Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA-dan Lent.az-a verilən xəbərə görə, baxış zamanı bağçada istifadə olunan ət məhsullarının həftəlik olaraq “Qubadoğlu” MMC-yə məxsus kəsimxanadan baytarlıq ekspertizasından keçirilərək müvafiq sənədlər əsasında gətirildiyi, qida məhsullarının “El-Oba” MMC tərəfindən təmin olunduğu, ümumi nəzarətin isə “Depot” MMC tərəfindən həyata keçirildiyi məlum olub.
Eyni zamanda qida blokuna baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib.
Qeyd edək ki, 32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirildiyi ilə bağlı iddialar yayılıb.