“Мən Mariha ilə Moskvada tanış olmuşam. Əslən Mərakeşlidir. Amma Parisdə böyüyüb. Azərbaycanda çoxlu qız dostlarım vardı, hətta evlənmək üçün ürəyimdən keçənlər də oldu. Mariha müsəlmandı, ərəbdir. Mühafizəkar ailədə böyüyüb. Bununla belə, bizim ailə-məişət problemimiz onlarda yoxdur. Necə deyrələr, nə qayınana amili, nə də gəlin-baldız kimi didişmələr. Nə də bir-birindən dəbdəbəli geyinmək dərdi. Biz çox rahatıq. Heç bir kompleksimiz yoxdur. Bizdə isə belə deyil”.
Bunu sosial şəbəkələrdən tanış olduğumuz Cavid Nəzərov yazıb. O, artıq 4 ildir Moskvada yaşayır, işləyir. Və xoşbəxtdir.
Cavid kimi əcnəbi qadınla eşq yaşayan minlərlə azərbaycanlı kişi var. Sözsüz ki, əcnəbi ilə sevgili olan, ailə quran qızlarımız da az deyil. Amma bu danılmaz faktdır ki, kişilərin əcnəbi qadınlara meyli, sevgisi uzun illər öncədən başlayıb. Bəs buna səbəb nədir? Əcnəbi qadınlar Azərbaycan xanımlarından nə ilə fərqlənir? Bu marağın kökündə nə durur?
Lent.az-ın əməkdaşı bununla bağlı bir neçə tanınmışın fikirlərini öyrənib. Əvvəlcə bu məsələyə qadınların münasibətini öyrənmək istədik. Xalq artisti Tünzalə Ağayeva düşünür ki, azərbaycanlı kişilərin diqqətini daha çox rus qızları çəkir:
“Düzü, əsas səbəb odur ki, millət olaraq biz bir dönəm bir-birimizin içində yaşamışıq, qonşu dövlətlərik. Fransalı, yaxud amerikalı bir xanımı görmək üçün onun ölkəsinə getmək lazımdır. Amma ruslar, gürcülər burada da yaşayırlar. Yəni Azərbaycan kişilərinin əcnəbi qadınlara, xüsusilə də rus xanımlarına diqqəti, marağı, sevgisi o dönəmlərdən başlayıb”.
Müğənni Xatirə İslam da kişilərin əcnəbi qadın sevdasını təsdiqləyir:
“Məsələn, mənim həyat yoldaşım deyir ki, bir fincan kofeni qoyaq qabağımıza, oturub bir saat söhbət edək. Mən səbirsiz adamam. Mənimki odur ki, ət çəkə-çəkə söhbət edim. Əcnəbi xanımlar, adətən nazlı-qəmzəli olurlar. Biz isə evdar oluruq. Yəqin ki, kişilərə də nazlı-qəmzəli xanımlar maraqlı gəlir”.
Tanınmış ifaçı Dilarə Kazımova isə bu mövzuların ona yad olduğunu deyir:
“Əslinə qalsa, heç vaxt bu barədə düşünməmişəm. Cavabını da bilmirəm. Sadəcə onu bilirəm ki, Azərbaycan kişiləri Kiyev, yaxud Moskvaya getməyi çox sevirlər. Onu da deyim ki, artıq bunu qadınlar da normal qəbul edirlər. Daha heç yerə gedə bilməyəcəklər. Çünki yollar bağlıdır”.
Kişilər bu barədə nə deyir?
