Daha bir alim ÜSYAN ETDİ : "Ramiz Mehdiyev istefa verməlidir!"
02 fevral 2022 10:38 (UTC +04:00)

Daha bir alim ÜSYAN ETDİ: "Ramiz Mehdiyev istefa verməlidir!"

Son vaxtlar mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev xoşagəlməz əməllərinə görə haqlı olaraq ciddi tənqid edilir. Lakin bəzi yazılarda, informasiyalarda bütövlükdə bu elm ocağı haqqında yersiz olaraq kəskin tənqidi fikirlər bildirilir. Əslində problem elmi işçilər, alimlər deyil, bu elm ocağının rəhbəri olan R.Mehdiyevin yarıtmaz fəaliyyətidir.

R.Mehdiyev uğursuz “islahatları” və qanunsuz təyinatları ilə AMEA-nın, elmi tədqiqat müəssisələrinin fəaliyyətini iflic vəziyyətə salmışdır. Təəssüflər olsun ki, Akademiya onun ucbatından indi ən kriminal, intriqalarla dolu bir məkana çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. İndi cənab Prezidentin rəhbərliyi, bilavasitə nəzarəti altında həmin bölgələrdə geniş bərpa-quruculuq işləri aparılır. Azərbaycan elminin demək olar ki, bütün sahələri işğaldan azad edilmiş bu bölgələrdə fəaliyyət göstərməlidir. Lakin bu işlər yalnız ayrı-ayrı alimlərin vicdanına buraxılmışdır. Bu istiqamətdə fəaliyyət üçün AMEA alimlərinin çox böyük elmi potensialı var. Amma bu potensialı təşkilatlandıran və irəli aparan rəhbər qüvvə hazırda yoxdur. Belə ki, AMEA-nın prezidenti kimi R.Mehdiyev bir dəfə də olsun işğaldan azad edilmiş ərazilərə səfər etməmiş, bu ərazilərdə elmi tədqiqatların aparılacağı sahələrə baxış keçirməmişdir.

Doğrudur, R.Mehdiyev kağız üzərində bu bölgələrlə bağlı formal sənəd imzalamışdır. Əslində, bu sənədin mahiyyəti nədir?

Belə ki, R.Mehdiyevin imzaladığı 2021-ci il 12 yanvar tarixli sərəncamla Rəyasət Heyətinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” təsdiq olunmuşdur. Bu Tədbirlər Planının “Qeyd” bölməsində hər bir elm sahəsi üzrə Qarabağla əlaqədar Azərbaycan alimlərinin əvvəllər apardıqları tədqiqatların nəticələrinə dair sanballı kitablar nümunə olaraq göstərilib və qarşıdakı işlərə dair tapşırıqlar yer alıb. Amma Tədbirlər Planında Azərbaycan arxeoloqlarına göstərilən nümunə R.Mehdiyevin məsuliyyətsizliyinin bariz nümunəsidir. Belə ki, hamıya məlumdur ki, işğal dövründə ermənilər bir sıra Avropa ölkələrindən alimləri cəlb etməklə Azərbaycan tarixinin ən qədim abidəsi olan Azıx mağarasında qanunsuz işlər aparıblar və nəticə olaraq 2016-cı ildə kitab çap ediblər. R.Mehdiyevin təsdiq etdiyi Tədbirlər Planının 33-cü bəndində Azərbaycan arxeoloqlarına ermənilərin və onların tərəfdaşlarının qanunsuz olaraq çap etdirdikləri məhz həmin kitab nümunə olaraq göstərilmişdir. Burada həm də bu kitabın erməni və avropalı müəlliflərinin, onların aid olduqları qurumların adları da göstərilmişdir. Bir il keçməsinə baxmayaraq Tədbirlər Planındakı cinayət xarakterli bu səhv hələ də düzəldilməmişdir. Belə tədbirlər azad edilmiş ərazilərdə elmi tədqiqatların təşkili deyil, əslində gözdən pərdə asma, R.Mehdiyevin öz təbirincə desək əsl “pokazuxadır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il mart ayının 15-də Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasının önündə çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər xaricdən alimlər cəlb etməklə bu abidədə qanunsuz qazıntılar aparıblar, amma bundan sonra burada Azərbaycan alimləri dəvət edəcəkləri xarici ölkə alimləri ilə birgə qanuni tədqiqatlar aparacaqlar.
Əlbəttə, Azərbaycan arxeoloqları cənab Prezidentin bu tapşırığını icra etmək üçün xarici ölkə mütəxəssislərini Azıxda işləməyə dəvət etdilər. Lakin AMEA rəhbərliyi həmin yerli və xarici mütəxəssislərə nəinki Azıx mağarasında işləməyə, hətta bu abidəyə baxış keçirmək üçün oraya bir günlük səfər etməyə də onlara icazə vermədi.

