Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Sadiq Gözəlov
24 sentyabr 2021 16:01 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Sadiq Gözəlov

Atasına görə arzusundan olan jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə vəzifədə idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az Dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini təqdim edir:  

Layihəmizdə bu dəfə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Sadiq Gözəlovdan bəhs edəcəyik.

65 yaşlı Sadiq Gözəlov ömrünün 22 ilini sevərək çalışdığı vəzifəsinə həsr edib. Çoxları onu polis əməkdaşı kimi tanıyır. Amma o əvvəl jurnalist kimi fəaliyyət göstərib daha sonra isə mediadan Daxili İşlər Nazirliyinin mətbuat katibi vəzifəsinə gəlib. Əvvəlcə hüquqşünas olmaq istəyi Naxçıvandan Bakıya üz tutan gənc Sadiqin arzusunu ürəyində qoyur. Çünki atası o vaxtlar kənd klubunun müdiri işləyirdi. Həmin vaxtlar belə bir qayda vardı: dövlət qulluğunda çalışanların övladlarını hüquq fakültəsinə götürmürdülər. Gözəlov daha sonra sənədlərini filologiya fakültəsinə verir. Bu dəfə də şansı gətirmir. Təhsil almaq əsgərlikdən qayıdandan sonraya qalır. Bir il Sumqayıtdakı Boru-Prokat Zavodunda işləyən Sadiq Gözəlov əla qiymətlərlə universitetin jurnalistika fakültəsinə daxil olur. Beləliklə, onun hüquqşünas olmaq arzusu qalır bir tərəfə, jurnalist olur. Məktəbi bitirdikdən sonra bir müddət Naxçıvan televiziyasında çalışır. Daha sonra AzTV-nin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri təyin olunur. 1995-ci ilin iyun ayına qədər, yəni Daxili İşlər Nazirliyinə gələnə kimi televiziyada işləyir.

22 il DİN-in mətbuat xidmətinə rəhbərlik edən polis polkovniki Sadiq Gözəlov o zamanki Daxili İşlər naziri Ramil Usubovun imzaladığı əmrlə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 2017-ci ildə təqaüdə çıxır. Ona xidməti geyim formasını daşımaq hüququ verilir. S. Gözəlov daha sonra daxili işlər nazirinin digər əmri ilə Azərbaycan Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilir. O, 2021-ci ilin fevral ayında həmin vəzifədən də azad edilir. 

S.Gözəlov hazırda təqaüddədir. 

# 14541
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar