Köynəkdə gizlədilən zəhər, qardaş qəbri, “onu diri tutun” – SƏBUHİ MƏMMƏDLİ YAZIR
17 mart 2020 13:01 (UTC +04:00)

Köynəkdə gizlədilən zəhər, qardaş qəbri, “onu diri tutun” – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Yaylaqda doğulmuşdu, Həmzəçəmən yaylağında. Avqustun 18-də, 1948-ci ildə. Anası Teyyibə adını Hava qoymuşdu. Yaş kağızında isə adını Qaratel yazdırır nədənsə. Amma kənddə hamı onu Hava deyə çağırır ömrü boyu. Vur-tut 44 il ömür sürür. Bəlkə də neçə seriyalı filmə sığışmayan bir ömür. Sonu şəhidliklə bitən şərəfli bir ömür.

 Hə, Qazaxda, Aşağı Əskipara kəndində böyüyüb. Şəmi Hacımahmudovun ailəsində. Elə həmin kəndəcə orta məktəbi bitirib sonradan Bakı Sovet Ticarəti Texnikumuna daxil olmuşdu. Bir müddət Gəncə şəhər univermağında satıcı, sonradan şöbə müdiri işləmişdi. Təhsilinə də ara verməmişdi; Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsinin tələbəsi olmuşdu. Buranı bitirdikdən sonra isə tale onu Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Neft Kəşfiyyatı İdarəsinə aparıb çıxarmışdı. Düz 1991-ci ilədək orda çalışmışdı.

 

Hə, zaman o zaman idi ki, artıq bütün sərhədyanı rayonlar kimi Qazax da mütəmadi olaraq Ermənistan tərəfdən atəşə tutulurdu. Ən ağır vəziyyət isə elə Aşağı Əskiparada yaranmışdı. Həm bu kənd, həm də Sofulu, Barxudarlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara və Xeyrimli Ermənistan ərazisində anklavda idilər. Ermənilər ilk olaraq bu kəndləri ələ keçirmək istəyirdilər. Həmin ərəfədə ən ağır döyüşlər isə Aşağı Əskiparada gedirdi.

 …Bu kənddə Hacımahmudovlar ailəsini ziyalı ailə kimi tanıyırdılar. Ailədə, xüsusən də böyük qardaş Məhəmmədin təsiri ilə hamı təhsilə meylli idi. Həmkəndlilərinin dediyinə görə, Məhəmməd hələ gəncliyində hansısa gizli təşkilatın üzvü olub. Bunu onun əsgərlikdən öz əmisi oğluna göndərdiyi məktublardan da bilmək olur. Düzdür, əmisi oğluna yazılan bu məktublar uzun müddət gizli saxlanılmışdı. Amma ən maraqlısı odur ki, Məhəmmədin bütün məktublarının sonu bu cümlələrlə bitirdi: “Azərbaycanın azadlığı uğrunda mübarizəyə hazır olun!”. Qarateli 1988-ci ilin xalq hərəkatına gətirib çıxaran da elə qardaşından aldığı tərbiyə idi. Bir maraqlı məqam isə bilirsinizmi nədir? Hələ 80-ci illərin ortalarında Qaratel göy, qırmızı, yaşıl parçaları biri-birinə tikib-calayıb üzərinə tabaşirlə ay-ulduz çəkərmiş, “bu bizim milli bayrağımızdır”, deyirmiş. Anası Teyyibə xanım isə qızının bu hərəkətindən narahat olarmış.

 

Allah Qaratel üçün çox faciəli bir tale yazıbmış. Bir gün 3 uşaq atası olan qardaşı, qardaşdan çox can sirdaşı olan Məhəmməd öz həmkəndlisi tərəfindən öldürülür. Və tale elə gətirir ki, Qaratel qardaşının üç uşağını böyütməli olur. İşindən belə ayrılır. Ancaq onların tərbiyəsi ilə məşğul olur, həyatını onlara həsr edir. Ömrünün sonunacan ailə həyatı qurmur.

 Bu faciənin ağrı-acısı keçməmiş Qaratelin doğma Aşağı Əskipara kəndi uğrunda ağır döyüşlər başlayır. Həmin vaxt kənd dörd bir tərəfdən erməni mühasirəsindəydi.

Əslində ermənilər Aşağı Əskiparanı çoxdan ələ keçirmək istəyirdilər. Strateji mövqedə yerləşən bu kənd Ermənistanın bir neçə rayonunu birləşdirən yolun üstündə yerləşirdi. Həmin ərəfədə ermənilərin hücumlarının qarşısını almaq üçün kənd cavanlarından ibarət könüllü özünümüdafiə batalyonu yaradılır. Qaratel və qardaşı Məhəmmədin oğlu Şahin də batalyona üzv olurlar.

 Həmsöhbətimiz Bəxtiyar müəllim deyir ki, ilk günlər Qaratel batalyonda döyüşçülərin yeməyini bişirir, paltarlarını yuyurdu. Kənddə ərzaq çatmayanda qonşu kəndlərə, Qazaxa gedib döyüşçülərə ərzaq daşıyırdı. Çalışırdı ki, onlar ac qalmasın.

