Elektron alış-verişin üstünlükləri nələrdir? 
30 iyun 2020 15:43 (UTC +04:00)

Elektron alış-verişin üstünlükləri nələrdir? 

“Diqqət etdiyim məqamlardan biri məhsulun nə qədər müddətə çatdırılmasıdır. Ətir sifariş edəndə, gec gəlməsi məni narahat etmir. Amma yeməyin gec çatdırılması düzgün deyil. Bəlkə acından ölürəm”.

Bunu elektron alış-verişdən mütəmadi istifadə edən Ceyhun Əzimov deyir. Onun sözlərinə görə, alış-verişin bu üsulu çox sərfəlidir. Amma gərək bəzi məqamlara da diqqət edəsən:

“İlk növbədə sifariş etdiyim sayt haqqında araşdırma aparıram. Nə qədər güvənli olmasına əmin olmalıyam. Ondan sonra sifariş etdiyim məhsulun açıqlama hissəsinə baxıram. Mənə yetərli açıqlamalar olmalıdır. Əslində hər kəs əvvəlcə qiymətinə baxır, amma mən onu ikinci plana atıram. Əgər məhsul ürəyimcədirsə, pul verməyə dəyər. Digər müştərilərin həmin məhsul haqqında fikrləri daha çox maraqlı olur. Yaxşı yazanlarda olur, pis yazanlar da. Çoxu sifarişin gec gəlməsindən narazılıq edir”. 

Bu gün bir çox insan ehtiyaclarını ödəmək üçün lazım olan məhsulları onlayn şəkildə əldə edir. Kommunal xərclərin ödənilməsindən tutmuş, ən vacib sənədlərin imzalanmasına, təsdiqlənməsinə qədər bir çox prosesləri onlayn etmək mümkündür. Bura alış-veriş də aiddir. Əvvəllər insanlar almaq istədikləri əşyalara, geyimlərə bir-bir toxunub, seçib və nəğd ödəyərək aldığı halda, indi onlayn alış-verişə üstünlük verir. 

Nəzərə alsaq ki, karantin rejimidir, heç bir mağaza və ticarət mərkəzləri işləmir, o zaman elektron ticarətə ehtiyac daha da artır. Bəs elektron alış-veriş edərkən nələrə diqqət etmək lazımdır? Pandemiyanın elektron ticarətə təsiri necə oldu?

“Limak VM” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Kamil Abışov Lent.az-a elektron alış-verişin üstünlüklərindən danışıb. Onun sözlərinə görə, müasir dövrdə demək olar bütün sahələrdə onlayn xidmət ön plana keçib:

Kamil Abışov

“Artıq harasa getməyə ehtiyac olmadan kompüter arxasında bütün işlərimizi qısa zaman sərf etməklə həll edə bilirik. Bunlardan biri də onlayn alış-verişdir. Çünki almaq istədiyiniz məhsulları onlayn sifariş etmək daha rahatdır. Mağazaya yollanmadan, nağdlaşdırma üçün növbə gözləmədən seçdiyiniz bütün məhsulları, necə deyərlər, 1 kliklə almış olursunuz. Üstəlik, onlayn mağazalar gecə-gündüz "açıqdır". Hətta xarici ölkələrin onlayn mağazalarından da məhsul sifariş etmək mümkündür. Xarici ölkələrdən edilən elektron alış-verişin üstün cəhətlərindən biri də yerli bazara nizbətdə məhsulun qiymətinin ucuz olmasıdır”.

Həmsöhbətimiz onu da bildirib ki, onlayn alış-verişin rahat və ucuz olduğunu düşünüb, bu cür xidmət göstərən bütün mağazalardan sifariş etmək olar:

“Amma unutmayın ki, keyfiyyətli və düzgün məhsul əldə edə bilmək üçün daha çox diqqətli olmaq lazımdır. Çünki malı canlı deyil, təsvirlərdən görürsünüz və toxuna bilmirsiniz. Bununla yanaşı, məsləhət ala biləcəyiniz bir satıcı da yoxdur. Buna görə də seçim etdiyiniz mağaza haqqında tam məlumata sahib olmalısınız. Çalışmaq lazımdır ki, seçim edərkən yüksək reytinqə sahib olan internet mağazalar olsun”. 

Kamil Abışov pandemiyanin elektron ticarətə təsirindən də danışıb. O bildirib ki, karantin rejimi müddətində elektron ticarətə maraq artıb:

“Pandemiya dövründə “mol”ların və ticarət mərkəzlərinin bağlanması səbəbindən elektron ticarətə daha çox üstünlük verildi. Bu da nəticədə elektron ticarətə marağı daha da artırdı. Hətta ömründə heç online alış-veriş etməyən insanlar belə bundan yararlanmağa başladılar. Bu dövrdə insanlar evdən çıxmadan belə cox rahatlıqla istədikləri məhsulları əldə edə bildilər”.

Sonda bir daha qeyd edək ki, onlayn alış-veriş etmək istəyirsinizsə, yalnız etibar etdiyiniz saytlardan istifadə etməyinizə əmin olmaq çox vacibdir. Bir məhsulu almadan əvvəl bütün onlayn mağazalar haqqında məlumatların olması, sizin daha təhlükəsiz alış-veriş etməyinizə kömək edəcəkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2788
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar