BARIŞ MANÇO
(1943-1999)
Məşhur türkiyəli müğənni, bəstəkar, aktyor və televiziya prodüseri Barış Manço 2 yanvar 1943-cü ildə İstanbulun Üsküdar səmtində dünyaya gəlib. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni olub. Şişli Tərəqqi liseyində təhsilini tamamlayan sənətçi ali təhsilini Belçika Kral Akademiyasında sahəsində tamamlayıb. Bəstələdiyi 200-dən çox mahnı ona 12 “Qızıl Platin” albomu və kaset mükafatı qazandırıb. 1958-ci ildə ilk qrupu olan “Kafdarlar” qrupunu qurub. Aparıcısı olduğu "7-dən 77-yə" adlı televiziya proqramı vasitəsilə dünyanın bir çox ölkələrinə səfər edib. Mahnıları müxtəlif dillərə tərcümə edilib. Barış Manço 1999-cu il fevralın 1-də İstanbulda vəfat edib.
RAUF GÜLMƏMMƏDOV
(1944-1999)
Azərbaycanın dövlət və siyasi xadimi Rauf Məmməd oğlu Gülməmmədov 1944-cü il yanvarın 2-də Gəncə şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. Nərimanov rayon Mənzil İstismar İdarəsinin mühəndisi, Binəqədi rayon Mənzil İstismar İdarəsinin rəisi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Tikinti İdarəsinin rəisi, Təmir-Tikinti Trestinin müdiri, Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavin və Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1992-ci ildə Baş nazirin müavini, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. Rauf Gülməmmədov 1999-cu il iyunun 21-də Bakı şəhərində vəfat edib.
SƏMƏNDƏR RZAYEV
(1945-1986)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru, bədii qiraət ustası Səməndər Mənsim oğlu Rzayev 1945-ci ilin bu günü Ağsuda doğulub. Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1968-ci ildə baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. İlk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Bir sıra tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. Səməndər Rzayev 27 mart 1986-cı ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
YAN MEEROVİÇ
(1955-1990)
Şəhid Yan Meeroviç 2 yanvar 1955-ci ildə Bakıda anadan olub. Milliyyətcə yəhudidir. Moskvadakı “Molodyojnıy” kooperativinin Bakı filialının direktoru olub. 1990-cı il yanvarın 20-də Yan Meeroviç Bakı-Binə yolunun Suraxanı qəsəbəsindən keçən hissəsində sovet əsgərləri tərəfindən maşınının atəşə tutulması nəticəsində şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
MEHMAN QAFAROV
(1970-1993)
Şəhid Mehman Yəhya oğlu Qafarov 1970-ci il yanvarın 2-də Lerik rayonunun Siyov kəndində anadan olub. Siyov kənd orta məktəbində, Cəmşid Naxçıvanski adına hərbi liseydə, Kazan Ali Tank Qoşunları Komandirləri Məktəbində təhsil alıb. 1991- 1992-ci illərdə Minsk hərbi dairəsində xidmət edib. Lənkəranda yerləşən 704 saylı hərbi hissənin tərkibində, 743 saylı tank alayının tərkibində hərbi əməliyyatlarda iştirak edib. Qarabağ müharibəsi müddətində Laçın, Goranboy, Füzuli, Beyləqan və Ağcabədi cəbhələrində döyüşmüşdür. Azərbaycan Müdafiə Nazirinin müvafiq sərəncamı ilə 1993-cü il qərərgah rəisi, daha sonra alay komandiri təyin edilib. Mehman Qafarov 1993-cü il avqustun 20-də Ağcabədi rayonunun Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonunun Siyov kənd orta məktəbi onun adını daşıyır.
POLAD HƏŞİMOV
(1975-2020)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin bu günü Qəbələ rayonunun Vəndam kəndində doğulub. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə və Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb. Türkiyənin İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib. Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. 2016-cı ildə Aprel döyüşlərində yaralanıb. Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib. 2017-ci ilin aprel ayından hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifələrində çalışıb. 2019-cu ildə general-mayor ali hərbi rütbəsi alıb, daha sonra 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", “Vətənə xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” medalları, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı və ordenlərlə təltif edilib. General-mayor Polad Həşimov 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
ÜLVİ RƏCƏB
(1903-1938)
Azərbaycanın əməkdar artisti, aktyor Ülvi Rəcəb Molla oğlu Şaşıqzadənin anım günüdür. O, 1903-cü il yanvarın 9-da Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Birinci Dünya müharibəsinin başlaması və maddi ehtiyaclar üzündən təhsili yarımçıq qalıb. 1920-ci ildə Batumi teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1922-1924-cü illərdə Tiflis-Azərbaycan teatrında, 1925-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bu dövrdə Cəfər Cabbarlının, Hüseyn Cavidin və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin səhnəyə qoyulan əsərlərində yaddaqalan obrazlar yaradıb. Ülvi Rəcəb 1937-ci il repressiyaları zamanı həbs olunub və 1938-ci ildə güllələnib, yalnız 1956-cı ildə bəraət alıb. O, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun əmisi olub.
ƏZİZAĞA ƏSƏDOV
(1973-1993)
Şəhid Əzizağa Mirzəağa oğlu Əsədovun xatirə günüdür. O, 23 dekabr 1973-cü ildə Hacıqabul rayonunda anadan olub. Burada 1 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Azərbaycan Milli Ordusunun sıralarına əsgər kimi yollanıb. Əzizağa Əsədov 1993-cü il yanvarın 2-də Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Hacıqabul şəhərində dəfn edilib.