 

Günlər keçdikcə döyüş yoldaşlarından silahdan istifadə etməyi öyrənir. Artıq zərif çiyinlərində avtomat gəzdirməyə başlayır.

 

Batalyonun komandiri Fəzail Əliyevin dediyinə görə, 1992-ci il iyunun 8-də ermənilər Aşağı Əskiparaya tank və toplardan istifadə etməklə hücuma keçirlər. Hərəyə bir avtomat və 2 ədəd də qumbaraatandan ibarət sursatı olan batalyon erməniləri böyük itki verərək geri çəkilməyə məcbur edir. Həmin döyüşdə Qaratel də iştirak edir.

Gənc qızın ermənilərlə üzbəüz döyüşə girməsi təbii ki onun yaxınlarını da narahat edirdi. Ən çox narahat doğuran məqam isə onun əsir düşmə ehtimalı idi. Amma hamıya deyirmiş ki, narahat olmayın, ermənilər məni əsir tuta bilməyəcək. Bunu isə nahaqdan demirdi. Bu məqama qayıdacağıq.

 Bir gün anası Teyyibə xanım onun yanına gəlir. Evə qayıtmasını istəyir. Amma razılaşmır. “Ermənilər qardaşımı qəbrini dağıdar, ölənəcən onu qoruyacam” deyir. Anasına da qəti şəkildə onu da deyir ki, qardaşım Məhəmmədin qəbrini qoyub Əskiparadan çıxmayacam.

 Zaman: 1992-ci il, 14 iyun.

 Həmin gün sübh tezdən Aşağı Əskiparaya şiddətli hücum başlayır. Ən ağır döyüş isə kəndin Fələməz deyilən yerində gedir. Qaratel də məhz həmin yerdə mövqe tutan döyüşçülərin arasında olur. Günortaya yaxın döyüşçülərin silah-sursatı tükənməyə başlayır. Xüsusən də əldə olan iki qumbaraatanın mərmisinin bitməsi onları çətin vəziyyətə salır. Həmin mövqedə vuruşan əsgərlərə rəhbərlik edən Yaşar Qasımov başqa əsgərlərə qumbaraatan mərmilərinin gətirilməsini əmr edir. Bu əmri isə Qaratel yerinə yetirməli olur. Döyüş yenidən qızışır. Amma qüvvələr qeyri-bərabər olduğundan onlar geri çəkilirlər. Yaşar Qasımov Qaratelə nəinki səngəri, ümumiyyətlə, kəndi tərk etməsini əmr edir. Amma Qaratel döyüşü davam etdirir.

 

Ermənilər onları hər tərəfdən sıxışdırsalar da, son ana qədər döyüşürlər. Qaratel, Alı, Mərdan, Şəmistan qəhrəmanlıqla həlak olurlar.

 

Qaratelin son dəqiqələrinə şahidlik edənlərin dediyinə görə, ermənilər onu diri tutmaq istəyirmiş. Hətta bir-birinə qışqırırmışlar ki, bu qarayanız qadın muzdlu döyüşçüdür, onu diri ələ keçirin. Amma buna nail ola bilmirlər. Qaratel əvvəlcə köynəyinin yaxalığına tikdiyi zəhəri içir və dərhal da gülləylə özünü vurur. Ermənilər onun, Alının, Mərdanın, Şəmistanın meyitlərini götürüb gedirlər. Bundan başqa Vəli adlı bir döyüşçünü də əsir aparırlar.

 Onların meyitini bir də iki həftədən sonra dəyişə bilirlər. Amma burda da maraqlı situasiya yaranır. Onlar əllərində olan meyitin Qaratel olduğunu bilmirlər.

 Həmsöhbətimiz Nuru kişinin dediyinə görə, əgər bilsəydilər, meyiti yəqin ki, verməyəcəkdilər. “Çünki rəhmətliyin başına külli miqdarda pul qoymuşdular. Ermənilərlə danışıqlarda onlar deyiblər ki, bu qız ratsiya ilə bizi söyüb hədələyən Qarateldirmi? Danışığa gedənlər “yox” cavabı veriblər. Onların əllində olan meyitin Hava adlı qadın olduğunu deyirlər. Məhz bundan sonra onlar meyitləri dəyişməyə razılaşıblar”.

 

Qarateli Bakıda Şəhidlər Xiyabanında dəfn edirlər. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Azərbaycan bayrağı” ordeniylə təltif olunur...

 

***

 Sabah isə başqa döyüşçülərdən bəhs edəcəyik. Erməniləri yuxusunu qara gətirmiş döyüşçülərdən. “Villi” ləqəbli batalyon komandirindən, “Mixaylo” ləqəbli Azərdən, Nofəldən...

 Lent.az-da qalın. Hələ sizinlə bərabər İncə dərəsini də gəzəcəyik. Çox maraqlı olacaq....

 

 Bakı-Qazax

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8817
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar