APA TV-yə müraciət edən II qrup əlilin problemi həll edildi
25 iyun 2021 11:01 (UTC +04:00)

APA TV-yə müraciət edən II qrup əlilin problemi həll edildi

Zabratda II qrup əlil Elşən Təhməzovun evindəyik. Ailənin mavi yanacaqla bağlı təminatında problem vardı. Elə həmin problemi yaradan səbəbləri aydınlaşdırmağa gəlmişik. 

İki azyaşlı övlad atası Elşən Təhməzov Bakının Zabrat qəsəbəsində Ruhulla Axundov küçəsi-10 ünvanında yaşayır. İki ildir ailəsi ilə birgə yeni mənzilinə köçüb.

APA TV-nin qaynar xəttinə müraciət edən Təhməzovlar ailəsi evlərinin mavi yanacaqla bağlı təminatı məsələsində problem olduğunu bildirmişdi. Biz də Təhməzovlar ailəsinin xahişini “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin diqqətinə çatdırdıq.

Müraciətimizdən dərhal sonra “Azəriqaz”ın mütəxəssisləri əraziyə baxış keçirib, lazım olan sənədləşmə işlərini həyata keçiriblər.

Ötən gün isə Təhməzovlar ailəsindən artıq onların mənzilinə qaz xəttinin çəkildiyi ilə bağlı xəbər aldıq.

Üz tutduq deyilən ünvana. İkinci qrup əlil Elşən Təhməzov deyir ki, evində mavi yanacaq olmadığı üçün çox çətinlik çəkib: “Bir neçə müddətdir müraciət etmişdik evimizin mavi yanacaqla təminatı ilə bağlı. Ailəm, iki azyaşlı övladım var. Çətin olurdu. Hər dəfə qonşuluqda yaşayan anamgilə üz tutmalı olurduq. Şükür bu günə. Təşəkkür edirəm. Gəldilər, sxem çəkdilər, bir ay müddətində problemi həll etdilər. APA TV-yə də təşəkkür edirəm ki, problemimi işıqlandırdınız”.

Elşənin həyat yoldaşı Nəsibə Təhməzov deyir ki, mavi yanacaq olmadığı üçün qonşuda biş-düş edirmiş: “Ailə də yeganə işləyən mənəm. Uşaqlar da azyaşlıdır. Elşənə baxmaqda çətindir. Mavi yanacaq üçün qonşuların evində biş-düş edirdik. Çox sağ olsunlar, müraciətimizi nəzərə alıb bizi də sevindirdilər”.

“Azəriqaz” İB-in əməkdaşı Famil Əsədullayev qaz xətti qurumun daxili imkanları hesabına çəkilib: “Bizə müraciət etmişdi ailə. Komissiya təşkil olundu. Komissiyanın rəyi nəticəsində mənzilə qaz çəkilişi ilə bağlı qərar verildi. Layihə smeta sənədləri hazırlandı. Mənzilinə baxış keçirildi. “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına Elşən Təhməzovun mənzilinə də mavi yanacaq çəkildi. Sayğac quraşdırıldı”.

Səhər saat 11.30-da başlayan qaz xəttinin çəkilişi elə həmin günə, axşam saat 17.00 radələrində tam başa çatdırıldı. Beləliklə, Təhməzovlar ailəsinin mənzili mavi yanacaqla təmin olundu.

APA TV

# 1467
avatar

Oxşar yazılar