Gənc alpinist: ”Bu gün bu zirvəni fəth etdik, sabah isə...”
24 avqust 2020 17:11 (UTC +04:00)

Gənc alpinist: ”Bu gün bu zirvəni fəth etdik, sabah isə...”

“Hər birimiz müharibədə lazımlı olacaq insanlarıq. Məhz dağlara da buna görə gedirik. Şeirdə də deyildiyi kimi - bu gün bu zirvəni fəth etdik, sabah da şəhidlik zirvəsini fəth edəcəyik”. 

Bu sözləri artıq 8 ildir alpinizmlə məşğul olan Qərib Tağızadə deyir. Ərsəyə gətirdikləri layihədən Lent.az-a söz açan alpinist bildirib ki, bu, hazırlanan ilk iş deyil. Dəfələrlə belə layihələri olub. Amma bu layihə tamamilə fərqlidir. Çünki... 

“Biz hər il 8 avqust Beynəlxalq Alpinizim günü ilə əlaqədar çalışırıq ki, zirvələrdə, dağlarda, ən azı təbiətlə təmasda olaq. Sözsüz ki, bu il də bunu planlamışdıq. Amma hansı zirvə olacağına qərar verməmişdik. İyul hadisələri ciddi dərəcədə bizi üzdü. İyulun 12-15-də erməni terrorçuların Tovuz rayonuna təcavüzü nəticəsində igid oğullarımızı şəhid verdik. Biz də qərar verdik ki, bu ilki alpinizim günümüzü bayram olaraq qeyd etməyək. Bu zirvəyə dırmanmanı şəhidlərimizə həsr edək”.

Layihənin hazırlanma təklifini irəli sürən Qərib, ona rejissorluğu da özü edərək videoya alır. Onun sözlərinə görə, bu layihənin hazırlanması üçün böyük madiyyata ehtiyac olub:

“Amma mənimlə birlikdə bu işin ərsəyə gəlməsində əziyyət çəkənlər də oldu. Alpinistlərdən Firuz Dadaşov, Ramil Lətifoğlu da mənimlə birlikdə zirvəyə qalxanlardılar. Hələ kadr arxasında əziyyəti keçənləri demirəm. Rejissor işi barədə Elçin Ağazadə öz məsləhətlərini əsirgəmədi. Sübhan Lətifovun bizə çox köməyi dəydi. Məhz şəhidlərin fotosunun yer aldığı bayrağın hazırlanmasında o, bizə kömək etdi. Sonluqdakı şeiri Xəzər Süleymanlı səsləndirib. Bu şeiri ərsəyə gətirən müəllif Hacı Arif Buzovnalı da bizdən heç bir qonorar almadı. Və ilk dəfə şeir bu layihədə səsləndi. Mövzu şəhidlər oldusa, hamı heç bir təmənna gözləmədən kömək etdi. Amma hansı ki, bu layihənin ərsəyə gəlməsi üçün ciddi vəsait tələb olunurdu”.

Ortaya qoyduqları işin ərsəyə gəlməsi üçün xeyli vaxt sərf etdiklərini deyən alpinist, nəticəsinin də ürəkaçan olduğunu bildirdi:

“Hardasa 3 gün biz bu layihəyə vaxt sərf etdik. Yəni zirvəyə qalmağa. Quba rayonunun Xınalıq kəndində olan əraziləri, Şahyaylağı və Şahyatağı adlı məkanlarda olduq. Fəth etdiyimiz və şəhidlərimizin fotoları həkk olunan bayrağı sancdığımız zirvə 4126 metr hündürlükdə olan Bazaryurd dağıdır. Videonun ərsəyə gəlməsi üçün 10 günə yaxın vaxt sərf olundu”.

Təbii ki, hər bir layihə kimi bu işin də ötürdüyü bir mesaj, videoda istifadə olunan hər bir cümlənin, hərəkətin bir mənası var.

“Layihənin, videonun ötürdüyü mesaj ondan ibarətdir ki, Dağlıq Qarabağ adından da məlum olduğu kimi dağlıq ərazidir. Ali Baş Komandanın əmrindən sonra hamımız bir nəfər kimi işğal altında olan torpaqlarımızın geri alınması uğrunda döyüşmək istəyirik. Və biz bunu yaxşı başa düşürük ki, dağlıq ərazidə fiziki cəhətdən ən yaxşı hərəkət edə bilən insanlar alpinistlərdir. Təbii ki, bizim güclü ordumuz var. Onlar hər zaman ayıq və sayıq torpaqlarımızın keşiyindədilər. Amma lazım gələrsə, biz də bu işdə hər zaman varıq. Biz hazırda onsuzda dağlara gedirik. Bu bizim sevərək həyata keçirdiyimiz bir hobbi və məşğuliyyətdir. Yəni bununla göstərmək istəyirik ki, biz hər birimiz müharibədə lazımlı olacaq insanlarıq. Və məhz dağlara da buna görə gedirik. Şeirdə də deyildiyi kimi bu gün bu zirvəni fəth etdik, sabah da şəhidlik zirvəsini fəth edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2869
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar