"İstixana fəaliyyəti ilə məşğul oluruq. İstifadə etdiyimiz qaza görə müəyyən qədər borcumuz yaranıb. Hər il SOCAR "Azəriqaz" İstehsalat Birliyi bu istiqamətdə bizə köməklik göstərib. Sizdən xahişimiz odur ki, bu il də bizə köməklik edəsiniz".
Lent.az xəbər verir ki, bu sözləri sahibkarlıq subyekti Nofəl Əliyev "Açıq mikrofon" aksiyası çərçivəsində Şəmkir sahibkarları ilə keçirilən görüş zamanı bildirib. Mikrofon önünə keçən Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi görüşün sahibkarların qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləmək və köməklik edilməsi üçün təşkil olunduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən sahibkarlar da qarşıdan gələn mövsümədək yaranan borcun hissə-hissə ödənilməsi üçün güzəşt olunmasını xahiş ediblər. Səsləndirilən hər bir müraciət qeydiyyata alınıb və ünvanlanan suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.