Deputat Fazil Mustafa kişilərin əcnəbi qadına eşq bəsləmələrinin kökündə qarşılaşdıqları diqqətsiz münasibətlərin olduğunu deyir:
“Azərbaycanda cəmiyyət bir qədər qapalıdır. Ailə quruluşu da bizdə bir qədər fərqlidir. Bəzən kişilər ailələrində yaşanan problemlərə görə özlərinə xoşbəxtliyi başqa yerdə axtarırlar. Əcnəbi qadınlara meyil bundan qaynaqlana bilər. Bəziləri isə daha intelektual biri ilə münasibətdə olmaq istəyir. Yəni insanlar fəqlidir. Onların seçimləri də müxtəlifdir. Amma mən deyərdim ki, Azərbaycanda bu məsələ özünü daha çox bayağı həyat sürən insanlarda büruzə verir. Belə insanlar üçün əslində qadının əcnəbi, yaxud azərbaycanl olmasının fərqi yoxdur".
İndi də bu məsələyə dini tərəfdən baxaq. İlahiyyatçı İsmail Əhməd belə izdivaclarda heç bir nöqsan olmadığını söyləyir:
“Əgər söhbət rus xanımlarından gedirsə, məsələ aydındır. Bu təmayül, əsasən orda işləməyə gedənlərdə müşahidə olunur və səbəbi də çox sadədir. Çünki uzun müddət ev-eşiyindən uzaq düşən cavanlar ya orada qeydiyata durmaq səbəbilə - 80 faizi belədir - ya da bir insan olaraq ehtiyac üzündən rus qadınlarına üz tutmalı olurlar. Çünki artıq başqa seçim yoxdur. Məsələn, mən gürcülər yox, amma ruslarla tanış olduğumdan ümumi deyə bilərəm ki, rus qadınları bizim qadınlar kimi tələbkar və dəbdəbəli həyat sürən olmur. Çox sadə həyat onları qane edir. Bu da kişilərin onlara meyil etməsinin əsas səbəblərdən biridir. Əlbəttə, orda da əlçatmaz, oliqarx xanımlar var. Amma söhbət ümumi gedirsə, səbəblərdən birini də bunda görürəm. Əgər söhbət dini baxımdan gedirsə, onu deyə bilərəm ki, dövlət qanunları çərçivəsində əlaqə yaranıbsa, burda hər hansı nöqsan yoxdur. Əsas odur ki, bundan sui-stifadə olunmasın”.
Psixoloq Əfsanə Rüstəmova bütün bu təzadlı fikirlərə geniş aydınlıq gətirib. Onun sözlərinə görə, belə münasibətlərə yönələn kişilərin çoxu dünyəviləşmək arzusunda olanlardır:
"Əslində məsələnin kökünə ensək, tarixin ən tozlu səhifələrində də bu cür evliliklərlə rastlaşa bilərik. Sultanlar, padişahlar dönəmində də əcnəbi xanımları ilə izdivac aktual idi. Düzdür, o zamanlar bu evliliklər siyasi motivli idi. Amma bu cür nikahların təməli elə o dönəmlərdən qoyulub. Bəs o zamanlar siyasi motiv güdən evliliklər bu gün niyə aktualdır? Burda belə bir məsələ ortaya çıxır. Nə qədər qəbul etməsək də, biz mental dəyərlərin idarə etdiyi bir cəmiyyətdə yaşayırıq. Hər gələn nəsil bir öncəki ilə çaxnaşma yaşayır. Bu çaxnaşmanın kökündə isə mental məcburiyyətlər dayanır. Gözünü açıb milli adətlərlə, milli qanunlarla idarə olunan ailə modeli görən oğlan (qız) öz taleyinin eyni cür olmasını istəmir. Əlbəttə, burda sosial medianın, sosial şirnikləndirmənin də böyük rolu var. Mediadan tanınan əcnəvi cütlüklərin münasibət üslubu gənclərin seçiminə təsir edə bilir.
