Acunun görüşünə Acunvari Replika
23 oktyabr 2023 12:42 (UTC +04:00)

Acunun görüşünə Acunvari Replika

Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı oktyabrın 22-si Bakıya gəldi. Acundan milyonçu olmağın sirrini öyrənmək istəyənlər eləmə tənbəllik, qiymətləri  40-490 manat arasında dəyişən biletlərdən alıb salonu doldurdular.

Amma kabab iyinə gedənlər gördülər ki, yox heç demə eşşək dağlayırmışlar. Acun "telefonları söndürün, çox maraqlı və özəl şeylər danışacam" deyərək, diqqətləri özünə çəkməklə yanaşı burdakı boş söz-söhbətin kənara yayılmaması üçün də zəmin yaratdı.

Bu görüşdən Acun yaxşı qazanmış olar, o daşı sıxıb suyunu çıxarmağı, yumurtadan yun qırxmağı bilən bacarıqlı iş adamıdır. Bakıya səfərində də söhbətini yox, eləcə adını satıb pulunu qazandı. Bakılı tamaşaçı sadəcə brendə pul verdi. Bizim olmaya bu “marka takıntımız”.

Tamaşaçı nə qazandı? Onu deyə bilmərəm, öyrənmək istəyən ondan cəsarəti, sıfırdan başlamağı, hədəf qoyub ona çatmaq yolunda dincəlmədən yol getməyi öyrənə bilərdi. Bundan ötrü o görüşə getməyə dəyməz. Otur evdə, internet vasitəsilə araşdır, öyrən.

Bildiyim odur ki, bu görüşdən əksəriyyət gözlədiyini ala bilmədi. Ən azından ona görə ki, tədbirə qoyulan adla tədbirin məzmununun heç bir əlaqəsi yox idi.

“İnnovativ inkişaf, startaplar və fürsətlər”. Acun Ilıcalıdan maraqlı bir çıxış, təqdimat gözləyənlər onun məzəli xatirələrini dinləyib dağılışdılar.

Nə innovativ inkişaflardan nə, startapladan söz açıldı. İnsafən adam yaşadığı və dəyərləndirdiyi fürsətlərdən məzəli bir dillə bəhs etdi. Bu qədər.

Tamaşçılarla selfie çəkdirdi və getdi. Tamaşaçı sadəcə əyləndi. Onu da hamı yox. Gözləntiləri çox olanlar “bəlkə indi maraqlı nəsə olar, bu dəqiqə olar” deyə-deyə 1 saat gözlədi və saat yarımlıq proqram vaxtından tez bitdi. 

490 manat verib bu görüşə getməyə dəyərdimi? Məncə yox. Əgər niyyətimiz qonşuya hava atmaq, “Acunla şəklim var” demək deyildisə dəyməzdi. 

Nəsə öyrənmək üçün gedənlərlər məyus qaldılar. Əslində nə öyrənmək istəyirdi izləyici? Onun milyonlarının yerini? Varını verən utanmaz, nə bilirdi, ondan da danışdı. "Master klass" idisə bunu bu qədər bacarırmış. Acun bu biletləri heç kimə zorla satmamışdı, istəməyən almazdı. Bu kişi də təyyarəsindən "şortiki", “şapşupu” ilə düşüb gələndə görüşə nə qədər hazırlıqlı gəlməsinin anonsunu vermişdi. Sağ olsun, ən azından səhnəyə şalvarla çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8859
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar