Abituriyentlərin ən çox seçdiyi ixtisaslar  AÇIQLANDI
31 avqust 2021 14:29 (UTC +04:00)

Abituriyentlərin ən çox seçdiyi ixtisaslar AÇIQLANDI

Xəbər verdiyimiz kimi, bu gün ali məktəblərin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Maraqlıdır, abituriyentlər ən çox hansı ixtisaslara qəbul olmaq istəyirlər? Onların əsas seçimləri hansılardır?

Lent.az-ın suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, COVID-19 pandemiyası abituriyentlərin ixtisas seçimlərinə də təsirsiz ötüşməyib:

təhsil eksperti Kamran Əsədov

“I ixtisas qrupu üzrə əvvəllər abituriyentlərin əksəriyyəti neft-qazla bağlı fakültələrə üstünlük verirdilər. Bu il isə hətta az bal toplayanların da İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Komputer elmləri və digər ixtisaslara çox böyük marağı var. Bunun səbəbi pandemiya dövründə insanların onlayn, elektron xidmətlərdən istifadəsinin genişlənməsidir.

II ixtisas qrupunda abituriyentlər əvvəllər maliyyə, mühasibatlıq ixtisaslarına qəbul olmaq arzusunda olsalar da, bu il onlar Biznesin idarə edilməsi və iqtisadiyyatla bağlı fakültələrə qəbul olmağa daha çox meyilli olublar. Bunun səbəbi elə koronavirusun geniş yayılması oldu. Çünki pandemiya müddətində onlayn ticarət, onlayn biznes şirkətləri xeyli mənfəətlər əldə etdi. Bununla da illərdir ki, daha çox mübarizə aparılan ixtisasları müəyyən qədər məğlub olmağa başladılar”.

K.Əsədov qeyd edib ki, bu il III ixtisas qrupunda ixtisas seçimi ilə bağlı dəyişiklik olmayıb:

“İllərdir olduğu kimi, yenə də Hüquqşünaslıq fakültəsi öz aktuallığını qoruyur.

IV ixtisas qrupunda isə bu il maraqlı tendensiya yaranıb. Doğrudur, indiyədək tibb aktuallığını qorusa da, qida təhlükəsizliyi, qida ehtiyacları, kənd təsərrüfatı sahələrinə abituriyentlərin meyillənməsi üstünlük təşkil etdi”.

# 21801
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar