Dəbə çevrilən LİPOSAKSİYA  əməliyyatı kimlərə olmaz? - QİYMƏTLƏR
07 sentyabr 2021 12:29 (UTC +04:00)

Dəbə çevrilən LİPOSAKSİYA əməliyyatı kimlərə olmaz? - QİYMƏTLƏR

Dünyada, eləcə də Azərbaycanda plastik əməliyyat etdirən şəxslərin sayı getdikcə artır. Əvvəllər bu hal tanınmış şəxslər arasında daha çox dəbdə idisə, indi sadə vətəndaşlar da plastik əməliyyatlara müraciət edirlər.

Əməliyyat növlərindən biri də liposaksiyadır. Liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Sözügedən plastik əməliyyat növü çəki azaltmaq əməliyyatı olmayıb, pəhriz və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. 

Mövzu ilə bağlı Lent.az-ın suallarını plastik və estetik cərrahiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev cavablandırıb.

 

Plastik və estetik cərrahiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev

- Mirsaleh bəy, liposaksiya əməliyyatına kimlər müraciət edə bilər? Və kimlərə qəti əməliyyat keçirmək olmaz?

- Liposaksiya əməliyyatından normal bədən quruluşuna və çəkiyə malik olan müxtəlif nahiyələrdə dərialtı yağ təbəqəsinin yaratdığı nahamarlığın düzəldilməsi üçün istifadə olunur.

Bir çox yanaşı xəstəlikləri olan şəxslər sözügedən plastik əməliyyatı etdirə bilməzlər. Bunlara əsas olaraq hormonal və orqan çatışmazlıqları müşahidə olunan xəstələr aiddir.

- Əməliyyat üçün kiloqram fərqi varmı? Məsələn, hər çəkidən olan şəxs bunun üçün müraciət edə bilərmi?

- Birmənalı şəkildə deməliyəm ki, liposaksiya əməliyyatı çəki salmaq və ya arıqlatmaq əməliyyatı deyil. Bu əməliyyat yalnız müxtəlif nahiyələrdə dərialtı piy hesabına pozulmuş formanı düzəltmək üçündür. İnsanların əməliyyata çəki salmaq niyyəti ilə gəlmələri mənasızdır.

- Əməliyyatdan əvvəl nələrə diqqət olunmalıdır?

- Bütün əməliyyatlarda olduğu kimi liposaksiyadan öncə də “Check-up” paketi olunmalı və narkoz həkimi xəstəni dəyərləndirməlidir.

Müayinələrə əsasən, qanın ümumi təhlili, qanda şəkər, laxtalanma, infeksiyaların yoxlanılması, ağciyərlərin rentqen müayinəsi, ürəyin elektrokardioqrafiyası (EKQ) aiddir. Sözügedən yoxlanılmalardan sonra lazım olarsa, bəzi müayinələr də edilə bilər.

- Bəzi şəxslər iddia edirlər ki, götürülən piylər sonradan əmələ gəlir. Bu ola bilərmi? 

- Liposaksiya olunmuş nahiyələrdə yenidən piylənmə ola bilər, amma əvvəlki qədər pozğunluq yarana bilməz. Buna səbəb əməliyyat zamanı sorucunun boru yağlarını dağıdaraq çıxarmasıdır. 

- Azərbaycanda, eləcə də dünyada plastik əməliyyatlar zamanı ölüm halları ilə tez-tez qarşılaşırıq. Buna səbəb nələr ola bilər?

- Əməliyyatın fəsadları və ağırlaşmaları bütün əməliyyatlarda ola bilər. Liposaksiya əməliyyatında buna səbəb kimi piy emboliyasını və tromboemboliyanı qeyd edə bilərik. Burada baş verəcək fəsadı isə həkim səhvi kimi qiymətləndirmək olmaz.

Liposaksiya əməliyyatının qiymətinə gəlincə isə bildirək ki, ödəniş klinikalara və ya klinikalarda fəaliyyət göstərən həkimlərə görə dəyişir. Qiymətlər əsasən həkim müayinəsindən sonra bəlli olur. Plastik əməliyyatın qiyməti götürülən piyin həcmindən, əməliyyat olunan nahiyədən, istifadə olunan bandajlardan və s. xüsusi materiallardan asılı olaraq dəyişir.

Təqribən qiymətlər isə kiçik zonalar üçün (kürək və s.) 700 manatdan, qarın yanları üçün 1 000 manatdan, qarın üçün isə 1 600 manatdan başlayır.

Bundan başqa bütöv tam bədən şəkilləndirmə qiyməti isə 5 0007 000 civarındadır.

Əlavə edək ki, hazırda azərbaycanlıların liposaksiya əməliyyatı üçün müraciət etdiyi ölkələrdən birincisi Türkiyədir. Orada da, ölkədə olduğu kimi qiymətlər həkim müayinəsindən sonra bəlli olur. Ümumi olaraq isə qiymət aralığı qarın və bel üçün 8 500 (1 736 manat) – 30 000 (6 129 manat) türk lirəsi, qol, qarın, sinə, bel üçün isə 20 000 (4 086 manat) – 45 000 (9 193 manat) türk lirəsi civarındadır.

# 6459
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar