Dünyada yeni virus növü yayılıb.
Lent.az "eLife" portalına istinadən xəbər verir ki, yeni növ virusun adı "it qripi"dir.
Məlumata görə, alimlər bu virusun mutasiyaya uğraması təhlükəsi barədə xəbərdarlıq ediblər.
Bildirilir ki, qrip insan reseptorlarına çox tez uyğunlaşır və buna görə yoluxma qabiliyyəti yüksəkdir.
Hazırda dünya əhalisinin "H3N2" virusuna qarşı immuniteti yoxdur və digər ştamlara qarşı istehsal olunan antitellər "it qripi"ndən qorumur.
Olduqca yoluxucu və ölümcül olan "quş qripi" 2006-cı ildə itlərə keçib və zaman keçdikcə həmin virus mutasiyaya uğramağa davam edib. Yəni bu onu göstərir ki, yeni virusun yayılmasına səbəb "quş qripi"dir.
Mütəxəssislərin sözlərinə görə, virus məməlilərə daha tez yoluxur. İnsanlar arasında yoluxma isə hələlik azdır. Ancaq virusun məməlilərə belə asanlıqla adaptasiya olunması gələcəkdə böyük problemlərə səbəb ola bilər.
Onu da qeyd edək ki, Çin Kənd Təsərrüfatı Universitetinin alimləri 4000-ə yaxın xəstə it üzərində tədqiqat aparıb. Nəticədə hər 20 itdən birində H3N2 virusu aşkarlanıb.