"Bona Dea"da ağrıdan ölürdüm, yalvarırdım, veclərinə deyildi, gülürdülər" - Nigar Köçərli
19 yanvar 2026 14:52 (UTC +04:00)

"Bona Dea"da ağrıdan ölürdüm, yalvarırdım, veclərinə deyildi, gülürdülər" - Nigar Köçərli

1

“Əli və Nino” kitab evinin sahibi, Şahbaz Xuduoğlunun həyat yoldaşı Nigar Köçərli sosial şəbəkə hesabında “Liv Bona Dea” Hospitalda əməliyyatdan sonra tibb işçilərinin ona laqeyd yanaşdığını, həmçinin 1-2 saata yekunlaşmalı olan əməliyyatın heç bir açıqlama verilmədən 6 saat uzanması barədə paylaşım edib.

Lent.az xəbər verir ki, N.Köçərlinin sözlərinə görə əməliyyat yanvarın 14-də olub.

Yanvarın 14-də, səhər saat 7-də Liv Bona Dea xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.  

Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, – dedim. Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım. Sonra yenə yalvardım: “Xahiş edirəm, əlavə anesteziya edin”. Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər, dedim: “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”. Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. “Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin”, – deyə əlavə etdim.

Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. “Təbii ki, xahiş edirəm, edin”, – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz amma heç olmasa dodaqlarımı islada bilərdilər… Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma onlar da başa düşmürdülər ki, mən tərpənmək gücündə deyiləm, bədənimdə ağrıdan başqa heç bir hissim yoxdur. Anesteziya vuruldu və mən yuxuya getdim”.

Zərərçəkmiş qeyd edib ki, əməliyyatdan sonra oyananda tibb qardaşı onunla kobud rəftar edib:

Oyananda son dərəcədə kobud rəftarla üzləşdim. Tibb qardaşı, tonometrin manjetini və digər prosedurları əsəbi, və bağışlayın, heyvərəcəsinə edirdi. Amma mən artıq etiraz edəcək vəziyyətdə deyildim… Nəhayət, məni palataya gətirdilər. Saat artıq 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə “burada gözləyin” deyib saxlayıblar. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə reanimasiya otağına da dəvət edilə bilərdilər.  Normalda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər”.

Şikayətçi olduğumuzu biləndən sonra xəstəxananın bir neçə nümayəndəsi bizə yaxınlaşdı:

“Bizə yaxınlaşan və əsasən danışan türkiyəli bir xanım idi. Dedi ki, kameraları yoxlayacaq, tibb personalı ilə bağlı araşdırma aparılacaq və bizə məlumat veriləcək. Bir daha onu görmədik. Liv Bona Dea-da 3 gün qaldım, dəfələrlə “kamera araşdırması nə oldu?” deyə soruşdum. Heç nə. Sadəcə bizi qoyun yerinə qoydular.

Yanvarın 16-də nəhayət xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxardtdılar.

Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm… Sırağagün Şahbaz bəy bu barədə kiçik bir Facebook postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb dedi ki, “sadəcə smenlə bəxtiniz gətirməyib”. Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?”.

Xəstəxanadan məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, xəstə evə çıxış etdikdən sonra araşdırmaların nəticəsi ilə bağlı baş həkim xəstənin həyat yoldaşına telefon zəngi vasitəsi ilə məlumat verib:

"Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülmüş və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilmişdir. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunmuşdur. Tədbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat vermişdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1300

Oxşar yazılar