Dünyada bu birincilik heç kəsi sevindirmir - Azərbaycanda abort faciəsi  - ARAŞDIRMA
10 noyabr 2022 13:01 (UTC +04:00)

Dünyada bu birincilik heç kəsi sevindirmir - Azərbaycanda abort faciəsi - ARAŞDIRMA

“Əslən Oğuz rayonundanam, 19 yaşımda atamgilin istəyilə Bakıda yaşayan qohumumla evləndirilmişəm. Ailədə 4 uşağıq, 3 qardaşın tək bacısı olmuşam. Həmişə ailəmizdə qardaşlarımla mənim aramda fərq qoyulub. Atam-anam məni qız olduğum üçün sıxıblar. Dərslərimi yaxşı oxumağıma baxmayaraq, məni universitetə qoymadılar. Dedilər ki, qız uşağı nədi, oxumaq nədi. Bəlkə oxusaydım, indi fərqli yaşamım olardı. Qardaşlarıma tanınan şans mənə tanınmadı”.
 
Bu sözləri 53 yaşlı Rəna Zakirova deyir və bildirir ki, ailə qurandan sonra da yoldaşının xasiyyəti ağır olub: “Yoldaşım çox kiçik olanda atasını itirib, anası onu və bacılarını körpəlikdən təkbaşına böyüdüb. Bacıları ərə gedib, evin maddi yükü, məsuliyyəti kişi olaraq yoldaşımın üzərinə düşüb...”
 
Müsahibin sözlərinə görə, yaşadığı çətinliklər həyat yoldaşı Namiqin oğlan övladı istəyini körükləyib, o, sanki üzərinə düşən məsuliyyəti şüuraltı olaraq kiminləsə bölüşmək istəyirdi: “Yoldaşım o qədər çətinlik çəkmişdi ki, biz evlənəndə artıq səhhətində problemlər yaranmışdı. Halbuki biz evlənəndə onun 30, mənim 19 yaşım vardı. Birinci övladımız qız oldu. Düzü, hiss elədim ki, ürəyincə deyil, amma üzümə vurmurdu. İki il sonra ikinci qızımız doğulanda evimizdə sanki yas düşdü. Planlaşdırılmamış hamiləlik idi, amma neyləmək olardı, uşağı məhv edəsi deyildim ki… Hətta uzun müddət körpəni qucağına almadı. Evə gec gəlir, spirtli içki qəbul edirdi. Deyirdi ki, nəslimin davamçısı olmayacaq....”
 
Rəna Zakirova qeyd edir ki, hazırda həmin qızın - Gülşənin 29 yaşı var: “Özümün təhsil almamağına baxmayın, hər iki qızımı oxutmuşam.  Böyük qızım Nigar hüquqşünasdır, hakim köməkçisi işləyir. Gülşən isə Tibb Universitetini bitirib, hazırda Türkiyədə reanimatoloq ixtisası üzrə uzmanlıq oxuyur. Ataları da, mən də qızlarımızla fəxr edirik. Təsəvvür edin ki, qaynımın oğlanları vardı, nə qədər şərait olsa da oxumadılar. Həyat yoldaşım isə həmişə övladları sayəsində nəslimizin içində başı uca durdu. Çünki nəsildə hamı bizim qızların savadından, tərbiyəsindən və dünyagörüşündən danışır. Həyat yoldaşım təqaüdə çıxıb deyə gəlirimiz bir az azalıb. Lakin qızlarımız bizə kömək edir, bal-qaymaq içində yaşadırlar. Hərdən həyat yoldaşımla zarafat edirəm ki, Gülşəni doğum evindən gətirəndə qaşqabaqlı idin… İndi kişi həmin günü xatırlayanda utanır, əsəbiləşir, deyir bu barədə zarafat etməyin. Hər gün görüntülü də olsa, Gülşənlə danışır, onu hətta böyük qız olan Nigardan da çox istəyir. Belə qızları olduğu üçün çox xoşbəxtdir”.
 
Müsahibimizin dediyi kimi, övladlar arasında cinsindən asılı olmayaraq fərq qoyulmamalıdır. Lakin Azərbaycanda ailələrin çoxu oğlan uşaqlarına üstünlük verir. . Bununla əlaqədar olaraq, qız uşaqlarına daha az dəyər verilməsi və bu səbəbdən doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulması problemi gündəmdədir.
Azərbaycanda gender həssaslığının artırılması ilə bağlı işlər görülməlidir.
 
Gender eskperti Avropa İttifaqı və BMT-nin Əhali Fondunun jurnalistlər və blogerlər üçün təşkil etdiyi “Azərbaycan mediasında gender həssaslığının artırılması” adlı təlimdə qeyd edib ki,  2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 116 oğlan düşür: “Əvvəllər selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi, Azərbaycan isə ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqlar arasında cinsə görə nisbət bioloji normaya uyğun olaraq 102-106 olmalıdır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir”.


Ekspert bildirib ki, ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb: “Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur”.
 
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.
 
Cəmiyyətdə kişilərin sayının bu cür artmağa davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”- deyə ekspert qeyd edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  isə bildirirlər ki, demoqrafik inkişafla bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir, qanunvericilik təkmilləşdirilir: “Belə ki, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanunları, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı, Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” qəbul edilib. Dövlət Komitəsi də mütəmadi olaraq ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı respublikanın regionlarında maarifləndirmə tədbirləri həyata keçirir. Bu maarifləndirmə kampaniyalarında əhaliyə cinsi yollarla ötürülən infeksiyalardan, arzuolunmaz hamiləlikdən qorunma yolları, selektiv abortun yolverilməz olduğunu haqqında mütəmadi məlumat verilir. Qadınlar daim gigiyena qaydalarına əməl etməlidirlər, özlərini müxtəlif infeksiyalardan qorumalı, abortlara, xüsusilə də selektiv abortlara üz tutmamalıdırlar”.
 
