Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb və hazırda buraxılış imtahanları keçirilir. Məlumdur ki, bu il pandemiya səbəbilə həm repetitor, həm də kurslarda hazırlıqların keçirilməsi qadağan olundu. Əvəzində həmin hazırlıqlar virtual qaydada davam etdirildi. Maraqlıdır, bütün bunlara görə bu il qəbul imtahanları üçün sənəd verənlərin sayında azalma olub? Pandemiya tələbə olmaq istəyənlərin bu arzusunu təxirə salıb?
Məsələ ilə bağlı Lent.az-a danışan təhsil eksperti bu il ali məktəblərə sənəd verənlərin sayında artım olduğunu bildirib:
“Pandemiya olmasına baxmayaraq, bu il ali və orta ixtisas məktəblərinə sənəd verənlərin sayı ötən illə müqayisədə artıb. Bu il birinci qrupa sənəd verənlərin sayı 30917 nəfər olduğu halda, ötən il bu rəqəm 27824 idi. İkinci ixtisas qrupu üzrə bu il sənəd verənlərin sayı 14180 nəfər idisə, keçən il onların sayı 12388 nəfər təşkil edib. Gördüyünüz kimi, hər iki qrupa sənəd verənlərin sayında bu il artım olub.
2020-ci ildə üçüncü ixtisas qrupuna qəbul olmaq üçün 22568 abituriyent sənəd vermişdisə, keçən il həmin ixtisas qrupuna sənəd verənlərin sayı 20810 nəfər olub. İxtisas qrupları arasında ən az sənəd qəbulu sayı dördüncü ixtisas qrupundadır. Bu il həmin qrup üzrə 5156 nəfər sənəd verib. 2019-cu ildə isə bu rəqəm 4784 nəfər idi. Ən böyük artım beşinci qrup üzrə müşahidə olunub. Belə ki, 2019-cu ildə 50074 abituriyent sənəd verdiyi halda, 2020-ci ildə eyni qrup üzrə sənəd verənlərin sayı 57635 nəfərdir”.
Kamran Əsədovun sözlərinə görə, builki imtahanlardan sonra xeyli abituriyent kəsiləcək:
“Ancaq bu il ötən ilə nisbətən plan yerlərində də dəyişiklik var. Məsələn, birinci qrup üzrə 14475, ikinci qrup üzrə 13375, üçüncü ixtisas qrupunda 11200, dördüncü qrupda 3315, beşinci qrup üçün isə 3393 plan yeri ayrılıb. Bütün bunları nəzərə alsaq görərik ki, bu il qəbul imtahanlarından sonra xeyli abituriyentin kəsilmə ehtimalı var. Məsələn, birinci qrupda plan yeri ilə abituriyentlərin sayında fərq böyükdür. Abituriyentlərin nisbətən şanslı olduqları qrup ikincidir. Həmin qrupda tələbə olanların sayı daha çox olacaq.
Ən gərgin vəziyyət üçüncü ixtisas qrupunda qeydə alınacaq. Orada 22 mindən çox abituriyent sənəd versə də, plan yerlərinin sayı 11 min ətrafındadır. Pandemiya ilə əlaqədar, repetitor və ya kurslarda hazırlıqlara fasilə verilməsindən əlavə, qəbul imtahanlarından sonra ciddi müsabiqə mərhələsi olacağı qaçılmaz olacaq”.