“Hələ də süni qidanın adını yazıb yeni doğuş edən ananın əlinə verirlər”.
Lent.az xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə sosial şəbəkə hesablarında məlumat paylaşıb. O bildirib ki, yeni doğuş edən anaya alternativ vermək olmaz:
Tanınmış pediatr Aytən İsmayılzadə
“Onun nəinki adını yazıb əlinə vermək, heç qulağına pıçıldamaq da olmaz. Çünki süd hasilinə cavabdeh olan prolaktin hormonu beyində ifraz olunur və o psixikanın təsirinə məruz qalır. Şüuraltı olaraq "çatmasa bundan verəcəm" fikri artıq onun tənbəlliyinə, südün azalmasına gətirir.
Hər cür ana var. Bəlkə kimsə qorxduğundan, kimsə rahatlıqdan, kimsə səbirsizlikdən bu yola qaçacaq. Amma onu bu yola çəkmək olmaz. Çünki biz onu günahlandıra bilmərik ki, sənin ağlın harada idi. Onun uşağına öz uşağımız kimi sahib çıxmırıqsa, günah elə özümüzdədir”.
Qeyd edək ki, A.İsmayılzadənin sözügedən paylaşımı geniş müzakirələrə səbəb olub. Pediatrla yanaşı bir neçə şəxs də bununla bağlı müvafiq addımlar atılması üçün Səhiyyə Nazirliyinə müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, pediatrın paylaşımında nəzərdə tutulan müəssisə özəl klinikadır:
“Bu səbəbdən də onun bizə aidiyyəti yoxdur”.
Qeyd edək ki, paylaşımda yer alan resept vərəqəsinin aid olduğu “Leyla Medical Center”dən də münasibət almaq istəsək də, klinika bundan imtina edib.
Son olaraq əlavə edək ki, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 10.6. maddəsinə görə, süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır.