Benzinlə çalışan maşınlara quraşdırılaraq, sərfiyyatın azalmasına kömək edən LPG qaz sistemi düzgün qulluq olunmadığı təqdirdə daha çox xərc tələb edir.
Lent.az xəbər verir ki, avtomobil mütəxəssislərinin sözlərinə görə, sürücülər LPG qaz sistemi ilə 40 faiz daha az yanacaq sərf edə bilir. Onlar bildirir ki, düzgün qulluq edilməyən avtomobillərdə yanacağa 40 faiz qənaət etmək mümkün olmadığı kimi, digər təhlükələr də üzə çıxır.
Ümumilikdə isə LPG qazlarının motorun işinə faydalı olduğu qeyd olunur. Belə ki, bu sistem motor yağını kirlətmir və bununla da motorun ömrünü uzadır. Bundan əlavə, ekspertlər bildirir ki, benzin 100 km məsafəyə 10 litr sərf etdiyi təqdirdə, LPG 12 litr sərf edir. Ancaq qaz daha ucuz olduğu üçün sərfiyyatlı hesab olunur. Həmçinin LPG qazları benzindən daha təhlükəsizdir. Çünki hadisə zamanı benzin ətrafa yayılaraq, bütün avtomobili yandıra bilir. Ancaq hətta qaz borusu deşilsə belə, avtomatik onun xaricə çıxmasının qarşısı alınır. Benzin ətrafa çıxa bilir, amma qaz yanacaq çənində qalır.