmağa nail oldum. Bir neçə dəfə qarşıma onun haqqında hazırlanmış yazıların hər birinin başlığında eyni sözlər, ifadələr işlənirdi: Rahat kabinetini səngərə dəyişən şəhidimiz...

Ruhin doğurdan da nəinki isti kabinetini, həmçinin on minlərlə vətən oğlu kimi ailəsini, yerini, yurdunu soyuq səngərlərə, yağışlı, qarlı ön cəbhəyə dəyişənlərdən və bu yolda canından keçənlərdən oldu.

İkinci Qarabağ müharibəsində şəhid olan Ədliyyə kapitanı Ruhin Xəlilovun evinin yoluna nabələd olduğumdan məni mənzil başına onun bacısı Gülnar və həyat yoldaşı Qərib bəy aparacaqdı. Maşına əyləşəndə qarşı tərəfdə əyləşən Gülnar sanki məni görməklə, onlara nə üçün getdiyimi bilməklə unutmadığı ağrısı yenidən ağrımağa, qor verməyə başladı.

Yolboyu Ruhinin adını zikr etmədən yorulmayan bu qara örpəkli, qara paltarlı qadın elə evə çatana qədər də, məni evlərindən yolana salanacan “Ruhin, Ruhin” deyib kirimədi.

Ruhinin yoxluğu ilə soyuyan mənzilində isə bizi gözünün yaşını örpəyi ilə silən anası, həyat yoldaşı, qızları, bir də dərddən ağırlaşmış, saçları qar kimi ağarmış, dərdin ağırlığından çiyinləri balacalaşan, ancaq baş verənlərə baxmayaraq qamətini dik tutmağa çalışan atası gözləyirdi.

Otaqdakı hər kəs qəmgin, susqun əyləşib nədən, necə başlayacaqlarını düşünürdülər. Mənimlə üz-üzə bəstəboylu, arıq, qarayanız, boynubükük Gülnaz ana əyləşmişdi. Ruhinin anası ...

- Bizim bir qızımız, bir oğlumuz vardı. Ruhin çox tərbiyəli, mərifətli oğul idi. Ruhinin altı yaşı olanda Cəbrayıl işğal olundu. Gəldik Bakıya. O, burada öz biliyi, savadı ilə oxuyub universitetə girdi, oranı da yaxşı başa vurdu. Hər şeyi öz qüvvəsi, savadı hesabına elədi. Ədliyyə Nazirliyinə imtahan verdi, qəbul olundu. Altı ilə yaxın Biləsuvarda işlədi, ailəsi də onunla birgə orda yaşadı. Sonradan Bakıya təyin olundu. Mən Ruhinin bir dəfə nə mənim, nə atasının sözünü çevirdiyini görmədim, allah ona elə gözəl xasiyyət vermişdi ki. Elə bil elə özü üçün yaratmışdı, cavan yaşda da götürüb apardı.

Şəhid nənə

Ruhinin ata nənəsini Cəbrayıl işğal olunan ərəfədə ermənilər öldürür. Nənəsinin şəhid olma xəbəri altı yaşlı Ruhinin həmişəlik hafizəsinə həkk olunur. Onun döyüşə, vətəni qorumağa getməsində bu faktın da sözsüz ki, rolu olub. Müzəffər bəy bu barədə danışmaqda çətinlik çəksə də, sözlərini göz yaşında islada-islada danışır:

- 1993-cü ildə rayonumuz işğal olunanda, biz rayondan çıxanda ermənilər anamı öldürdülər. Bu hadisə Ruhinin könlündə qaldı, iz buraxdı. O, bu barədə heç kimə heç nə demirdi, amma hiss edirdim ki, anamın ölümünün tarixini içində saxlayır, bunun fikrini edir. Ona görə özü də getdi, şəhid oldu (kövrəlir). Həmişə qohum-əqrəbadakı uşaqlara deyirdi ki, tarix fənnini, tarixinizi yaxşı öyrənin və bilin ki, nənəmizi kimlər öldürüb, harda, necə şəhid olub. O, çox oxuyan uşaq idi. Həmişə deyirdi ki, insan öləndə də savadlı ölməlidi.

