Bakının mərkəzində "BOMBALI BUNKER":  "Çölə çıxmağa qorxuruq..." - REPORTAJ
15 noyabr 2022 17:55 (UTC +04:00)

Bakının mərkəzində "BOMBALI BUNKER": "Çölə çıxmağa qorxuruq..." - REPORTAJ

Sığınacaqdan narkomaniya yuvasına açılan yol...

“Ulduz” metrostansiyasının yanındayıq. Elçin İsaqzadə adına yaşayış massivində. Daha dəqiq desək, sakinləri narkoman olan sığınacaq yuvasında...

Hər gün yüzlərlə insanın yanında keçdiyi bu ərazidə yeraltı havalandırma boruları var. Elə bu boruların yanında da narkomanların yuvasına çevrilmiş bunkerlər mövcuddur.

İlk baxışda müharibə zamanı təhlükədən qorunmaq üçün yeraltı sığınacaq kimi görünsə də, indi bura narkomanların “yaylağına” çevrilib. 1960-cı illərdə Sovet dövründə insanların qorunması üçün tikilən bu yeraltı sığınacağın indiki sakinləri narkomanlardır. 

Pilləkənlərdən aşağı enərək qorxulu filmləri xatırladan sığınacağa daxil olanda qarşılaşdığımız mənzərə bunu bir daha sübut etdi. Zülmət qaranlıq olan otaqlarda hər tərəfdə eyni mənzərə ilə qarşılaşdıq.

İynə, dərmanlar, siqaret... 

Gördüyümüz mənzərə onu deməyə əsas verir ki, bura onların tiryəkxanasına dönüb. Yeraltı dünyanın gözdən uzaq dolanbac qaranlıq otaqlarına daxil olduqca divar künclərində yorğan-döşək və xüsusi dəzgahlara rast gəldik. Bu da onu göstərir ki, bura narkotik istifadəçilərinin etibarlı evinə çevrilib. 

Onlarla iç-içə yaşayan ərazi sakinlərin sözlərinə görə, həyətdə ipdən sərdikləri paltarları narkomanlar tərəfindən oğurlanır. Sakinlərdən biri əməkdaşımıza bunları söyləyib:

“Bu bunker 1950-1960-cı illər arasında ərsəyə gəlib. Müharibə zamanı yerli sakinlərin bombadan, güllədən qorunmağı üçün tikilib. Amma elə tikildiyi kimi daş, divar olaraq qalıb. İçərisi narkomanlar yuvasına çevrilib. Hər axşam ora girib, yemək yeyirlər, narkotik çəkirlər. Hallanandan sonra gecə gəlib həyətdən paltarlarımızı, əşyalarımızı oğurlayırlar”. 

20 ildir burda yaşayan insanlar qorxudan sığınacağın yanından belə keçmədiklərini dedilər:

“Burada 20 ildən çoxdur ki, yaşayıram. Amma qorxduğumdan ora bir dəfə də olsun girməmişəm. Bir az qaranlıq düşən kimi qadın, qız, uşaq çölə çıxmağa qorxur. Bu sığınacaq deyil, narkoman yuvasıdır. Polis gəlib 2-3 gün nəzarət edir. Bir neçəsini tutub aparır. Sonra yenə yığışırlar”.

Qarşılaşdığımız mənzərə bir sual yaradır. İllər əvvəl, 1960-cı ildən tikilən bunkerin bu vəziyyətdə qalmasının səbəbi nədir?

Araşdırmamız nəticəsində məlum olur ki, bura Nərimanov rayonun balansında olmayan ərazidir. Bu səbəbdən məsul şəxslər heç bir cavabdehlik daşımadığını bildirir. Elə bu səbəbdən sahibsiz qalan ərazi təhlükə mənbəyinə çevrilib.  

Məsələni daha da aydınlaşdırmaq üçün Lent.az-ın əməkdaşı bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladı. Ordan verilən məlumata görə, bu ərazi onların balansında deyil.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə ünvanladığımız sorğumuza isə yekun cavab verilmədi. Bildirildi ki, məsələ araşdırılacaq və yaxın günlərdə məlumat veriləcək. Həmin cavabla da oxucularımızı da tanış edəcəyik. 

Bu da belə... Bəlkə, aidiyyəti qurumlar məsələyə 62 ildən sonra ciddi yanaşar...

Fotolar: Orxan Kerimsson

# 8493
avatar

Fidan İlqar

Oxşar yazılar