Saat 17:00-dən Avro 2020 Futbol üzrə Avropa Çempiontanın A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-İsveçrə oyununa bilet alan azarkeşlərin ekspres xətlərlə daşınmasına başlanılacaq.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, daşımalar oyunun başlanmasına 30 dəqiqə qalmışa qədər davam edəcək.
Daşımalarla əlaqədar cəlb edilən sürücülər bu gün səhər saatlarında müvafiq tibbi baxışdan keçirilib. Eyni zamanda onlara daşımaların təhlükəsiz və maneəsiz icrasına dair təlimatlar verilib.
Oyun bitdikdən sonra azarkeşlərin stadionun ictimai nəqliyyat terminalından metronun “Qara Qarayev” stansiyası və Səməd Vurğun bağı istiqamətlərindən daşınması həyata keçiriləcək. Stadiondan avtobuslarla qayıtmaq istəyən azarkeşlərdən xahiş edirik ki, oyundan sonra şimal və şərq qapıları istiqamətində hərəkət etsinlər.
Oyunlarla bağlı daşımaların davam etdiyi müddətdə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə də nəzarət artırılacaq.
Bir daha bilet alan azarkeşləri stadiona şəxsi nəqliyyat vasitələri ilə getməkdən çəkinməyə çağırırıq. Bu ilk növbədə azarkeşlərin özlərinin rahatlığı baxımından daha vacibdir.