Avqustun 28-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şahmat idman növü üzrə beynəlxalq qrossmeystr, Azərbaycan yığma komandasının üzvü, dünya kubokunun iştirakçısı, bir çox beynəlxalq turnirlərin qalibi, həmyerlimiz Namiq Quliyevin rayon ictimaiyyəti ilə görüşü keçirilib.
Lent.az xəbər verir ki, tədbirdən əvvəl Heydər Əliyev parkında yerli şahmatçılar və idman həvəskarlarının iştirakı ilə şahmat oyunu təşkil olunub. Gənc şahmatçılar öz bacarıqlarını nümayiş etdirib, qrossmeystr Namiq Quliyev onlara peşəkar məsləhətlər verib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar və şahmatsevərlər iştirak ediblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Namiq Quliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən beynəlxalq qrossmeystr Namiq Quliyev şahmatın inkişafı, beynəlxalq turnirlərdə qazandığı təcrübələr və gənclərə motivasiya verən məqamlar barədə fikirlərini bölüşüb. Namiq Quliyevin qardaşı Füzuli Quliyev, riyaziyyat müəllimi Səfər Quliyev, tanınmış ziyalı Vaqif Quliyev və digərləri də söz alaraq şahmatın regionda populyarlaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd ediblər, Beyləqan RİH başçısının bu sahəyə göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər.
Tədbirdə həmçinin dəfələrlə Azərbaycan çempionu, Azərbaycan yığmasının tərkibində Avropa çempionu, Fransanın "Şartır" komandasınının tərkibində ikiqat Fransa çempionu Rauf Məmmədovla telefon bağlantısı yaradıldı.
Tədbirin yekun hissəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək rayonun idman sahəsində əldə etdiyi uğurları vurğulayıb, şahmatın gənclərin intellektual inkişafında mühüm rolunu qeyd edib. O, Prezident İlham Əliyevin idmana və gənclərə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycanın idman ölkəsinə çevrildiyini bildirib. Əziz Əzizov həmçinin
“Qarabağ” futbol klubunun son oyunundakı qələbəsini ölkəmizin beynəlxalq arenadakı nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Sonda şahmatın inkişafında xüsusi xidmətləri və yüksək nailiyyətlərinə görə Namiq Quliyev, eləcə də gənc şahmatçılar Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.