İnternat müəssisələrindəki uşaqlar ailələrinə verilib - Ombudsman
06 aprel 2020 20:17 (UTC +04:00)

İnternat müəssisələrindəki uşaqlar ailələrinə verilib - Ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı fəaliyyəti çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumat yayıb.

Lent.az bildirir ki, bu barədə qurumun rəsmi səhifəsində xəbər verilib.

Yayılan məlumatda aşağıdakılar qeyd edilir:

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal pandemiya kimi bütün xalqlar və dövlətlər üçün real təhlükə mənbəyinə çevrilib. Əhalinin sağlamlığının qorunması istiqamətində mübarizə xarakterli və profilaktik tədbirlərin həyata keçirilməsi dövlətlər üçün strateji prioritet kimi çıxış edir.

Azərbaycan Respublikasında da pandemiyanın qarşısının alınmasına əsaslanan yanaşmalar Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılıb, ölkə başçısının göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər davam etdirilir, preventiv və effektiv tibbi xidmətlərin təşkili işi gücləndirilməkdədir.

COVID-19 infeksiyasının yayılması qlobal pandemiyanın fəsadlarının uşaq hüquqları prizmasından da araşdırılmasını zəruri edir. Bu fəaliyyət adekvat tədbirlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı koronavirus pandemiyasının gedişatı uşaqların qloballaşmış infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda daha həssas olduqlarını göstərir.

Bu baxımdan, ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhali qruplarının hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təmini məsələsini monitorinq edir.

Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrindəki mövcud vəziyyət nəzarətdə saxlanılmaqla, mövcud imkanlar, uşaqların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri və əlilliyi olanların da vəziyyəti nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılmış, məsul şəxslər və qurumlarla müzakirələr aparılıb.

Bu ərəfədə internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib, uşaq evlərində yaşayan və ailələrinə verilmiş uşaqların müəssisələrə geri qayıdışı dayandırılıb, digər qrup müəssisələrdə isə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri gücləndirilib.

Araşdırmanın yekunu olaraq verilmiş tövsiyələrdə Uşaq Hüquqları Konvensiyasına, COVID-19-la bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığın Təlimatına, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitənin (SPT) töviyəsinə və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) qəbul etdiyi prinsiplər əsasında uşaq evlərində, təhsil, səhiyyə və sosial xidmət müəssisələrində yaşayan uşaqlar və onlarla işləyən şəxslərin pandemiya ilə bağlı bacarıqlara əsaslanan məlumatlandırılmaları, uyğun rəftar və saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, təminat və digər məsələlərlə bağlı müraciətlərin, internet və telefon vasitəsilə alternativ ünsiyyət imkanlarının təmin edilməsi, tibbi və digər sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məsələləri yer almışdır.

Qeyd olunmalıdır ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar uşaqların, habelə onların valideynləri və ya qanuni nümayəndələrinin Ombudsmana əlçatanlığı təmin edilmişdir. Onlar 24 saat ərzində fəaliyyət göstərən qaynar xətlər (012-916 və 050-370-98-96) vasitəsilə Müvəkkilə müraciət imkanına malikdirlər. Eyni zamanda, uşaqların maraqlarını təmsil edən şəxslər elektron qaydada və sosial şəbəkələr (facebook, twitter) vasitəsilə Müvəkkilə müraciət edə bilirlər.

Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin yerləşdikləri və əhatə etdikləri ətraf rayonlar, şəhərlər üzrə fəaliyyəti regionlardan olan müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından əhali qrupları üçün əlavə imkanlar yaradır.

COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər dövlət və cəmiyyətdən, bütövlükdə ayrı-ayrı insanlardan həmrəylik, birgə əməkdaşlıq və məsuliyyət tələb edir. İnsan hüquqları kontekstində əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının təmini insanların sağlamlığının qorunması yönündə tədbirlərin effektivliyi baxımından böyük önəmə malikdir.

Biz birlikdə güclüyük!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1900
avatar

Oxşar yazılar