Ruhin bacısı Gülnardan iki yaş balaca olsa da, ona əsl qardaş kimi dayaq olur, onu qoruyur. Gülnar xanım qardaşı ilə bağlı günlərini xatırlayır:

- Ruhin həyatda da, şəkillərdə də yaşından çox böyük görünürdü, amma 33 yaşı vardı. İndi o, mənim yadımda bir qəhrəman kimi qalıb. Amma qəhrəmanlıqdan da əlavə o, axı mənim kiçik qardaşım idi... O, çox sakit, söz danışmayan uşaq olsa da, deyib-gülməyi xoşlayırdı. O, mənim üçün həm bacı idi, həm də qardaş (ağlayır).

Biz evdə iki uşaq olmuşuq, Ruhin məndən iki yaş balaca idi, amma mənə həmişə kömək olub. Valideynlərimiz işləyirdi. Mən evi süpürəndə o, silirdi, paltar yuyanda Ruhin yemək bişirirdi. Mən ailə qurandan sonra mənə zəng edib deyirdi, nə problemin olsa, mənə deyərsən, ataya, anaya heç nə deməzsən. Biz hər sözümüzü bölüşürdük. Onun elə sirləri var ki, ancaq mən bilirəm, mənimkiləri də Ruhin. Amma bircə getdiyini mənə demədi, onu məndən gizlətdi (ağlayır). 

- Bəs Ağcabədidə olanda onunla danışanda da hiss etməmişdiniz cəbhədə olduğunu?

- Bir dəfə soruşdum ki, ordan səni aparmayıblar cəbhəyə? Gülə-gülə dedi ki, məni neynirlər, qoca kişiyəm, qocaları aparmırlar. Sən demə, müharibənin düz ortasında imiş bu sözləri deyəndə. Son danışıqlarımızın birində mən ondan yenə soruşdum ki, sən qayıtmırsan, axı sən əsgər deyilsən, işin-gücün qalıb burda, gəl. Onda mənə dedi ki, Gülnar, mən burda əsgərəm, sən də uşaq deyilsən. Vəssalam, onun o sözündən sonra bildim ki, Ruhin Ağcabədidə yox, cəbhədədi, amma heç kimə heç nə deyə bilmədim. 

Məhəbbət, bir ömür boyu...

Sevib-seçdiyi qızla, Günellə ailə quran Ruhin ailəsinin həyatını gözəlləşdirməyi, nağıla çevirməyi bacaran ailə başçılarından olub. Günellə Ruhin dostları vasitəsi ilə tanış olublar. Bu tanışlıq böyük məhəbbətə çevrilir. Günel onun əsgərə getməsini, qayıtmasını, oxuyub universiteti bitirməsini gözləyir. Beləliklə, aradan düz yeddi il keçir, səbirli sevgililər ailələrinin razılığı ilə evlənirlər. Doqquz illik ailə həyatı bu cütlüyə iki qız, bir oğlan uşağı bəxş edib. Günel xatırlayır, yadına salır, sevdiyi insanlar, həyat yoldaşı, dostu, sirdaşı ilə olan günlərini...

- Mən Ruhini böyük məhəbbətlə sevmişəm. Onunla nəfəs alırdım. Amma indi üç uşağa görə onun yanına gedə bilmirəm (kövrəlir). Mən hər dəqiqə sevgimi bildirən insan idim, o, yox. Bəzən gecənin bir aləmi yuxudan oyanıb ona sevgimi etiraf edirdim. Gülürdü, deyirdi, bilirəm, yat. İndi elə bil allah mənə səbr verib, onsuz necə qalmağım, yaşamağım mənə təəccüblü gəlir. Onunla bir yerdə olanda deyirdim ki, Ruhin, bu nağılın axırı bitəcək? Qorxurdum ki, nə isə olacaq. Çünki çox xoşbəxt idik. İndi hərdən oturub ağlayanda deyirəm ki, ay Ruhin, niyə məni bir dəfə döymədin ki, görüm döyülmək necə olur. O qədər səhvlərim olurdu ki, amma bir dəfə xətrimə dəyməzdi. Həmişə deyirdi ki, sən uşaqsan, birdən böyüyəcəksən. Haqlı çıxdı, ölümü ilə məni birdən-birə böyütdü.