Mövzu ilə bağlı həkim, mama-ginekoloq Aysel Nəbiyeva bildirib ki, qız olduğu üçün ana bətnində körpəni məhv etmək nə peşə əxlaqına, nə də insanlığa sığır: “Cinsə görə hamiləliyin sonlandırılması şəxsən mənim üçün bir həkim olaraq, yolverilməzdir. Bu sağlam bir körpəni öldürmək deməkdir. Çox ciddi qüsuru yoxdursa, ananın həyatı təhlükədə deyilsə, o halda, mən o cür addımlara getmirəm”.
 
Aysel Nəbiyeva vurğulayıb ki, son illərdə selektiv abortlarla bağlı maarifləndirmə xarakterli materialların müsbət təsiri olub: “İnsanlar əvvəlki illərlə müqayisədə məhz cinsiyyətinə görə abortlardan nisbətən çəkinirlər. Düzdür, yenə də oğlan uşağına üstünlük verilir. Amma əvvəlki illərlə müqayisədə sanki azalıb. Məncə, qınaqlar təsirini göstərib. Hər halda, mənim müşahidələrim belədir. Adamlar cinsiyyətindən asılı olmayaraq, az uşağa meylli olub”.
 
Azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənli qeyd edir ki, övlad tanrının insana bəxş etdiyi nemətdir: “Hədislərdə deyilir ki, üç qız tərbiyə edən insana cənnət vacib olar. Oğlan nemətdirsə, qız rəhmətdir. Bu da Allahın xüsusi hədiyyəsidir. İnsanların cinsə görə övladını öldürməsi vəhşilikdir. Müasir dövrdə bu kimi mövzuların gündəmdən çıxmasına ehtiyac var”.
 
Bəs, bu kimi hallar qanunvericilikdə necə tənzimlənir? 
 
Bu haqda hüquqşünas Əliyar Hüseynovla söhbətləşdik. O bildirib ki, uşağın cinsi müəyyən olunanda artıq abort üçün icazə verilmiş vaxt bitmiş olur: "Xəstəxanalarda qadınların abort edilməsi qeydiyyata alınmadan gizli yolla aparılır. "Ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında” Qanununa əsasən, ana və körpənin sağlamlıq problemi olduğu hallarda həkim məsləhəti ilə abortun həyata keçirilməsinə icazə verilir. Əgər uşağın doğulması ananın ölümü ilə və yaxud digər fəsadlarla nəticələnə bilərsə və bu fikir həkimlər tərəfindən təsdiqlənirsə, uşaq abort edilə bilər. "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 30-cu maddəsinə əsasən, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər”.
 
Hüquqşünas deyib ki, tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər: "Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.
 
Qanunvericilikdə selektiv abortların həyata keçirilməsi nəzərdə tutulmur. Düşünürəm ki, selektiv abortların həyata keçirilməsi qəti şəkildə qadağan olunmalı, bu cür abortları həyata keçirən həkimlər məsuliyyətə cəlb olunmalı və onlara qarşı cəzalar daha da sərtləşdirilməlidir. Ümumiyyətlə, hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən olunması ilə bağlı aparılan müayinələr qadağan olunmalıdır. Cəzaları ağırlaşdırmaqla bərabər, dövlət tərəfindən islahatlar aparılmalıdır. Məsələn, çoxuşaqlı ailələrə dövlət qayğısının artırılması, onların rifahının yaxşılaşdırılmasına dair zəruri tədbirlərin görülməsi abortun qarşısının alınmasına müsbət təsir göstərər”.
 
Bəzən ailələrdə qadına abort etməsi ilə bağlı təzyiqlər olur, zorakılıq əlamətlərinə rast gəlinir. Qadın zorakılığa məruz qalırsa, ya müvafiq hüquq-mühafizə orqanına, ya Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etməli və yaxud da mia.gov.az saytına daxil olub onlayn şəkildə müraciət etməlidir.
 
Qadın təkcə fiziki deyil, eyni zamanda psixoloji, iqtisadi və s. digər zorakılıq növləri ilə üzləşən zaman BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə yaratdığı gender əsaslı zorakılıqla bağlı 860 Qaynar Xəttinə də müraciət edə bilər.
  
Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (012) 498 00 92 nömrəsinə də zəng etmək mümkündür.
 
Zorakılığa məruz qalan qadınlar qeyri-hökumət təşkilatlarından “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə (055) 314 35 15 nömrəsinə müraciət edə bilərlər.
 
Zorakılığa məruz qalan şəxslər eyni zamanda:
 
• Baş Prokurorluğun qaynar xəttinə 961 nömrəsinə zəng edə bilərlər.
• Ombudsmana 916 qaynar xəttinə müraciət edə bilərlər.
• Gəncədə yaşayan və zorakılığa məruz qalan qadınlar “Təmas”
İctimai Birliyinə (050) 753 28 01 nömrəsinə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacağının 142 çağrı mərkəzinə müraciət edə bilərlər.
• Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlar, zorakılığa məruz qaldığı zaman Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə komitənin (036) 545 39 75 telefon nömrəsinə və ya 102 qaynar xəttinə zəng edə bilərlər.

Qeyd: Bu yazı Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur. Yazıda əks olunan fikirlər Avropa İttifaqının, BMT-nin Əhali Fondunun və layihə tərəfdaşlarının mövqeləri ilə üst-üstə düşməyə bilər.

# 16794
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55