Etiraf edək ki, bizim qadınlarımız daha çox anadır, dostdur, yoldaşdır, amma sevgili-partnyor anlamında uyğun görülməyə bilir (Burda yenə onların böyüdülərkən məruz qaldığı mental məcburiyyətlər günahkar sayılmalıdır.) Daha bir səbəb kimi ölkə dəyişmək, övladlarını fərqli mühitdə böyütmək, gələcəyin qarantiyası kimi də anlam yükləmək olar belə izdivaclara. Müsbət tərəflərini dediyimiz kimi, gərək mənfi tərəflərini də qeyd edək bu cür münasibətlərin. Nə qədər bəyənməsələr də, bu günə qədər bu cür mental-dini dəyərlərlə böyüyən gənclərin anidən qabıq dəyişdirməsi onlar üçün çətin olur. İlk başdan asan qəbullanaram deyə görülən şeylər bir müddət sonra problemə çevrilə bilir. Belə olan halda isə xoşagəlməz, arzuolunmaz sonluqlar yaşanır”.
Niyə Azərbaycan kişiləri xarici qadınlara, xüsusilə də us qadınlarına meylli olurlar. Amma qadınlarımızda buna çox az rast gəlirik. Buna səbəb nədir? Azərbaycan qadını ilə xarici qadınlar arasındakı fərq nədədir?
“Nəzərə almaq lazımdır ki, bizim Rusiya ilə hər zaman sıx əlaqələrimiz olub. Azərbaycan kişiləri uzun müddət həm yaşamaq, həm də müvəqqəti işləmək üçün Rusiyaya üz tutublar. İndi də Rusiyaya işləməyə gedən insanlarımız var. Şübhəsiz, gedənlərin bir qismi ailə ilə deyil, tək gedirlər. Orda olduqları müddətdə təkcə işləmirlər, həm də digər insanlarla ünsiyyətdə olurlar. Onların ünsiyyətdə olduğu əks cinsdən olan xanımlar daha çox rus və digər slavyan xalqlarının nümayəndələri olur. Bizdə slavyan xanımları ilə ailə quran kifayət qədər kişilər var. Bir qismi Azərbaycanda, bir qismi də MDB ölkələrində yaşayır. Məsələ bir gündə ortaya çıxmayıb. Nəzərə almaq lazımdır ki, 70 il biz Rusiyanın tərkibində olmuşuq. Rus xanımlarının Azərbaycan kişiləri, onların ailə dəyərləri haqqında yetəri qədər bilgiləri var. Onlar Azərbaycan kişilərinin nə qədər ailəyə bağlı olduğunu, ailə dəyərlərini qoruduqlarını gözəl bilirlər. Ona görə də onlar Azərbaycan kişilərinə hər zaman istiqanlı yanaşıblar. İllərlə yaranan bu düşüncə indinin özündə də davam edir. İnternet əsrində yaşadığımızdan bugün ünsiyyət qurmaq üçün Rusiyaya getməyə ehtiyac qalmır. Elə İntenretdən tanış olurlar, qonaq gedirlər, qonaq dəvət edirlər. Proses təkcə rus xanımları ilə məhdudlaşmır. Bura MDB dövlətlərini, Avropanı, Amerikanı da daxil edə bilərik. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi, niyə bunu etmələri, dolayısı ilə psixoloji motividir. Nəzərə almaq lazımdır ki, biz bunu bütün kişilərə şamil edə bilmərik. Bunların hər birinin özünü fərdi psixoloji səbəbləri var.
Azərbaycan xanımları haqqında bu fikirləri demək doğru olmazdı. Çünki Azərbaycan xanımlarının ruslarla ailə qurma faktına az rast gəlinir. Səbəb də din, dil, adət-ənənədir. Ancaq bizdə xanımlar içərisində Türkiyə, eləcə də İran, ərəb və digər ölkələrin vətəndaşları ilə ailə quran var. Bunun özü də məsələyə kişi və qadın prizmasından yanaşdıqda ortaya çıxan fərqi göstərir. Azərbaycan xanımı üçün münasibət qurma prosesində aparıcı motiv ailə qurmaqdı”.
Sonda qeyd edək ki, sevginin dili, dini, irqi olmur. Yetər ki, doğru yerdə doğru adamla bu duyğuları paylaşasan.