Bizim həyatımız nağıl kimi keçdi getdi. O, bu doqquz ildə bir dəfə də olsun mənə səsini yüksəltməmişdi, həmişə də mənə uşaq kimi baxırdı, deyirdi, sən uşaqsan. Ruhinin işi çox gərgin idi, amma elə ki qapıdan içəri girirdi, hər şeyi unudurdu, gülərüz, mehriban olurdu. Ailəsinə, valideynlərinə çox bağlı idi. Biz onun işi ilə əlaqədar beş il Biləsuvarda qaldıq. O, hər həftə bizi də götürüb Bakıya gəlirdi, həmişə də deyirdi ki, atamgilə heç nə deməyək, sürpriz edək. Gedək görək nə yeyib-içirlər, necə dolanırlar. Axırda dözmədi, dedi, yox, qayıdaq Bakıya. Ailəsi onun üçün hər şey idi. O, bizimlə nəfəs alırdı. İşdən gələndən sonra, yorğun olmasına baxmayaraq, hər gün məni, uşaqlarını gəzməyə aparırdı.

Arzular...

Ruhinlə bağlı fikrimdə tutduğum suallardan birini verirəm:

- Arzuları nə idi?

Ana, bacı və həyat yoldaşı üçü də birdən eyni cavabı verir:

- Arzuları çox idi...

Gülnar xanım davam etdirir:

- Deyirdi rayona gedəcəm, orda ferma açacam, quzu, qoyun saxlayacam. Torpağa bağlı adam idi. Cəbrayılı çox sevirdi. O, cəbhədə olanda heç vaxt demirdi ki, hardayam. Amma Cəbrayılda olub. Uşaqları ilə bağlı isə ən böyük arzusu savadlı olmaları idi. Yoldaşı uşaqlarını məktəbdə rus dili bölməsinə qoymaq istəyirdi, Ruhin razı olmadı, dedi, orda Azərbaycan tarixi fənni keçilmir. Uşaqlarının ikisini də azərbaycan dili bölməsinə qoydu.

Ruhinin cəbhəyə getməsi, könüllü olaraq döyüşə yollanmasının tarixi bir az əvvələ, yəni 2020-ci il iyulunda Tovuz döyüşləri zamanı başlanır. Heç kimə demədən hərbi komissarlığa gedir və könüllü olaraq adını yazdırır. Həyat yoldaşı bu haqda dəfələrlə Ruhindən eşitsə də, onun bu addımı atacağına, üç azyaşlı körpəsini qoyub gedəcəyinə inanmır. Ancaq bir gün...

