Havalar soyuduqca enerjiyə qənaət etmək insanlar üçün aktual mövzuya çevrilir. Bu mövsümdə həm enerji qənaətini maksimum səviyyəyə çatdırmaq, həm də istilik itkilərini minimuma endirmək lazımdır. İş yerlərində və ya evlərdə istilik itkisinin qarşısını almaq üçün ediləcək ilk şey istilik izolyasiyasının olmasıdır. Evlərin izolyasiya edilmiş hissələrində istilik itkiləri demək olar ki, müşahidə olunmur. Ancaq radiatorun arxa hissəsi və qapı-pəncərə hissələri izolyasiya edilmədiyi üçün burada istilik itkiləri nəzərəçarpacaq dərəcədə yüksəkdir. Buna baxmayaraq, yaşayış mənzillərində istilik itkisinin qarşısını sadə tədbirlər vasitəsilə asanlıqla almaq olar.
Lent.az kiçik bir araşdırma edərək mənzillərdəki istilik itkisinin qarşısını almağın bir neçə sadə yolunu təqdim edir:
Bina örtüyünün quraşdırılması
Əgər bina evində qalırsınızsa, istilik itkisini minimuma endirmək üçün ən təsirli həll yollarından biri binanın kənardan örtülməsidir. Mövcud çöl divarının qalınlığını artıraraq çöldən soyuq havanın mənzilə daxil olması və binanın içindəki istiliyin xaricə çıxmasının qarşısını almaq olar.
Alüminium folqa
Radiatorlarda, xüsusilə də divarın künclərində quraşdırılmış olanlarda istilik itkisinin qarşısını almağın ən sadə yollarından biri onların arxa hissəsinə alüminium folqa yerləşdirməkdir.
Pəncərə və qapı izolyasiyası
Mənzillərdə istilik itkisinin çox olduğu yerlərdən biri də pəncərə və qapılardır. İstiliyin təxminən dörddə biri bu hissələrdə itirilir. Buna görə itkinin qarşısını almaq üçün alına biləcək ən düzgün tədbir ikiqat şüşəli pəncərələrin olmasıdır. Bu şəkildə istilik itkisi təxminən yarıya enir. Pəncərələrin və qapıların kənarlarından soyuq havanın daxil olmasının qarşısını almaq üçün pəncərə lenti və izolyasiya edilmiş süngərlərdən istifadə edilə bilər.
İstilik itkisinin qarşısını almaq üçün mənzillərin giriş qapılarının avtomatik bağlanması bina mənzillərinin daha isti olmasında faydalı olacaq.
Radiatorların təmizliyi
Radiatoru vaxtında təmizləmək istilik keçiriciliyini bir xeyli yaxşılaşdırır. Çalışıb onların qarşısına böyük əşyalar qoymamaq lazımdır. Bu zaman istilik otaqda daha səmərəli yayılacaq.
Termostatik klapandan istifadə edin
Bəzi hallarda otaq temperaturu lazım olan səviyyədən yuxarı qalxaraq yanacaq israfına səbəb olur. Bu hallarda otaqlarda radiatorlara quraşdırılan termostatik klapanlar tələb olunan otaq temperaturuna çatdıqda isti su girişini kəsərək onun lazımsız işləməsinin qarşısını alır.
Döşəmənin izolyasiyası
Döşəməyə bir şey sərmək evin istilik izolyasiyasını artırır. Bildirilir ki, istilik itkisinin təxminən 10 faizi döşəmələrin payına düşür. Buna görə taxta döşəmə hər nə qədər effektiv yollardan biri olsa da, itkinin qarşısını tam ala bilmir. Ona görə də soyuq havalarda döşəməyə xalça sərmək tövsiyə olunur.
Evdə istilik tarazlığını qorumaq
Məlumata görə, evləri yüksək temperaturda tez qızdırmaq tövsiyə edilmir. Çünki bu halda otaqların divarları tam qızmayacaq. Aşağı temperaturda mənzilləri yavaş-yavaş isitməyin daha effektiv olduğu deyilir. Bu zaman isinən ev daha gec soyuyacaq.
İstifadə etmədiyiniz otaqlar
Evinizdə istifadə edilməyən otaqlar varsa, onların radiatorunu söndürün və qapı-pəncərələrini bağlayın. Bu zaman boş otaqdakı havanın digər otaqlara keçməsinin qarşısı alınacaq.