İyun ayının 15-də Avropa Kosmik Agentliyinin (AKA) Günəş araşdırma missiyası olan “Solar Orbiter” gəmisi Günəş və Yer arasındakı məsafənin təxminən yarısına qədər - 77 milyon kilometr məsafəyə çataraq ulduza ilk yaxınlaşmasını edib.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən məlumata görə, bu yaxınlaşmada Günəşə ən yaxın nöqtədə (periheli nöqtəsi) alimlər kosmik gəmidə yerləşən altısı teleskop olmaqla 10 elmi cihazı sınaqdan keçirəcəklər. AKA-nin “Solar Orbiter” missiyasının tədqiqatçılarından Daniel Müllerin sözlərinə görə, iyulun ortalarında ictimaiyyətə yayımlanacaq şəkillərin Günəşin bu günə kimi ən yaxından çəkilmiş şəkilləri olacaq.
Onun sözlərinə görə: “Günəşin heç vaxt belə yaxın məsafədən şəkilləri çəkilməyib. Düzdür bu ilin əvvəllərində Havayda yerləşən 4 metrlik Günəş teleskopu vasitəsi ilə Günəşin çox yüksək ayırdetməli şəkilləri alınıb. Lakin Günəşlə teleskop arasında atmosfer olduğudan Yerdən çəkilən bu şəkillərdə biz kosmosdan çəkdiyimiz Günəş spektrinin yalnız kiçik bir hissəsin görə biləcəyik”.
Bundan əlavə NASA-nın 2018-ci ildə istifadəyə verdiyi “Parker Solar Probe” da Günəşə çox yaxınlaşır lakin kosmik aparatda Günəşə birbaşa baxa bilən teleskoplar yoxdur. Bundan əlavə bizim ultrabənövşəyi oblastda çəkən teleskoplarımız, Yerə yaxın bir orbitdən Günəşin yüksək ayırdetməli şəkillərini çəkən NASA Solar Dynamic Observatory (SDO) ilə eyni keyfiyyətə malikdir. Hazırda Günəşə qədər məsafənin yarısında olduğumuz üçün bu yaxınlaşma zamanı şəkillərimiz SDO-nun çəkdiyindən iki dəfə keyfiyyətlidir. İlk dəfə bütün teleskoplarımızdan alınan görüntüləri bir araya gətirərək, Günəşin səthi, xarici atmosferi və ya tacı və daha geniş heliosfer kimi onu əhatə edən müxtəlif hissələrini tamamlayan məlumatları necə aldıqlarını görəcəyik".
Tədqiqatçılar kosmik gəminin ətrafındakı mühitin - maqnit sahəsi və günəş küləyini meydana gətirən zərrəciklərin xüsusiyyətlərini öyrənmək üçün yerləşdirilmiş 4 cihazdan alınmış məlumatları da təhlil edəcəklər.
AKA-nin “Solar Orbiter” layihəsinin elmi işlər üzrə direktoru Yanis Zouganelisin sözlərinə görə: "Yerində ölçmə aparan cihazlarımızın ilk dəfə Günəşə çox yaxın məsafədə işləməsi, bizə Günəş küləyinin quruluşu və tərkibi haqqında bənzərsiz məlumatlar verəcək. Bu ölçmələr, sadəcə bir sınaq deyil, biz yeni və maraqlı nəticələr gözləyirik".
Bu il fevralın 10-da missiyasına başlayan “Solar Orbiter”, iyunun 15-də istismara verilmə mərhələsini tamamlayıb və 2021-ci ilin noyabr ayına qədər davam edəcək üzmə fazasına başlayacaq. Sonrakı əsas elmi mərhələdə kosmik gəmi Günəş səthinə 42 milyon kilometr yaxınlaşacaq ki, bu isə Merkuri planetindən daha yaxındır.
“Solar Orbiter” operatorları Veneranın cazibə qüvvəsindən istifafə edərək kosmik gəminin orbitini dəyişərək, Günəş Sistemi planetlərinin yerləşdiyi ekliptika müstəvisindən tədricən çıxaracaqlar. Bu uçuş manevrləri “Solar Orbiter”ə Günəşə daha yuxarı en dairələrindən baxmağa və ilk dəfə qütblərdən düzgün məlumatları almaqa imkan verəcək. Qütb bölgələrindəki fəalllığın öyrənilməsi alimlərə ümumilikdə Günəş Sisteminə təsir göstərən Günəş küləyinin yaranmasına səbəb olan Günəşin maqnit sahəsinin hərəkətini daha yaxşı başa düşməyə kömək edəcək.
Kosmik gəmi hazırda Yerdən 134 milyon kilometr məsafədə olduğundan, bu yaxınlaşmada alınan görüntülərinin yüklənməsi üçün təxminən bir həftə vaxt lazımdır. Daha sonra alimlər şəkilləri tədqiq etdikdən sonra iyul ayının ortalarında ictimaiyyətə təqdim edəcəklər.