- ...Bir gün Ruhin evə gəldi, dedi, Günel, adımı yazdırdım, amma narahat olma. Mən bir az ağladım, acıqlandım, axırda dedim ki, onda mənim adımı da yazdır. Sən hara getsən, mən də səninlə gedəcəm. Razılaşdı, şəxsiyyət vəsiqəmlə mən də onlayn qeydiyyata düşdüm. Mənə hərbi komissarlıqdan zəng vurub bacarıqlrımı soruşmuşdular. İxtisasca tibb bacısı olduğumdan ümidliydim ki, mən də onunla gedə bilərəm. Ancaq sonradan Ruhin məndən xəbərsiz qeydiyyatımı ləğv etdirib. O, təbii ki, məni qoymazdı, cəbhəyə gedim. Sentyabrın 30-da Ruhin evə gəldi, dedi, sənədləri hərbi komissarlığa təqdim edib qayıdacam. O, evdən gedəndə gördüm ki, iş paltarında yox, mülki geyimdə gedir. İş üçün gedirdisə, iş paltarını geyinməli idi. Heç nədən şübhələnmədim, çünki ağlıma gəlmirdi bizi qoyub gedər... Dostu gəlib onu maşınla apardı, saat 11-də zəng vuranda gördüm ona zəng çatmır. Dostu mənə zəng vurdu, dedi, Günel, Ruhin cəbhəyə getdi. O, əslində hər şeyi əvvəldən bilirmiş. Mən o getməzdən bir gün qabaq qəfildən dedim ki, gəlin şəkil çəkdirək. Qızlarım dərhal onun boynuna sarıldılar. Ancaq şəkillərə indi də baxanda onun gözlərindəki kədəri hiss edirəm. Hətta şəkillərin birində gözlərindəki yaşı da indi görürəm. O, hər şeyi bilirmiş, amma bizdən gizlədirdi.

- Hər şeyi biləndən sonra onunla danışanda ilk sözünüz nə oldu?

- Zəng vuranda, dedi, narahat olma, Ağcabədidəyəm. Bizi sakitləşdirdi, arxayın saldı. Mən də kim zəng vururdusa, deyirdim, nigaran qalmayın. Onunla danışanda ilk sözüm  nə vaxt gələcəksən oldu. Mən elə bilirdim ki, o, həqiqətən də qayıdacaq, axı onun burda vəzifəsi, işi və biz vardıq. Müharibənin necə bir şey olduğunu mən ağlıma gətirməzdim. Döyüşdə olduğu 21 gündə bizim hamımıza dedi ki, mən heç hərbi paltar da geyinməmişəm, arxa cəbhədəyəm. Amma sonra məlum oldu ki, bizi aldadıb, o, hərbi paltarda ən ön sırada olub, sıravi əsgər kimi döyüşlərdə vuruşub.  

Böyük şübhə

Ruhinin şəhid olması ailəsindən heç kimin ağlına gəlmir. Hamı əmin olur ki, o, sağ-salamat geri qayıdacaq. Səbəb isə çox sadə idi. Ruhin hər şeydə birinci idi, ağıllı, təmkinli adam idi. O, özünü ölümün ağzına verməzdi. Lakin Ruhin şəhid olur və bu dəfə də birinci olmağı bacarır. O, Ədliyyə Nazirliyinin ilk şəhidi kimi tarixə düşür. Sonuncu dəfə o, Günelə işğaldan azad olunmuş Cəbrayılından zəng vurub deyir, Günel, mən indi torpağımdayam, hazırlaşın, sizi bura ekskursiyaya gətirəcəm.

Atası Müzəffər kişi deyir ki, oğlu onlara dəfələrlə zəng vursa da, o, da onlardan ön cəbhədə olduğunu gizlədir:

- Mənə zəng vuranda da gəlinimə, yoldaşıma dediyi sözləri deyirdi. Sonuncu zənglərinin birində dedi ki, Cəbrayıldaydım, ancaq indi Ağcabədiyə gəlmişəm, amma aldadıb. O, Cəbrayılı, Füzulini, Qubadlını ala-ala üzü Laçına doğru gedənlərin içərisindəymiş, elə Qubadlılda da şəhid olur. Orda heç kim bilməyib ki, Ruhin vəzifəlidir. Özünü çox sadə aparıb, amma görünüşündən, hərəkətlərindən hər kəs ona kapitan deyirmiş. Ruhin vətən, Cəbrayıl görməmişdi axı, bala. Altı yaşından onları Bakıya gətirmişdim. O, vətənpərvərliyi burda öyrəndi.

