Rusiya xəstəxanalarına COVID-19-a qarşı preparat olan, virusun artmasının qarşısını alan “Avifavir” daxil olub. İlk dərmanları Moskva, Leninqrad, Novqorod, Kirov, Nijeqorod vilayətlərinin tibb məntəqələri alıb.
Lent.az xəbər verir ki, preparat məcburi tibbi sığorta proqramına daxil olan rusiyalılar üçün ödənişsiz olacaq. Hazırda Rusiyada “Avifavir”ə qarşı yüksək tələbat olduğundan onun ölkənin bütün regionlarına çatdırılmasına dair danışıqlar aparılır. 10-dan çox ölkədən “Avifavir”in çatdırılmasına sorğular alınıb.
“Kliniki sınaqların nəticələri "Avifavir"i dünyada ən ümid verən dərman preparatlarından biri hesab etməyə imkan verir”, – Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kiril Dmitriyev qeyd edib.
Preparatın sərbəst satış üçün nəzərdə tutulmadığı bildirilib. O, yalnız xəstəxanalarda əlçatan olacaq. Bu ay ərzində ümumilikdə 60 min “Avifavir” istehsalı planlaşdırılır. Zərurət yaranarsa, istehsalın həcmi ildə iki milyona qədər artırılacaq.
Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun hazırladığı bu dərman dünyada koronavirus infeksiyana qarşı qeydə alınan iki preparatdan biridir.