Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tovuz rayonu, Əyyublu kəndində fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirib.
Qurumdan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqədə ət satışının baytarlıq baxışı və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.
Orqanoleptik baxış zamanı mənşəyi və keyfiyyətinə ciddi şübhələr yaranan ümumi çəkisi 34 kq olan ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində qeyd olunan ətin “E-coli”, “BÇQB” və “Streptococcus spp” bakteriyaları ilə çirkləndiyi və at əti olduğu aşkar olunub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 34 kq at ətinin satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.