Azərbaycanlı arıçı:  “Gecikirik...”
02 aprel 2021 11:17 (UTC +04:00)

Azərbaycanlı arıçı: “Gecikirik...”

“Hazırda arıların inkişafı 15-20 gün gecikir”.

Bunu Lent.az-a açıqlamasında Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı bildirib. Onun sözlərinə görə, buna səbəb havaların soyuq keçməsidir:

“Soyuq hava şəraiti təbiətin oyanmasını, ağacların çiçək açmasını ləngidir. Arı da təbiətlə birlikdə oyanır. Ağaclardan çiçək tozu toplaması, yumurta qoyması üçün bu vacibdir. Bunlar olduqda arı ailəsi güclü inkişaf edir. Buna görə də hazırda arıların inkişafı gecikir”.

Elvin Bayramlı deyir ki, bu il arı ölümləri də baş verib.

“Bu, qarlı havalara görə deyil, arı xəstəlikləri səbəbindən baş verib. Qarlı, soyuq havada əgər arının yemi varsa, burda ölüm halı baş vermir. Sadəcə, arıçı ona qida dəstəyi, bal verir və bu məsələ həll olunur. İnkişafdan geri qala bilər, amma qar arı ölümünə səbəb ola bilməz. Arının soyuqla bağlı problemi olmur. Əgər onun pətəyinin normal havalandırması, normal yemi varsa, heç bir problemi yoxdur. Deyirlər ki, soyuğun nəsə təsiri olar, mən inanmıram Azərbaycanda belə bir problem olsun. Bu əsas məsələ deyil. Bu vəziyyət arı satanların sayını azalıb. Alanların da sayı çoxalıb”.

Mütəxəssis bu il bal istehsalının güclü olacağına ümid etdiklərini də bildirdi:

“Ümid edirik ki, havaların isinməsi ilə arıların inkişafı da sürətlənəcək və bal mövsümünə arılar güclü çıxacaq. Bəzi arıçılarımız bildirir ki, bu il arı mövsümü yaxşı, bal istehsalı güclü olacaq. Həm dağətəyi, həm də dağlıq bölgələrdə məhsulun bol olması gözlənilir. Amma onu da deyim ki, bu, sadəcə gözləntidir. Ümid edirik ki, elə olacaq. Reallığı bilmirik. Hər şey təbiətdən asılıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar