Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu valideynin alimentdən azad olunması ilə bağlıdır.
Nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul məbləği aliment adlanır. Elə münasibətlərdə boşanmadan sonra çox vaxt gündəmə gələn və zaman-zaman söz-söhbətə səbəb olan məsələ alimentlə bağlıdır.
Maraqlıdır, boşanma zamanı ata alimentdən nə vaxt azad oluna bilər?
Bu barədə Lent.az-ın sualını hüquqşünas Şamil Paşayev cavablandırıb.
Onun sözlərinə görə, bir neçə qayda var ki, bu hallarda valideynlər alimentdən azad oluna bilər:
“Nəzərə almaq lazımdır ki, aliment bir uşağa görə, maaşın 4-də 1-i, iki uşağa görə 3-də 1-i, üç və daha artıq uşağa görə isə maaşın yarısı miqdarında tutulur. Aliment işləməyən adamlar üçün sabit miqdarda tutula bilər. Hazırda bu məbləğ 2023-cü ilə görə, təxminən 220 manat miqdarında təyin edilib. Amma məbləğin hansı miqdarda tutulması məhkəmənin qərarına bağlıdır. Məhkəmə bu məbləği artıra və ya azalda bilər.
Aliment boşanma zamanı uşaq kimlə qalırsa, ona verilir. Bu hallarda valideynlər alimentdən azad oluna bilərlər:
- uşaq yetkin yaşa çatdıqda və ya tam fəaliyyət qabiliyyəti əldə etdikdə
- aliment ödənilən uşaq övladlığa götürüldükdə
- aliment alan və ya aliment ödəyən şəxs öldükdə
Bu hallar baş verərsə, valideyn alimentdən azad oluna bilər”.