Azərbaycandan Səudiyyə Ərəbistanına ümrə ziyarəti üçün gedən sonuncu zəvvar qrupu martın əvvəlindən ölkəyə qayıdıb.
Lent.az-ın məlumatına görə, qayıdanlar ümumillikdə 66 nəfər olub.
Həmin şəxslər koronavirus təhlükəsi ilə bağlı karantinə alınmayıb. Məlumata görə, buna səbəb müayinə olunan zəvvarlarda xəstəlik əlaməti aşkarlanmamasıdır.
Səudiyyə Ərəbistanı fevralın 27-də koronavirus təhlükəsi ilə əlaqədar ümrə ziyarətini qadağan edib. Mart ayından isə ölkə vətəndaşları üçün də ziyarət qadağan olunub.
Ölkənin xarici işlər naziri qadağanın nə vaxta qədər davam edəcəyini bildirməyib.
Qeyd edək ki, hər il 7 milyona yaxın insan Səudiyyə Ərəbistana ümrə ziyarətinə gedir.
Hazırda adı çəkilən ölkədən Türkiyəyə qayıdan minlərlə zəvvar qrupları karantinə alınır.