Ailə Ruhinlə sonuncu dəfə oktyabrın 19-da danışır. Ruhin hər şeyin yaxşı olduğunu deyib, sağollaşır. Ayın 20-si və 21-i ona zəng çatmır. Oktyabrın 21-də Ruhin yaralı döyüş dostunu xilas etmək üçün irəli atılır, onu qarın boşluğundan yaralayırlar, ancaq o yaralını yerə qoymur, dartıb güllə altından çıxarmağa davam edir. Düşmən növbəti dəfə onu ürəyindən nişan alır və Ruhin elə həmin an da şəhid olur. Dostları isə hava qaralandan sonra Ruhinin meyitini ərazidən çıxara bilirlər. Ancaq heç kim ailəyə bu qara xəbəri verə bilmir. Gülnaz xanıma deyirlər ki, Ruhin yaralanıb, gətiririk. Ruhinin anası tibb işçisi olduğundan o, bu xəbəri şübhə ilə qarşılayır:

- Bizə dedilər ki, yüngül yaralanıb, gətirirlər evə. İnanmadım. Geyinib qohumumla qapıdan çıxanda gördüm Ədliyyə Nazirliyinin bütün işçiləri dayanıblar. Mən onları paltarlarından tanıyırdım. Yaxınlaşıb soruşdum ki, Ruhinin iş yoldaşlarısınız? Heç biri dillənmədi. Onda əlimi dizimə vurdum, dedim bala o, uşağın yanına getmək lazım deyil, o, özü evə gəlir (ağlayır). 

İnciklik

Günel həmin məşum, heç vaxt unutmayacağı ağır günü belə xatırlayır:

- Mənə də dedilər yaralıdı. Dedim, eybi yox, əli, ayağı olmasın, gözləri görməsin, amma sağ gəlsin. Qəti şəkildə ölümü ona yaxın qoymadım. Təcili yardım gələnə qədər heç nə ağlıma gəlmirdi. Bizə kim gəlirdi, deyirdim niyə gəlmisiniz, nə olub? Görürdüm qohumlar evləri yır-yığış edir, mebelləri ora bura çəkirlər. Amma yenə də heç nə anlamırdım. Təsəvvürümə belə gətirməzdim sonra yaşadıqlarımı. Çünki doqquz ildə biz həmişə bir-birimizin yanında olmuşuq, heç vaxt əlimizi buraxmamışıq. Onu təcili yardım gətirəndə yenə başa düşmədim, amma elə ki, tabutun bir ucunu gördüm, ondan sonrasını xatırlamıram. Ayılanda bütün səsim, qışqırığım məhəlləmizi başına götürmüşdü.

İndi şəklini qarşıma qoyub saatlarla onunla danışıram, ondan inciyəm. Deyirəm, ay Ruhin, niyə məni qoyub getdin? (ağlayır) Bu yaxınlarda gördüm yuxuda gəlib, qapının yanında dayanıb, gözləri də dolub, deyir yaxşıyam, qorxma. 

Ruhinin şəhid olma xəbəri doğmalarının hərəsinə bir cür formada çatır. Ancaq qara xəbər tez yayılır axı. Ruhinin indi tək, boynubükük qalan yeganə bacısı Gülnara da qardaşının xəbəri yüyrək çatır. Gülnar xanımgilin ailə dostu olan bir xanım onların qapısını döyür. Döyülən qapı səsi, gələn qonaq bacını şübhəyə salır.

- Onu görən kim soruşdum, nə olub, niyə gəlmisən? Dedi, heç nə olmayıb, geyin, hospitala gedək. O, hospital deyəndə dizlərim əsdi, dedim şəhid olub. Boyun olmadı, yaralı olduğunu dedi. Mən özüm tibb bacısı işləyirəm, öz işimi o qədər çox sevirdim ki, amma Ruhinin ölmündən, onun hadisəsindən sonra işimi daha sevmirəm. Çünki bizim evə də təcili yardım maşını gəldi. Biz hər gün şəhidləri təcili yardım maşını ilə aparanda onsuz da mən hər gün ölürdüm, deyirdim, ay allah, bu analara oğul ölümü qismət eləmisən, heç olmasa innən belə heç bir anaya qismət eləmə. Mən o analarla, bacılarla bərabər ağlayıb, kədərlənirdim. Onsuz da mən bu acını hər gün görürdüm, yaşayırdım, tanrı mənə bunu niyə daha dərindən yaşatdı (ağlayır).

