Təsisçisi əcnəbilər olan təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələb müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişiklik hüquqi şəxs statusu almaq istəyən təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması barədə müraciətinə əlavə edilən sənədlərlə bağıdır. Bu sıraya təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin Təhsil Nazirliyi ilə razılaşdırılması barədə sənəd əlavə edilir.
Qeyd edək ki, “Təhsil haqqında” qanunun 30.5-ci maddəsinə əsasən, təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.