Dünya ictimaiyyətini təşvişə salan koronavirus epidemiyası səbəbilə elan olunan karantin rejimi davam edir. Bu müddət ərzində qoyulan bir sıra qaydalar var ki, əhali bunlara riayət etməlidir. Maska taxmaq da bunlardan ən vacibi hesab olunur. Amma ictimaiyyəti narahat edən və düşündürən suallar var. Maskaların keyfiyyəti onun qiymətindən aslıdırmı? Ucuz maska səhhət üçün nə kimi zərərləri ola bilər?
Dermotoloq Araz Kazımov mövzu ilə bağlı Lent.az-a danışıb. Dermotoloq bildirib ki, maska taxmaq vacibdir və buna əməl olunmalıdır. Amma...
“Son aylar tibbi maskalar gündəlik həyatımıza daxil olub və geyimimizin ayrılmaz aksesuarına çevrilib. Vacibdir və əməl olunmalıdır. Ancaq gündəlik taxdığımız maskalar dərimizdə qıcıqlanma və qaşıntı, həmçinin səpgilər yarada bilər. Bunun yaranma səbəbi, təmas nəticəsində dərinin həssaslaşması və maska altında yaranan nəm havadır".
Bəs ucuz və ya hər hansı maskanın bu fəsadından necə uzaq olmaq olar? Sən demə bununda öz "şorbası" varmış.
Həkim belə izah edir:
"Maskanı çıxardıqdan sonra əgər dərinizdə həssasiyyət və qaşıntı hiss edərsinizsə çobanyastığı bitkisini içdiyimiz adi çay kimi dəmləyib soyudun və yumşaq tənzif və ya binti 8 qat qatlayıb həmin dəmləmədə isladaraq ağız ətrafına bir neçə dəfə hər dəfə 5 dəqiqə olmaqla kompres edin. Bitirdikdən sonra krem çəkin. Ehtiyac olarsa proseduru bir neçə gün, gündə bir neçə dəfə təkrarlamaq olar. Əksər hallarda yüngül kontakt dermatiti sakitləşdirmək üçün yazdıqlarım kifayət edir. Əgər daha ciddi səpgilər (akne, perioral dermatit) əmələ gələrsə o zaman dermatoloqa müraciət edə bilərsiniz. Maskadan daimi istifadə edin. Özünüzü və yaxınlarınızı virusdan qoruyun”.
Ötən həftə respublikanın baş infeksionisti Cəlal İsayev maskaların qiymətinin aşağı salınmasıyla bağlı müvafiq qurumlara müraciət etmişdi. C.İsayev AzTV-nin efirində bildirib ki, bəzi insanlar deyir ki, maska almağa o qədər pulu yoxdur: "Çünki gündəlik ən azı beş dəfə maska dəyişməli olursan. Bu bəzi insanların maddi durumuna təsir edə bilər. Ona görə mən müvafiq qurumlara müraciət edirəm ki, maskanın qiyməti aşağı salınsa daha yaxşı olar. Maska taxmağa nəzarət lazımdır. Hamımız supermarketlərə gedirik. Mənzərəni görürük. Gənclərin çoxu maska taxmır. Onlara irad tutanda cibindən çıxarıb maskanı taxır. Supermarketlərin rəhbərləri iki nəfər nəzarətçi ayıra bilər və içəri girən insanların hamısından maska taxmasını tələb edə bilər. Yaxud da marketə gələn hər bir adama pulsuz maska paylaya bilərlər".
Sonda qeyd edək ki, hazırda ölkədə maska satışı müxtəlif qiymətlərdə icra olunur. Belə ki, rezin və ipli maskalar 0.30 azn , klapanlı maskalar isə 1 -5 azn qiymətində alıcılara təqdim olunur. Qaydaya görə 1 şəxsə sadəcə 5 ədəd maska satıla bilər.