Döyüş dostları...

Ruhinlə bağlı xatirələr, fikirlər, ağrılı, acılı söhbətlər bitmək bilmir. Sağollaşıb çıxmaq istəyəndə qapı döyülür. Müzəffər kişi Ruhinin cəbhədən qayıdan dostlarının gəldiyini xəbər verir. Gedişimi bir azca ləngidirəm. Ruhinlə birlikdə cəbhədə olan qazilər bir-bir içəri girib Gülnaz xalanın əlindən saçlarından öpüb keçirlər. Əsgər çəkməsinin səsi, hərbi paltar qoxusu, şaxtadan qarsımış üzlər... evdəkilərə şəhid Ruhini xatırladır. Hər kəs bir tərəfdə hıçqırır. Qazilər bir yerə cəm olandan sonra Ruhinlə ən birinci gündən xidmət etmiş Cəlal Quliyev deyir:

- Bizim onunla keçirdiyimiz on yeddi gün ömrümüzə yazıldı. Hamımız orda özümüzə dörd, beş dost qardaş qazandıq. Amma Ruhin burda əyləşən bütün oğlanların qardaşlığını qazandı. Ruhin şəhid olmaya bilərdi. O, səngərdə gizlənə, yaralı yoldaşını çıxartmaqdan öz canına görə qorxa bilərdi. O, qorxmadı, kişi kimi ölümün, güllənin üstünə getdi. O, bizim hamımıza böyük qardaş oldu. Heç kim ondan incik olmadı.

Kapitan!

Ruhinlə tanışlığın qürurunu yaşayan Asif Hüseynov isə vurğulayır:

- Çox vaxt şəhid ailələri ilə görüşəndə insanlar onlara təsəlli üçün müəyyən sözlər deyirlər. Ancaq biz bu gün burda Ruhin haqda nə deyiriksə, həqiqəti deyirik. O, abrı, hörməti ilə adamı utandırırdı.

Biz onunla Bakıdan eyni avtobusda getdik. O, gözündə eynək yolboyu bir kənarda sakitcə oturmuşdu. Ağcabədiyə qədər biz onun səsini eşitmədik. Heç kimlə ünsiyyət qurmadı. Heç kimdə deyə bilməzdi ki, o, kapitandı. Amma 17 gün onunla cəbhədə qardaşdan da yaxın olduq. Sonra bizi ayırdılar. Amma döyüş boyu Ruhini unutmurduq. Mən onunla görüşmək üçün günləri sayırdım. Onun şəhid olma xəbərini eşidəndə sarsıldım. Bircə təsəllimiz odur ki, Ruhinin də, başqa şəhidlərimizin də qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad olundu. Ruhinin can qoyduğu torpağa indi düşmən ayaq qoymur. Sabah, birigün o torpaqlara Ruhinin balaları ayaq qoyacaqlar. Bəzən deyirlər ki, vətən sağ olsun, vətən sağ olsun, amma sizi inandırıram ki, vətən sağ deyil. Vətənin hər qarışında o qədər oğulların qanı var. Vətəndən soruşaq, görək sağdırmı? Allaha and olsun, sağ deyil. Çünki o boyda oğullar itirib. Ona Ruhin demirdik, komandir deyirdik. Bir dəfə minomyot atəşindən qaçıb bir daşın arxasında daldalandıq. Onda ona dedim, Ruhin sənə adınla müraciət etməyə abır-həya edirəm, ona görə də komandir deyirəm. Söz verirsən ki, müharibədən sonra görüşəcəyik. Dedi, nə komandir, nə rütbə, biz burda hamımız əsgərik. Mən də sənin kimi döyüşməyə gəlmişəm. İnşallah, görüşəcəyik...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23697
avatar

Samirə Əşrəf

Oxşar yazılar