R.Mehdiyevin elmi tədqiqat müəssisələri ilə hesablaşmamağının acı nəticələrindən biri mənim də çalışdığım İnstitutla bağlıdır.

Belə ki, 2021-ci ilin 27 may tarixində AMEA-nın illik ümumi yığıncağında Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilərək “Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu” adlandırılması xəbəri yayıldı. Bu xəbər bütün institut əməkdaşları üçün sürpriz oldu. Çünki belə dəyişikliklər ilk növbədə İnstitutun Elmi Şurasında müzakirə edilir, təkliflər verilir, həmin təkliflər müvafiq elmi Bölmədə və Rəyasət Heyətində müzakirə və təsdiq edilir. Ən nəhayət Rəyasət Heyətinin müraciəti əsasında Nazirlər Kabinetində təsdiq edilir. Yəni bu ad dəyişikliyinin icra edilməsi üçün İnstitutdan heç bir elmi əsaslandırma, heç bir müraciət təqdim edilməmişdir. R.Mehdiyev belə bir əsaslandırmaya lüzum görməmişdir! Əslində tam yanlış olan bu ad dəyişikliyinin elmi əsaslandırılması mümkün deyil.
R.Mehdiyevin qanunsuz əməllərinin bir istiqamətini də İnstitutların “baş direktor”, “icraçı direktor” vəzifələrinə təyinatlardır. Əvvəla, AMEA-nın Nizamnaməsində belə vəzifə adları yoxdur. Bundan başqa, İnstitut direktoru seçkili bir vəzifədir. Sual yaranır: görəsən pandemiya dövründə R.Mehdiyev nəyə görə İnstitutların “baş direktoru” vəzifələrinə növbədənkənar seçkilər keçirdi? Axı əvvəlcə yeni vəzifə adı Nizamnaməyə daxil edilməli (əgər buna lüzum olarsa), və dəyişiklik edilmiş Nizamnamə Respublika Prezidenti tərəfindən təsdiqlənməli idi. Lakin bu proses baş verməmişdir və R.Mehdiyev belə saxta seçkiləri keçirmək üçün göstəriş vermişdir.

Bu “seçkilərin” keçirilməsi prosesi də ikiqat saxtalaşdırılmışdır. Bu “seçkilər” isə bir qayda olaraq pandemiya bəhanəsi ilə online keçirilir. AMEA-da demək olar ki, hər gün 50-60 və bəzən daha çox sayda insanların iştirak etdiyi yığıncaqlar keçirildiyi halda Bölmələr üzrə cəmi 14-15 nəfərin iştirak etdiyi seçki iclasları online keçirilir. Səbəb sadədir. Belə ki, əslində İnstitut rəhbərinin seçkisi üçün 1 ay əvvəldən elan verilir, və 1 ay müddətində iddiaçılar namizədliklərini irəli sürüb müvafiq sənədləri təqdim edirlər. Seçki prosesi isə real şəkildə, gizli səsvermə qaydası ilə keçirilir. Amma indiki halda online iclasda R.Mehdiyevin müəyyən etdiyi (o isə bunu məqsədli edir) adamın adı çəkilir və iclasdakıların əl qaldırması ilə həmin şəxs dərhal seçilmiş elan edilir.

Beləliklə, R.Mehdiyevin AMEA-da bütün bu “seçki” oyunları qeyri-qanunidir və legitim hesab edilə bilməz.

R.Mehdiyevin Azərbaycan elmini bərbad hala salması barədə faktları yalnız bir yazıda yerləşdirmək mümkün deyil. Onun AMEA-ya rəhbərlik etdiyi müddətdə yalnız şəxsi maraqlarını güdməsi, səriştəsizliyi və yarıtmaz fəaliyyəti göz qarşısındadır. Buna görə də 30 ildən artıq AMEA-da çalışan bir elm adamı kimi mən də professor Kərim Şükürov və digər ziyalılarımızın çağırışlarına qoşularaq belə hesab edirəm ki, Azərbaycan elminin xilası naminə R.Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verməlidir.



Nəcəf Müseyibli
Tarix elmləri doktoru, professor,
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun şöbə müdiri 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5610
avatar

Oxşar yazılar