Son zamanlar, daha dəqiq desək bahalaşmadan sonra yanacağın keyfiyyətsiz olması barədə şikayətlər artıb. Avtomobil sahibləri xüsusən də benzinin əvvəlkinə nisbətən keyfiyyətsiz olduğunu iddia edirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin ötən ilin yekunlarına aid konfransında da ölkədə istehsal olunan yanacağın keyfiyyətsizliyi qeyd edilib.
Tanınmış avtomobil eksperti Elçin Abbasov Lent.az-a bildirib ki, hazırda A-92 markalı benzinin keyfiyyəti daha çox azalıb. Onun sözlərinə görə, problemlər əsasən, səhər saatlarında avtomobili işə salanda özünü göstərir:
Avtomobil eksperti Elçin Abbasov
“Yanacağın bahalaşması onun keyfiyyətinin artırılacağı ilə əlaqələndirildi. Lakin hazırda A-92 markalı benzinin keyfiyyətsiz olduğunu görürük. Həmin markanın keyfiyyətsiz olması avtomobillərin səhər tezdən işə salınması zamanı özünü göstərir. Bu zaman ya avtomobillər işə düşüb tez sönür, ya da onun stabil dövrü qalxıb-düşür. Buna görə də avtomobili sürmək istəyəndə, normal hərəkət etmir. Nəticədə sürücülər məcbur qalıb maşını müəyyən qədər qızdırırlar. Bundan əlavə, yanacağın elə parametrləri var ki, onun keyfiyyətini yoxlamaq meyarı yoxdur. Məsələn, yanacağın keyfiyyət göstəricilərindən biri onun ekoloji normalara cavab verməsidir. Kükürdün miqdarının normada, yaxud normadan çox olması keyfiyyət göstəricilərindəndir”.
Ekspert sərfiyyat baxımından da şikayətlərin artdığını vurğulayıb:
“Problemlərdən biri də son zamanlar yanacağın sərfiyyatı ilə bağlıdır. Əgər əvvəl sürücülər 10 litr benzinlə 100 kilometr sürürdülərsə, indi həmin məsafə üçün 11-12 litr benzin lazım gəlir. Bu da benzinin keyfiyyətsiz olmasına dəlalət edir. Əsas problemlərdən biri yanacaqda aşağı temperaturda buxarlana biləcək fraksiyaların az olmasıdır. Yanacaq çoxlu fraksiyalardan ibarətdir, onların bir hissəsi aşağı, bir hissəsi isə yuxarı temperaturlarda buxar əmələ gətirməlidir. Bildiyimiz kimi, yanma prosesində iştirak edən yanacağın özü yox, onun buxarlarıdır. Bu buxarlanma aşağı temperaturda normal getmədiyi üçün səhər vaxtları avtomobilləri işə salmaq çətinləşir”.
Elçin Abbasov yanacağın keyfiyyətinin azalmasını istehsalçı zavodlarda proseslərin düzgün getməməsi ilə əlaqələndirib:
“Məlumdur ki, əvvəllər Azərbaycanda hətta A-95 markalı benzin də istehsal olunurdu. Sadaladığımız problemlər də əvvəl yox idi. Bu o deməkdir ki, yaxşı istehsal üçün zavodlarda imkanlar var. Görünən odur ki, istehsalçı zavodlarda proseslər düzgün getmir. Yaxud hansısa ucuzlaşma aparmaq üçün belə bir markalı benzin istehsal edirlər”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli monitorinqlərin nəticələrinə görə, istehlakçıların yanacaqdan olan şikayətlərində həqiqət olduğunu deyib. Ötən ilin yekunlarına dair tədbirdə çıxış edən rəis müavini bildirib ki, ölkədə istehsal olunan yanacağın keyfiyyətində problemlər mövcuddur.