Anasını elçiliyə göndərib özü şəhadətə yüksəldi – REPORTAJ
02 yanvar 2021 16:00 (UTC +04:00)

Anasını elçiliyə göndərib özü şəhadətə yüksəldi – REPORTAJ

44 günlük Vətən Müharibəsində mərdanə şəkildə şəhadət zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də 19 yaşlı Emil Əziz oğlu Sadıqzadədir.

APA TV-nin xəbərinə görə, Emil 21 iyun 2000-ci ildə Samux rayonun Qovlarsarı kəndində anadan olub.

Məktəb həyatına 2006-cı ildə doğulduğu kənddə başlayır. Lakin doqquzuncu sinifdə təhsilini yarımçıq qoyaraq Gəncə Musiqi Kollecinə daxil olur. 2019-cu ildə kollecin qarmon müəllimliyi sinfini bitirib, hərbi xidmətə yollanır. Xidmətinin ilk 3 ayını geridə qoyduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə seçilir. Hərbi xidmət dövrünü bitirməsinə cəmi 3 ay qalmış torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılır. İlk gündən ön cəbhədəki qızğın döyüşlərdə vuruşur. Cəbrayıl, Füzuli və Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə yaxından iştirak edir. Oktyabrın 15-də isə Füzuli şəhərin mərkəzinin işğaldan azad olması uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur.

Atası Əziz Sadıqovun sözlərinə görə, Emilin ailəsi ilə son danışığı şəhidlik zirvəsinə ucalmasından 7 gün öncəyə təsadüf edir: “Özü açıqlamırdı, amma 27-də döyüş başlayandan müharibədə iştirak edib. Bizə deyirdi təlimlərdəyəm. Axırıncı danışığımız 27-də olub, hamı ilə xeyli danışdı. Elə danışırdı, elə bil, biz müharibədəyik, o burdadır. Deyirdi, özünüzü qoruyun. Dedim, müharibədə iştirak etmisənmi? Dedi, yox, məndə heç nə yoxdur”.

Anası Şəlalə Əsədova son danışıqlarını belə xatırlayır: “Mənimlə axırıncı dəfə danışanda dedi ki, Fizulinin iki-üç kəndi, bir də rayon mərkəzi qalıb. 27-də danışmışdı. Onu da dedi, bir-iki günə alınacaq. Qorxmaz uşaq idi. Öz arzusuyla getmişdi. Ağcabədidə gəlib seçmişdilər, Xüsusi Təyinatlılarda qulluq edirdi. Sağlamlığını yoxlamaq üçün Gəncəyə, hospitala gətirmişdilər. Getdim, görüşdüm, dedim ki, getmə, çətindir, getmə. Dedi, yox, ana, mən istəyirəm, ora gedəcəm...”

“Mənim arzularım var, arzularıma çatmaq üçün orda qulluq edəcəm. Döyüşdən qorxmuram. Müharibə bitəndən sonra evimizə sağ-salamat gələcəm, narahat olmayın”. Bu fikirlər gənc şəhidimiz anası ilə sonuncu telefon danışığındandır. Anası Şəlalə xanım deyir ki, Emil çətinlikdən qorxmurdu. Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etdiyi üçün də ailəsi ilə danışanda həmişə döyüşdə olmasını gizlədirmiş: “Döyüşdən heç qorxmurdu. Həqiqətən heç demədi ki, qorxuram, ya nəsə. Ancaq deyirdi ki, qabaqda gedirik, mənə heç nə olmaz. Sözü o idi”.

Atasına isə heç nədən qorxmadığını deyirmiş: “Demirdi, açığı. Açıqlamırdı harda olduğunu. Deyirdi, gələndə deyərəm. Amma şəhid olduqdan iki gün sonra təmiz alındı Fizuli. Hələ tam alınmamışdı. Deyirdi ki, mən qabaqda gedirəm. Qorxmayın, deyirdi, mənə heç nə olası deyil. Bizə heç nə olası deyil”.


Emil Sadıqzadə hərbi xidmətdən qayıdandan sonra polis olmaq arzusu ilə yaşayırdı. Anası “övladım hərbi xidmətə yollananda istəkli olub” deyir. Özü də hələ kollecdə oxuyarkən sevməyə başlayıbmış indi gözüyaşlı qalan istəkli xanımı: “İstədiyi var idi. Onunla birlikdə oxuyurdular, ondan bir kurs aşağı idi. Əsgərliyə gedəndə də dedi, ana, onun razılığını al valideynlərindən. Mən də getdim, razılığını almışdıq. Gələndə nişan taxacaqdıq. Hamısı gözümdə qaldı. Bir-birini hədsiz çox istəyirdilər. Bir dəfə mənə zəng edəndə deyirdim, iki-üç dəfə ona zəng elə, onunla danış, çox darıxır. Deyirdi, yox, ana, ona da zəng edirəm, sənə də. Çox istəyirdi. O da gözüyaşlı qaldı, mən də”.

“Emil bizim fəxrimiz idi” deyir şəhidimizin xalası. Göz yaşlarına hakim ola bilməyən Aygün Həsənova onu sonuncu dəfə andiçmə mərasimində görübmüş: “Emil heç nədən çəkinməyən oğlu idi. Qohumcanlı, mehriban, qohumları, dostları başına and içən bir oğul idi. Mən fəxr edirəm ki, Emilin xalasıyam. Mən bu göz yaşımı tökə-tökə bacıma, yeznəmə minnətdaram ki, elə bir oğul böyüdüb”.

Qanı ilə çəkdiyi zəhməti boşa getmədi onun. Geriyə bütöv bir vətəni əmanət buraxan igidlərimizdən birinə çevrildi Emil. Xüsusi Təyinatlı Qüvvələrin şəhid əsgəri Emil Sadıqzadə şəhadətindən sonra isə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3435
avatar

Oxşar yazılar