Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində Almaniyada ayda 10 min dollar aldığı işini atıb, ölkəmizə köçən həkim barədə müzakirələr yenidən qızışan İsrail-Fələstin münaqişəsini də unutdurdu. Söhbət 12 il Almaniyada işləmiş ürək cərrahı Nicat İbrahimovdan gedir.
Bilmirəm nədəndir, hər mövzuda susan, yatan azərbaycanlının pul və maaşla bağlı məsələlərdən söz düşəndə, gözləri açılır.
Sevirik başqalarının pulunu saymağı. Bəlkə də kasıb yaşamağımızın vərdişdir, qanımıza işləyib. Bəziləri həkimi qınayır ki, o cür imkanları atıb geri gəlib, bəziləri də deyir ki, ölkəmizdə yaxşı ürək həkimləri əməliyyatı 15 mindən aşağı etmir, bu məbləğin 5 mini onun birbaşa zəhmət haqqıdır. Ayda 20 əməliyytdan 100 min qazanacaq həkim nədən almanların sərt qanuni tələbləri ilə işləsin k?
Bəziləri bir az da irəli gedərək yazır ki, əgər doğrudan da həmin soydaşımızın vətənpərvərlik damarı tutubsa, getsin 1 il Laçında, Zəngilanda, Füzulidə qanuni əmək haqqına işləsin, biz də deyək, afərin! Tanımadan həyat verəsi adamı həyatdan küsdürdük.
Mən həkimi tanımıram. Amma ümumən sosial şəbəkədəki rəylərə əsasən özümüzü tanıyıram. Hər işə bir qulp qoymasaq olmur. Birincisi, Nicat həkim Bakıda yox, Şirvan rayonunda işinə davam edəcək.
İkincisi, niyə Nicat həkim aya 100 min qazanmasın ki? İllərlə oxuyub, zəhmət çəkib, ən çətin peşəyə sahib olub. Hansısa toy müğənnisi, transgender fenomen, tiktoker ayda 100 min qazana bilər, peşəkar həkim yox?
Üçüncüsü, onun vətənə qayıtmaq səbəbi bu işin ən diqqətəlayiq tərəfidir. Statistikaya görə , Azərbaycan ürək xəstəlikləri səbəbindən ölənlərin sayına görə dünyada 2-ci yerdədir. Odun içində oturmuşuq, bir damcı üstümzə su tökəsi adama da “bunu niyə edirsən, qazanc götürəcəksən? suallarını veririk. Allah bizim köməyimiz olsun. Bu qara düşüncələrlə, ürək xəstəsi də olarıq, beyin xəstəsi də.
Ürək xəstəliyinin həkimi gəlib çıxdı. Pul, önyarğı xəstəliklərinə çarə edən təbib də tapılsaydı...