"Mövsümdən öncə tərəfimizdən Cəmiyyətin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Bununla bağlı aidiyyatı qürumlara müvafiq məlumat verilib".
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, hazırda 191 yaşayış binası, 19 təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb. "Azəristiliktəchizat" ASC-nin məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.
"Məlumat üçün bildiririk ki, ümumilikdə ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8%-i "Azəristiliktəchizat" ASC-ə məxsus qazanxanalar vasitəsi ilə həyata keçirilir", - İlham Mirzəliyev qeyd edib.