Apardığım növbəti elmi işə yekun rəyləri əlavə etmək məqsədilə yanvarın 15-də yaşadığım Almaniyada hələ dan yeri ağarmamış artıq iş masasında idim. İşin ağırlığından yaranan yorğunluğu cənab Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri ilə bağlı qarşıma çıxan xəbərlər aradan qaldırdı.
Lent.az xəbər verir ki, bu fikirlər Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin ünvanlandığı məktubda yer alıb.
Soydaşımız yazır: Dövlət başçısının "Instagram"da paylaşılan videoda dediyi "Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəri" cümləsi bizim də işə daha pozitiv və enerjili başlamağımıza zəmin oldu.
Bu xəbərə Azərbaycanımızı sevən və bu gün özünü qalib hesab edən bütün azərbaycanlılar kimi mən də sevindim. Sevincimə fərqli qürur qatan isə bu hissləri qürbətdə yaşamağım idi. Bütün bunlar artıq səhər-səhər xəstəxanada əməliyyatlara başlamazdan öncə üz cizgilərimə yansımışdı. Bütün alman iş yoldaşlarım niyə bu qədər sevincli olduğumu soruşanda Birinci vitse-prezidentin "Instagram"da paylaşdığı videonu göstərib tərcümə edirdim və Şuşanın bizim üçün nə demək olduğunu izah etməyə çalışırdım. Məsələnin mahiyyətini anlayan iş yoldaşlarım artıq məndən Azərbaycan Prezidentinin Şuşa səfəri ilə bağlı növbəti videoların nə zaman nümayiş olunacağı ilə maraqlanmağa başladılar. Hətta onların “nə qədər səmimi və xalqa yaxın prezidentiniz var, bu cür önəmli səfərin anonsunu özü verir” deməsi məni daha da qürurlandırdı.
Təbii ki, mən bundan sonra onlara Azərbaycanda dövlət-xalq birliyinin yüksək səviyyədə olduğunu, Azərbaycan xalqının Prezidentin ətrafında necə sıx birləşdiyini, Ali Baş Komandanın tarix yazan necə bir sərkərdə olduğunu izah etməyə başladım.
Çalışdığım xəstəxanada günün ilk əməliyyatını bitirib əməliyyat zalını tərk edərkən gözlərimə inanmadım: Bütün alman həmkarlarım sosial şəbəkələrdə Şuşaya səfərlə bağlı Ali Baş Komandanımızın nümayiş olunan yeni video və fotolarına baxırdılar.
Məni görəndə ilk sualları güllələnmiş heykəllərlə bağlı oldu. Çox təsirləndim. Böyük Üzeyir, Natəvan və Bülbül də sanki qürurla baxırdılar Şuşaya. Düzünü desəm, bu anda cənab Prezidentin heykəllərə baxarkən kameralara yansıyan qürurlu duruşu məni kövrəltdi. İş yoldaşlarıma dedim ki, Azərbaycanın mədəniyyət beşiyi, dünyanın isə mədəniyyət nümunəsi götürə biləcəyi Şuşaya səfər etmək hər kəsə nəsib olmur, həmin yerlərə getməyi unutmayın.
Bizim işğaldan azad olunan torpaqlarımıza olan sevgimizi duyduqca onlarda yaranan marağı görməmək mümkün deyildi. Sonradan mənə Cıdır düzündəki hələ illərcə danışılacaq videonu göstərib bunun nə demək olduğunu soruşdular. Videoya bir neçə dəfə təkrar-təkrar baxdım, “Böyük Qayıdış”ın hər bir addımının milli mədəniyyətimizə söykənəcəyini gördüm, o videoda, həmçinin dəyərlərə verilən qiymətlə yanaşı, Azərbaycanın dostları və düşmənlərilə bağlı mesajını da aldım. Bütün bunları bir azərbaycanlı kimi yanımda olan iş yoldaşlarıma izah etdim. Hamısı çox maraqla dinləyirdi. Bu zaman mənimlə bir neçə dəfə Azərbaycanda olmuş bir professor yanımıza gəldi, məsələdən xəbərsiz idi, videolara baxa-baxa artıq ona alman yoldaşlar nə baş verdiyini izah etməyə çalışırdılar. Mən isə danışdıqlarımın düzgün anlaşılmasına xüsusi diqqət edirdim. Professor sonda mənə dedi: “Nuran, bunlar möhtəşəmdir və sən bilirsən ki, biz də sizin dostlarınız olaraq çox sevinirik”.
O, məndən sevincimizi necə ifadə edə biləcəyimizi soruşdu. Dedim ki, növbəti beynəlxalq tibbi konfransımızı Şuşada keçirək və “cənab Prezident, dostlarımız sevinir” deyək...”. / azərtac