Əgər görüşməyə razılaşdığınız oğlan haqqında “detektiv bacarıqlarınızı” artıq işə salmısınızsa, yəqin ki, onun sosial media səhifələrini diqqətlə incələmisiniz. Və etiraf etmək lazımdır ki, paylaşdığı şəkillərlə bağlı sizdə artıq bir neçə “qırmızı bayraq” yaranıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, narahatlıq doğuran fotolar arasında silahlarla şəkillər, gün eynəyindəki avatarlar, idman zalından çoxlu selfilər və əlbəttə ki, balıqla çəkilmiş kadrlar var. Psixoloqların tədqiqatlarına əsasən, kişilərin selfiləri onların şəxsiyyətindəki “qaranlıq” xüsusiyyətlərin göstəricisi ola bilər. Belə fotoların norma halına gəlməsi, onların xarakter barədə məlumat vermədiyi anlamına gəlmir.
“Qaranlıq triada” nədir?
Personality and Individual Differences jurnalında dərc edilən elmi araşdırmaya əsasən, kişilərin selfiləri ilə bağlı iki amil onların “qaranlıq triada” adlanan şəxsiyyət xüsusiyyətlərinə malik olub-olmadığını göstərə bilər. Bu triadaya aşağıdakılar daxildir:
Narsissizm – insanın özünü daha ağıllı, cəlbedici və digərlərindən üstün hesab etməsi, eyni zamanda daxili özgüvənsizliyini gizlətməsi.
Makiavellizm – şəxsi məqsədlərinə çatmaq üçün başqalarını manipulyasiya etmək və aldatmaq meyli.
Psixopatiya – empatiya və mərhəmət çatışmazlığı, impulsiv və riskli davranışlara meyillilik.
Bu üç xüsusiyyət narsissik və ya antisosial şəxsiyyət pozğunluğunun əlamətləri hesab olunur – gündəlik dildə desək, narsislər, sosiopatlar və psixopatlar.
Ohayo Dövlət Universitetinin alimləri 18–40 yaş arası 800 amerikalı kişi arasında onlayn sorğu aparıblar. Onlardan sosial şəbəkələrdə nə qədər selfi çəkdikləri və paylaşdıqları barədə soruşulub, daha sonra onların narsissizm, psixopatiya və antisosial meyillərini qiymətləndirən testlər keçirilib.
Psixoloqlar hesab edir ki, kişinin Instagram hesabında bu iki cüzi, amma mühüm əlamət varsa, o, “qaranlıq şəxsiyyət” xüsusiyyətlərinə malik ola bilər.
1. Çoxlu selfi paylaşır
Təəccüblüdürmü? Əslində yox. Hətta intuitiv şəkildə çoxlu selfi paylaşan kişilər haqqında “nəsə düzgün deyil” hissi yaranır. Alimlər müəyyən ediblər ki, kişi nə qədər çox selfi çəkib paylaşırsa, narsissizm və psixopatik davranış göstəriciləri bir o qədər yüksək olur.
Əlbəttə, təkbaşına səyahət edərkən bir-iki selfi çəkmək tam normaldır. Amma “hər səhər oyananda belə görünürəm” tipli selfi kolleksiyası artıq xəbərdarlıq siqnalıdır. Şəkil çəkmək bir şeydir, onu paylaşmaq isə tamam başqa mesaj verir.
Narsissizmlə çoxlu selfi paylaşma arasındakı əlaqə gözlənilən olsa da, psixopatiya ilə əlaqə alimlər üçün sürpriz olub. Bu, empatiya çatışmazlığının və impulsiv davranışın göstəricisidir.
2. Selfilərini çox redaktə edir
Əgər kişi paylaşmazdan əvvəl şəkillərini redaktə edir, filtrlər tətbiq edir, dəridəki qüsurları silir və ya “Miami günəşi” effekti əlavə edirsə – bu, psixopatiya deyil.
Ohayo Universitetinin dosenti Cessi Foksun sözlərinə görə: “Psixopatik insanlar impulsiv olurlar. Onlar şəkil çəkir və dərhal paylaşırlar. Onlar üçün özlərini dərhal görmək vacibdir, redaktəyə vaxt sərf etməzlər.”
Amma şəkillərini diqqətlə işləyən, filtrlərdən istifadə edən və kameraya “poza verən” kişilər, adətən, yüksək narsissizm və özünü-obyektləşdirmə səviyyəsinə malikdirlər. Bu, o demək deyil ki, hər selfi paylaşan bloger psixopatdır, lakin araşdırma göstərir ki, belə davranışlar şəxsiyyətin narahat edən tərəflərini üzə çıxarır.
Tədqiqat həm də heteroseksual kişilər arasında özünü-obyektləşdirmə (yəni xarici görünüşü şəxsi keyfiyyətlərdən üstün tutma) ilə bağlı aparılan ilk işlərdən biridir. Foks bildirib: “Biz bilirik ki, özünü-obyektləşdirmə qadınlarda depressiya və qidalanma pozğunluqları kimi ciddi nəticələrə gətirib çıxarır. Sosial medianın təsiri artdıqca, bu, həm kişilər, həm də qadınlar üçün daha böyük problemə çevrilə bilər”.