Çanaqqala Onsekiz Mart Universiteti İdman Elmləri Fakültəsi tələbəsi Mehmet Özçetin, təhsilindən sonra qayıtdığı məmləkəti Afyonkarahisarda yoluxduğu koronavirusa 10 gün xəstəxanada və 14 gün evdə karantində keçirərək qalib gəlib. Özçetin 3 ay keçməsinə baxmayaraq, idman edərkən hələ də ağciyərlərində ağrı hiss etdiyini söyləyib.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 21 yaşlı Mehmet Özçetin koronavirus epidemiyası səbəbiylə distant təhsilə başladıqdan sonra martın 19-da məmləkəti Afyonkarahisara qayıdıb. Mehmet Özçetində COVID-19 simptomları məmləkətinə qayıtdıqdan 14 gün sonra öskürək və yüngül baş ağrısı ilə başlayıb.
Özçetin 2 gün özünü avtomobildə karantinə alıb və ailəsi də daxil olmaqla heç kimlə görüşməyib. Özçetin Afyonkarahisar Dövlət Xəstəxanasına gedərək COVID-19 testindən keçib və analizlərin cavabı müsbət olduğuna görə, aprelin 1-də müalicə olunmağa başlayıb. Müalicədən sonra sağalaraq aprelin 10-da evə buraxılıb və 14 gün evdə karantində qalıb.
Bu müddət ərzində yaşadıqlarını danışan Mehmet Özçetin, bunları söyləyib:
"Bu müddət ərzində ictimai həyatın nə qədər qiymətli olduğunu və insan sağlamlığının hər şeydən daha dəyərli olduğunu başa düşdüm. Hazırda nəfəs alma məşqlərimə çox diqqətlə yanaşıram. Çünki koronavirusun təsirini hələ də görürəm. Xüsusilə idmanla məşğul olduğum və qaçdığım zaman ağciyərlərimdə ağrı hiss edirəm. Buna görə daha diqqətli olmağa çalışıram. Səhhətimə, təmizliyimə çox diqqət edirəm. Çünki o ən vacibidir".
Nəfəs almanın çox dəyərli olduğunu dilə gətirən Mehmet Özçetin, "İnsan nəfəs almağı dünyalara belə dəyişdirməməyi öyrənir. Həyatını buna uyğun şəkildə formalaşdırır. Nəfəsin nə qədər qiymətli olduğunu bir daha dərk edir. İstəyirəm ki, insanlar maskaların və sosial məsafələrin nə qədər vacib olduğunu başa düşsünlər. Ümid edirəm ki,insanlar bu virusa tutulmadan həyatın və bir nəfəsin nə qədər dəyərli olduğunu başa düşər. Xəstəlik müddətimdə dörd divar arasında ictimai həyatın nə qədər dəyərli olduğunu başa düşdüm. Çünki belə vəziyyətdə ən çox bir neçə insan görmək üçün darıxırsan” - sözlərini də əlavə edib.