Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edib.
Qurumdan Lent.az-a verilən məlumata görə, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
İctimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) arasında müsabiqə ayrı-ayrılıqda keçirilir.
Müsabiqəyə müraciət tələb olunan sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması yolu ilə edilir.
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifəsi üzrə aparılır.
Ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifənin qiymətləndirilməsi Azərbaycanın Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
– ictimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə Qaydalarda göstərilən sahələrdən hər hansı bir üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər;
– idman məzmunlu informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) isə Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.
Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.
Müraciətlərin qəbulu 2021-ci il iyunun 1-dən iyunun 11-i saat 18:00-dək həyata keçirilir.