“Mən həyatımın yarı hissəsini “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm. Vallah, yoruldum”.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, Lənkərandan gələn bütün məktublarda “Azərsu” ilə bağlı şikayət var.
Deputat regionlarda əsas problemin işsizlik olduğunu qeyd edib: “Regionlarda işsizliklə bağlı məsələni həll etmək lazımdır. Şəhərdə insanlar gedir “moyka” açır, bir şəkildə özünü dolandırır. Biz insanların regionlara qayıdış məsələsinə diqqəti artırmalıyıq”.
Rüfət Quliyev supermarketlərdən də şikayətlənib: “Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.