“Azərbaycanda İİV-lə yaşayan 7867 nəfərdən 78,5 faizi 25-49 yaş qrupunda olan şəxslərdir. 17 yaşa qədər olanlar isə 2 faizdir”.
Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib.
O bildirib ki, terapiya nəticəsində hamilə qadınlarda bu virusa yoluxma faizi minimuma endirilir: “Hətta bu, 98 faiz halda effektli olur”.
Onun sözlərinə görə, 2020-ci ildə qlobal olaraq 680 min nəfər QİÇS-dən ölüb:
“2010-cu illə müqayisədə qadınlar arasında ölüm hallarında azalma müşahidə olunub. Ötən illərlə müqayisədə Azərbaycanda da QİÇS-dən ölüm hallarında 2 dəfə azalma müşahidə olunur”.
Həkim onu da bildirib ki, immun çatışmazlığı virusu olan şəxs istənilən virus infeksiyalarına yoluxduğu halda ağırlaşma halı daha yüksəkdir. “COVID də virus infeksiyasıdır. Belə şəxslərdə digər qruplara nisbətən ağırlaşma halları daha çox olur”.