Saxta sənədlərlə evdən çıxanlara hansı cəzalar veriləcək? - Hüquqşünas DANIŞIR
07 aprel 2020 17:40 (UTC +04:00)

Saxta sənədlərlə evdən çıxanlara hansı cəzalar veriləcək? - Hüquqşünas DANIŞIR

"Hər hansı hüquq verən saxta sənədi hazırlayanı və ya satan şəxsi 2 ilə qədər həbs cəzası gözləyir".

 Bu sözləri saxta sənədlərlə karantin rejiminin pozulması barədə Lent.az-a danışan hüquqşünas Şamil Paşayev deyib.

Xəbər verdiyimiz kimi dünən Bakıda saxta sənəd hazırlayan dəstə üzvləri saxlanılıb. Belə ki, dəstə üzvlərinin karantin rejimində evdən çıxmağa icazə verən saxta sənəd hazırladıqları və onu 20 manata satdıqları müəyyən edilib.

Şamil Paşayevin sözlərinə görə, karantin rejiminin pozulmasına görə inzibati həbs yalnız məhkəmələrin səlahiyyətindədir: 

"Saxta sənəd hazırlamaqla şəxslərin hərəkətinə qoyulan məhdudiyyəti aradan qaldırma, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə məsuliyyətə səbəbə olur. Həmin maddə isə özündə sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasını  ehtiva edir. Hərəkəti məhdudlaşdırılan şəxsə həmin sənədlərin verilməsi də, saxta sənəddən istifadə də, karantin rejiminin pozulması kimi başa düşülür və fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun tələbinə əsasən, müvafiq olaraq polis əməkdaşları bu hallarla bağlı İXM-nin 211-ci maddəsinə əsasən protokol tərtib edə, şəxsi cərimələyə və ya baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərə bilər. İnzibati həbs tənbehi yalnız məhkəmələrin müstəsna səlahiyyətindədir, hakimin qərarı ilə verilə bilər".

 Həmsöhbətimiz  saxta sənəd hazırlamanın cinayət məsuliyyətinə səbəb olmasından danışarkən  yalnız hüquq verən, vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmanın cinayət məsuliyyətinə səbəb olmasını bildirib: 

 "Cinayət Məcəlləsinin 320-ci maddəsinə görə, hüquq verən, vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsuliyyətinə  səbəb olur. Bu maddəyə əsasən, həmin şəxslər 3 ilədək azadlığın məhdudlaşdırılma və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yuxarıda sadalanan saxta sənəddən qəsdən istifadə etmə özü də məsuliyyətə səbəb olur. Bu zaman isə qanun pozuntusuna yol verən şəxs barədə iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə gözləyir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4114
avatar

Mehman Nəbiyev

Oxşar yazılar