Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. 30 ilə yaxın müddətdə bütün dünyanın yığılıb guya həllini axtardığı, əslində daha da mürəkkəbləşdirdiyi münaqişə, 30 illik ədalətsizlik, zülm, göz yaşı 44 günün içində həll olundu. Azərbaycan əsgərinin və Ali Baş Komandanın əzmi ilə.
Vətən müharibəsi Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Müharibədə iştirak etmiş hər bir Azərbaycan oğlunun həyatına nəzər salsan, dastan yaza bilərsən. Onlar hər nə qədər kənardan baxınca çox sadə, adi insanlar kimi görünsələr də şir ürəkli qəhrəmanlardırlar. Belə oğullardan biri də istefada olan polkovnik- leytenant Sadiq Paşa oğlu Rəsulovdur.
Müharibə başlayanda polkovnik-leytenant Sadiq Rəsulov istefada idi, lakin döyüş günü gələ, intiqam saatı başlaya, o evdə durub gözləyə bilərdimi?
“Müharibənin başladığını eşidən kimi dərhal səfərbərlik xidmətinə gedib, ərizə yazdım. Dedilər hələlik ehtiyac yoxdur, yer olan kimi çağıracağıq. Narazı qalsam da gəldim evə. Ürəyim dözmürdü. Müharibə xəbərlərini televiziyadan izləmək ağır gəlirdi. Səhəri günü evdəkilərlə vidalaşıb bir də qapıdan çıxdım. Ailəm, uşaqlarım, qonşularım məni sanki müharibəyə yox, toya-bayrama göndərirdilər. Uşaqlarım döyüşə getməyimlə fəxr edirdilər. Səfərbərlik xidmətinə getdim, dedilər, gözlə yer yoxdu. Dedim, a kişi, nə gözlə, mən görüşüb çıxmışam evdən, dala qayıtsam biabır olaram. Ya aparırsınız, ya da elə aparırsınız. Özüm Tərtərdə əvvəllər işlədiyim hərbi hissəyə getdim, könüllü kimi. Getməzdən öncə maşının baqajını narla, heyvayla doldurdum ki, əsgərlərə paylayaraq. Bacımın oğlu da getdiyim hərbi hissədə idi. Adım əmrə salınmadan bir başa döyüşə getdim. Düz dekabrın ikisinə qədər də geri gəlmədim. Həm əsgər idim, həm gizir, həm zabit. Əlimdən nə gəlirdisə, kömək edirdim ki, o qələbədə az da olsa əməyim olsun, əsgərə də kömək edirdim, hərbi hissə komandirinə də. Orda hamı beləydi, hamı canfəşanlıq edirdi”, - deyə keçmiş döyüşçü, artilleriya zabiti danışır.
Müharibənin hər anı bir il qədər uzun gələ bilər insana. Odun alovun içindən insan hansı xatirələrlə çıxa bilər, illərlə çiyin-çiyinə çalışdığın hərbiçi dostlarını itirdikcə hansı duyğuları yaşayarsan? Hər ölüm xəbərini bir zəfər xəbəri əvəzləyərsə insan hansı qarışıq duyğuların içinə düşər? Bütün bunları sağlam şəkildə qəbul eləmək, üstündən keçmək nə qədər çətindir, təsəvvür edirsiniz? Yox, bunu ancaq yaşayanlar bilər. Reaktiv artilleriya diviziya komandiri Sadiq Rəsulov kimi.
“Maraqlı xatirələr əlbəttə var. Oğlum Fuadın həmin günlərdə ad günü idi. Tort bişirtdirib, bir xeyli ərzaqla hərbi hissəyə gəlməsini, ad gününü cəbhədə, əsgərlər arasında qeyd eləməsini unuda bilmirəm. O vaxtlar mülki şəxslər orduya kömək eləmək üçün cəbhəyə qədər gedə bilirdilər. Orda heç kimin yadına ölüm qorxusu düşmürdü. Hamı irəli can atırdı. Rabitə cihazı ilə qələbə xəbərlərini aldıqca əsgərlər şirə, pələngə dönürdülər, heç kimi yerində tutmaq olmurdu. İşğaldan azad olan rayonların adı çəkiləndə yaşadığımız hissləri dillə demək çətin olar, söz tapa bilmirəm, bunu təsvir etmək üçün. Bu sevincin üstünə kölgə salan tək şey tanıdığımız, bildiyimiz adamların şəhid düşdüyünü görmək idi. Yaxın dostlarımdan biri, polkovnik –leytenant Xeyrulla İbrahimovun ölümü məni çox sarsıtdı, Füzuliyə komandir göndərdilər, 5 gün sonra ölüm xəbərini aldıq. Onunla istefaya da eyni gündə çıxmışdıq, könüllü olaraq döyüşə də eyni gündə gəlmişdik. Uzun illər birlikdə işləmişdik. Süleymanov Emin var idi. Birlikdə işləmişdik. Şuşanın azad edildiyi gün yanına mərmi düşməsi nəticəsində həlak oldu. Heyf ki, qələbə xəbərini eşitmədi. Mənim də şəhid xəbərim çıxmışdı. Ölənlərin içərisində adım çəkilib ailəmə deyilib. Həmin gün zəng etmişdilər, lakin qapalı yerdə olduğum üçün zəngi eşitməmişdim. 3 gün sonra özüm zəng edəndə evimizdə nələr yaşandı təsəvvür edirsiniz?” - bu sözləri deyib susur komandir. Əslində çox az danışan insandır. Uzun sükutunun ardında, yol çəkən gözlərin baxınca anlayırsan ki, cismi burda olsa da, xəyalı çox uzaqlarda, o odlu-alovlu günlərdədir.
“Bir dəfə müvəqqəti sakitlik idi. Çay içirdik. Birdən bir az yaxında mina düşdü. Stoldan yıxıldım, hiss etdim ki, ayağıma nəsə bərk dəydi. Qalxdım, elə bildim yaralanmışam, isti-isti ağrısını hiss etmirəm. Sonra bildim ki, qəlpə oturduğum stolun ayağını qırıb, ayağıma dəyən taxta parçasıdır. 1-2 santimetr fərqlə yaralanmaqdan xilas oldum. Yaralansam da, fərqi yox idi. Bu döyüşdə ölmək bir hərbiçi üçün vəzifə və şərfədir. Hərbiçi ömrümün ən şərəfli günləri həmin günlər oldu. Sevinirəm ki, bu ömrü boşa yaşamadım.
İndi torpaqlarını düşmən tapdağından azad etmiş, tarixi qələbəyə imza atmış, qüdrətini, gücünü sübut etmiş ölkənin vətəndaşları olaraq hər birimiz böyük qürur, iftixar hissi keçiririk. 30 il ərzində baş verən tarixi hadisələr göstərdi ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Azərbaycan əsgəri bütün dünyaya öz gücünü göstərdi.
Müharibənin davam etdiyi 30 il ərzində, xalqımız 20 mindən çox şəhid verib. İndi onların ruhu qarşısında vicdanımız rahatdır” deyir qəhrəman hərbiçimiz.
İllər, qərinələr ötüşəcək. Bu gün aramızda gəzən o igidlərin hər birinin adı dastana dönəcək. Koroğlunun 7777 dəlisi var idi, Qarabağ zəfərinin on minlərlə.